QLOBALLAŞMA BU SELƏ QAPILIB GETMƏLİYİKMİ?
Günümüzdə ən çox müzakirə edilən məsələlərdən biridir məhz qloballaşan dünyada dəyərlər və onların qorunub saxlana bilməsi məsələsi. Dini dəyərlərimiz və istəməsək də həyatda yaşamağa davam etdiyimiz müddətcə mütləq təsirini hiss edəcəyimiz “qloballaşma” prosesi ilə nə cür münasibət saxlanılmalı və ya bu məsafə necə qorunmalıdır?
Bir din olaraq İslamın əsas məqsədi və missiyası fitrətdən gələn insani dəyərləri qorumaq və bunları bir çox üstün dəyərlərlə aşılayan daha üst mərhələlərə daşıya bilməkdir. Başqa bir ifadə ilə, İslam insani dəyərlər üzərində yüksəlir. Buna görə insanın təbiətində gizli olan dəyərlərin hər hansı bir yolla zədələnməsi eyni zamanda İslamı da dərindən zədələyər. İnsanı ən vacib dəyər olaraq qəbul edən İslam, təbii olaraq, onun bədən və ruh sağlığına heç bir şəkildə zərər dəyməsini istəməz. Odur ki, İslamın üzərində işləyəcəyi əsas ünsür insandır. Bu səbəblə dinimiz İslam insanın təbii mahiyyətini və quruluşunu qorumağı, sonra da inkişaf etdirməyi hədəfləyir. Bu nöqtədə müsəlmanlar da qeyd olunan məqsədə xidmət edən hər cür fəaliyyəti dəstəkləməli və aktiv olaraq bu işin içində yer almalıdır. Hər şeydən əlavə bu xüsus dinin müsəlmanlara yüklədiyi bir vəzifədir. Ədalətsizlik və haqsızlıq qarşısında səssiz qalmamaq da İslamın xarakteristik xüsusiyyətlərindən biridir. Bu səbəblə müsəlman fərdi sosial yöndən daha aktiv olmanın yollarını araşdırmaq, digər insanların dərdləri ilə maraqlanmaq məcburiyyətindədir. Hansı ki, buna nail ola bilmənin də yolu başqalarına əl uzada biləcək maddi-mənəvi təchizata və gücə malik olmaqdan keçir. Üzmə bilməyənin boğulan birinə yardım etməsi mümkün deyil, təbii ki.
Bu yeni mərhələdə artıq müsəlman başqa bir din mənsubu, hətta bir ateist ilə ünsiyyət qurmaq məcburiyyətində qalacaqdır. Eyni vəziyyət digər təbəqələrə də aid olacaq bu vəziyyətdə. Beləliklə, bu münasibətlər zəminində dini dəyərlərini yaşamına düzgün tətbiq edənlər, onu yaxşı təmsil etmə qabiliyyəti olanlar digər fərdlər və cəmiyyətlər üzərində də öz təsir gücünü göstərmiş olacaqdır. Müəyyən idealı olan, nümunəvi yaşayış nümayiş etdirmədikcə öz cəmiyyətində və ya ətrafında söz sahibi ola bilməyəcəkdir. Belə olan halda dinlərin əxlaqi və insani yönü özünü daha da göstərmiş olacaq. Bu mühitdə məcbur etmə yolları ilə hər hansı anlayışı təlqin etmə, diktə etmə metodu böyük ölçüdə öz gücünü itirəcəkdir.
Qloballaşma, gedərək inkişaf edən, genişləyərək çoxşaxəli və vazkeçilməz bir proses olaraq davam etdiyinə görə, təsiri həyatın bütün sahələrinə sirayət etməkdədir. Beləliklə, bu proses İslama və onun dəyərlərinə dünyəviləşməyi də təlqin etmə gücünü tətbiq etməyə çalışacaqdır. Qloballaşma prosesində dini dəyərlərimizin necə bir dönüşümə məruz qalacağı, bu dəyərlərin dünyəviləşmə prosesi əsnasında necə reaksiya verəcəyi məsələnin əsas məğzini təşkil edir. Başqa bir ifadə ilə desək, qatı bir sekulyarlaşma dinin dünyaya dair iddialarından vaz keçməsini, daha radikal ifadə ilə, həyatdan əl çəkməsini tələb etməklə eyni mənanı daşımalı olacaq.
Odur ki, post modern anlayışa görə, dinə yüklənən yeganə funksiya həyata anlam qazandıraraq fərdin varlıq böhranını dindirməkdən ibarət olacaq. Hər din dünyəviləşmə ilə girdiyi münasibətdən fərqli nəticələrlə çıxa bilər. Bu baxımdan dəyərləndirildiyi zaman İslamın bundan tam olaraq necə təsirlənəcəyini demək də çətin olar.
Çox sürətlə dəyişən dünyada texnologiyanın gətirdiyi imkanlar və problemlər gün keçdikcə geniş vüsət almağa davam edir. Bu imkanlar dini dəyərlərin geniş kütlələrə çatdırılmasına da geniş imkan yaradır. Bu məqsədin gerçəkləşməsi üçün dinin qlobal müstəvidə müdafiə edilə biləcək şəkildə təqdim edilməsi zəruridir. Ön mühakimədən uzaq, fərdləri bir insan olaraq idrak edən və insanın mənəvi ehtiyaclarını diqqətə ala biləcək bir münasibət sərgilənməli və bu istiqamətdə ciddi addımlar atılmalıdır. Beləliklə, müxtəlif dairələrə mənsub insanların İslam ilə tanış olmalarına da zəmin hazırlanmış olar. Bununla birlikdə bir tərəfdən müsəlmanların kimliklərini qorumasını və daha da inkişaf etdirməsini təmin edəcək fəaliyyətlər göstərmək, digər tərəfdən də bu dinə qarşı mənfi görüşlərin ortadan qaldırılması və İslamın əsl mahiyyəti daxilində bəşəriyyətə təqdim edilməsi zəruridir.
Həyat heç kimə imtiyaz tanımaz və hökmünü hər kəsin üzərində icra etməyə davam edər. Oyunu qaydalarına görə oynayan, çalışan qazanmağa davam edər. Tənbəllikdən, miskinlikdən uzaq durmaq çıxış yollarını tapmaqda önəmli bir addım hesab edilməlidir. Bu mahiyyətdə İslamın özündə var olan dinamik din anlayışının önə çıxarılıb kifayət qədər vurğulanması və inkişaf etdirilməsi, mənsublarına təşəbbüskarlıq şüurunun və ruhunun mənimsədilməsi, digər yandan, İslamın həqiqi dəyəri, vazkeçilməzliyi və digər anlayışların zəif və yetərsiz qaldığına baxmayaraq İslamın insanlar üçün gətirdiyi dəyərlərin qloballaşma prosesinin sürətlə davam etdiyi zəmində də yüksək səslə dilə gətirilməsi vacibdir. Bu prosesdə məsuliyyət sahibi hər müsəlman dövrün gətirmiş olduğu bütün bu çətinliklər fonunda dik durmağı bacarmalı, digər cərəyanların təlqin etdiyi fikir və həyat tərzinə qarşı öz dəyərləri ilə həyat tərzindən vaz keçməyərək həyatını dünya və axirət balansı daxilində davam etdirməyi bacarmalıdır.
ŞƏRHLƏR