NƏ QƏDƏR VƏFALIYIQ?
Biz kainatın Əfəndisinə (s.ə.s) könül vermişik. Onun gətirdiyi dinə iman gətirib yoluna girmişik. Artıq yeganə rəhbərimiz O (s.ə.s), izində gediləcək Əfəndimiz Odur (s.ə.s). Buyruğuna qulaq asar, əmrini tutmağa çalışar, etdiyini təqlid edib yolundan getməyə çalışarıq. Xasiyyətini, əxlaqını öyrənər, Onun kimi yaşamağa cəhd göstərərik. Onu rəhbər bilən İslam böyüklərinin yolundan gedərik.
Peyğəmbərimizin (s.ə.s) gözəl xasiyyətlərindən birinin də vəfakarlıq olduğunu çox yaxşı bilirik. Vəfa verilən sözə, edilən razılaşmaya bağlı qalmaq deməkdir.
Yaxşı tikilmiş bir paltar bədən gözəlliyini daha gözəl göstərdiyi kimi, yaxşı xasiyyətlər də ruh gözəlliyini ortaya çıxarar. Yaxşı xasiyyətlərin başında əhdə vəfa gəlir. Verdiyi sözü yerinə yetirmək, etdiyi razılaşmaya sadiq qalmaq, bir zamanlar yaşadığı gözəl günlərin xatirəsinə sayğı göstərmək insanın əsalətini əks etdirir.
Peyğəmbərimiz (s.ə.s) müxtəlif zamanlarda vəfanın çox gözəl nümunələrini göstərmişdir. İndi bunlardan bir neçəsini xatırlamağa çalışaq:
Hatib ibn Əbi Bəltəa adında bir səhabə vardı. Bədr döyüşündə iştirak edən və Allah tərəfindən öyülən Bədr igidlərindən biri idi. Uhud savaşındakı igidliyi də məlumdur. O gün Peyğəmbərimizin (s.ə.s) mübarək dişinin qırıldığını gördükdə çox hirslənmiş, bunu edən kafiri axtarıb tapmış, layiqli cəzasını vermişdi. Daha sonralar Allah Rəsulu (s.ə.s) Misir məlikinə elçi olaraq onu göndərmiş, məlikin Peyğəmbərimizə verdiyi hədiyyələri də o gətirmişdi.
Məkkə fəthindən əvvəl idi. Hz. Peyğəmbər (s.ə.s) bir döyüş hazırlığına başlamışdı. Bu səfərin Məkkəyə olduğunu təkcə güvəndiyi bir neçə nəfərə demişdi. Onlardan biri də Hatib idi. Çox təəssüf ki, Hatib əsla etməməsi lazım olan bir iş etdi. Məkkə böyüklərinə bir məktub yazdı. Allahın Rəsulunun güclü bir ordu ilə onlara doğru gəlməkdə olduğunu, təkbaşına da qalsa, Allahın onu müzəffər edəcəyini, bunu Ona Allahın vəd etdiyini yazaraq Məkkəyə gedən bir qadına verdi.
Allah-Təala vəziyyəti Peyğəmbərinə bildirdi. O da bir neçə səhabəsini göndərib Məkkəyə getməkdə olan o qadının əlindən məktubu aldırdı. Peyğəmbər (s.ə.s) Hatibdən nə üçün belə etdiyini soruşdu. O da bunu pis bir niyyətlə etmədiyini, Məkkədəki sahibsiz qohumlarını himayə etmək üçün bu yola baş vurduğunu söyləyərək özünü müdafiə etdi.
Rəsulullah (s.ə.s) ona inandı, üzürünü qəbul etdi və onu bağışladı. Lakin Hz. Ömər bunun xəyanət olduğunu deyərək Hatibin qətlinin lazım olduğunu dilə gətirdi. Bunun üzərinə Peyğəmbər onun Bədr qazisi olduğunu, Allah-Təalanın Bədrdə iştirak edənləri təriflədiyini və onlara “Ey Bədr əhli! Bundan belə hər nə etsəniz, mən sizi bağışlayacağam” buyurduğunu xatırlatdı. Bu ifadə qarşısında Hz. Ömər (r.a) heç nə söyləyə bilmədi. (Buxari, Cihad 141)
Allahın Elçisi (s.ə.s) bu hadisədə Hz. Ömərə də, onun şəxsində bizə də vəfanın nə olduğunu öyrətdi. İnsan səhv edə bilər. O səhv böyük də ola bilər. Amma bir zamanlar edilən yaxşılığı əsla unutmamaq lazımdır. İnsan Allahın cəzalandırılmasını istədiyi bir cinayəti/günahı işləmədiyi müddətcə vəfakarlığının əvəzini görməlidir.
Peyğəmbərimizin sevimli zövcəsi Hz. Xədicəyə (r.anhə) bəslədiyi vəfa duyğusu bənzərsiz idi. Birlikdə çox gözəl günləri olmuşdu. Anamız həm sevgisi, həm də sərvəti ilə hər vaxt həyat yoldaşının arxasında durmuş, Onun sevinci ilə sevinmiş, dərdi ilə dərdlənmişdi. Aralarındakı yaş fərqi heç vaxt bir problem meydana gətirməmişdi.
Hz. Xədicə anamızın vəfatından sonra onu hər zaman vəfa ilə xatırlamasını qısqanan Hz. Aişə anamıza Peyğəmbərimiz (s.ə.s) ona bəslədiyi sevgini, həsrəti və o bənzərsiz vəfakarlığını belə dilə gətirmişdi:
“Allah mənə ondan daha xeyirlisini verməmişdir. Hər kəs mənim peyğəmbərliyimi inkar edərkən o, mənə iman gətirdi. Hər kəs mənim yalançı olduğumu iddia edərkən o, məni təsdiq etdi. Heç kəs mənə bir şey verməzkən o, mal-mülkünü mənim əmrimə verdi. Üstəlik Allah-Təala mənə ondan övladlar nəsib etdi”. (Əhməd b. Hənbəl, Müsnəd, VI, 117-118)
O günlərin xatirinə Peyğəmbərimiz (s.ə.s) nə əmisi Əbu Talibin yaxşılıqlarını, nə süd anası, süd atası və süd qardaşları ilə keçən gözəl günləri, nə də başqa bir dostu ilə olan xoş günləri və yaxşılıqları unutdu. Vəfakarlıq əsil insanların xüsusiyyətidir. Peyğəmbər əxlaqına sahib kəslərin, dürüst insanların edə biləcəyi bir igidlikdir. Möhtərəm Nəbinin (s.ə.s) izindən gedənlərin sahib olması vacib olan gözəl bir xasiyyətdir.
Nə xoşbəxtdir adı vəfalılar dəftərində yazılı olanlar!..
ŞƏRHLƏR