İNSAN BİR RƏHMƏT MÖCÜZƏSİDİR
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “O göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır”. (Ət-Təğabün, 3)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Gördüyümüz, duyduğumuz, təfəkkür etdiyimiz aləmlərin, bilinən-bilinməyən bütün mövcudatın ehtişamlı və miqyaslı bir hikmətlə ortaya çıxışına fərman verərək hər işin və hər hadisənin möcüzəvi bir rəngarəngliyə və heyrətverici bir dəqiqliyə əsaslanan bütövlüyünü xəlq edən, ona həyat verən və onu mükəmməl bir şəkildə idarə edən Rəbbimizin qüdrəti və şanı necə də ucadır. Bu mötəbər hikmət əsərlərinə layiq olduğu dəyəri, qiyməti verə biləcək biçimdə xəlq edilmiş insan övladının mahiyyətinə heç bir varlığın daşıya bilməyəcəyi bir əmanət yüklənmişdir. Əmanətlə yüklənmiş insan övladının Haqq qarşısındakı vəzifələri barədə bilgi verən Mövlana həzrətləri buyurur: “Allah-Təala insanı qüdrətli bir Xaliq olaraq şəxsini tanıması və Ona qovuşması üçün yaratmışdır. O halda insan övladının ən ümdə vəzifəsi həm dünyada, həm də axirətdə Haqqın ona layiq gördüyü yaradılış qayəsini tələb etməkdən ibarət olmalıdır. Bu tələbi əməli qulluğu ilə lazımınca qiymətləndirən insan övladı ömrünü lüzumsuz şeylərə sərf etməz və ölümdən sonra əbədi peşmançılıq duymamış olar”.
Kainatda və varlığında mövcud olan möcüzəvi hikmət əsərlərini Yaradanın hüzurunda heçlik və təqva ədəbinin incə sirlərinə yiyələnərək oxuma istəyini könlündə daşıya bilən insan üçün zərrəsindən başlayaraq hər bir varlıq tükənməz bir mərifət xəzinəsidir. Varlığımızda, daha dəqiq desək, mədəmizdə ilahi təqdirlə qərar tutan nəhəng bakteriya toplumu buna canlı bir misaldır. Çəkisi 1,5 kiloqrama çatan bu toplumda nə az, nə çox, düz 100 trilyon növdə bakteriya qrupları həyat sürməkdədir. Onlar orqanizmin normal şəkildə fəaliyyət göstərməsi üçün insan sağlamlığının keşiyində duran önəmli maddələr sintez etməkdədir.
İndiyə kimi yalnız 1000-ə yaxın bakteriya növünün fəaliyyət dairəsini tədqiq etmək mümkün olmuşdur. Lakin təfəkkür edilən həqiqət bundan ibarətdir ki, 100 trilyonluq bakteriya növündən təşkil edilmiş (burada hər növə aid bakteriya sayı, çoxluğu səbəbindən naməlumdur) bir toplumun mikroskopik təmas halında inanılmaz sürət və dəqiqliklə bədənin hər bir zərrəsi ilə uyumlu bir rabitə yaradaraq insanı ayaqda tutan, onu hərəkət etdirən, danışdıran, sevindirən, ağladan, ona Rəbbini tanıdan və Rəbbinə qul, xəlifə olaraq böyük bir əhd üzrə olduğunu xatırladan möhtəşəm bir vəhdət möcüzəsinə öz töhfəsini verdiyi gözlər önündədir. Lakin Allahın qulu və xəlifəsi olmağa layiq biçimdə xəlq edilmiş insan övladının zahirində və batinində qərar tutan vəhdət sirrinin mərifəti ilə yoğrulmadan və irfanı ilə bişmədən qulluq dəryasına itaət yelkəni açması mümkün görünməməkdədir. Adəm övladlarının əbədi səadəti naminə ilahi əsərlərin zahiri və batini müstəvidə üstün bir mərifətlə oxunmasını qüdsi hədislərdə qullarından istəyən Rəbbimizin insan adlanan möcüzənin yalnız bu irfani çalışmalarla anlaşıla biləcəyini söyləməsi böyük önəm daşımaqdadır. Uca Rəbbimiz qüdsi hədislərində belə buyurur:
“Ey insan oğlu! Varlığına (burada qərarlaşan sonsuz möcüzələr aləminə, hər bir zərrənin, hər bir nəsnənin çırpınışlarını, Allah sevgisini, Allah eşqini aydınlığa çıxaran həqiqətinə irfani bir) səfər eylə. Bunu bacarsan, ilk addımda Məni üstün bir mərifət nişanı ilə tanıyarsan”.
“Ey Adəm oğlu! İç aləminə mərifət səfərindən məhrum olan kəs zahiri aləmin səfərinə aludə olar ki, bu da yalnız Məndən uzaqlığı artırar”.
Allahın qulu və xəlifəsi olma muradının canlı təcəssümü və həyata vəsiqə qazandıranı olan Hz. Muhamməd əleyhissalamın bəşəriyyətin qəflət yuxusundan oyadılması naminə insan möcüzəsinin tanınmasına xidmət edən mübarək hidayət mücadiləsi ilə kamil insan yetişdirmə fədakarlığı, ümmətin maddi və mənəvi bütövlüyünün böyük zəhmətlər bahasına əsrlərdir qorunmasına yardım edən bir rəhmət möcüzəsi olmuş və olmağa da davam etməkdədir. Rəsulullahın (s.ə.s) mərhəmət fırtınaları qoparan və ilahi sevgi nurları saçan irfani təhsil dərgahında yetişdirdiyi insan övladının tövhid və əmanət sirrinə yiyələnməsi ilə Rəbbinə, peyğəmbərinə və bütün məxluqata qarşı möcüzəvi ehtiram və məhəbbət ərz etməsi Osman Nuri Topbaş əfəndinin təqdimatında necə də mükəmməl səslənməkdədir:
“Allah Rəsulunun (s.ə.s) könül iqlimindən layiqi ilə hissə ala bilənlərin qəlbləri bütün məxluqatı qucaqlayan bir mərhəmət dərgahı halına gələr. Onlar artıq nəfsani və şəxsi mənfəət hesablarının əsarətindən qurtulmuşlar. Könülləri Allah və Rəsulunun məhəbbəti ilə nurlanaraq həqiqi məhəbbətin ləzzətini dadmışdır. Bu səbəblə də bütün fani ləzzətlər onların nəzərində əhəmiyyətini itirmişdir”.
ŞƏRHLƏR