HƏMRƏYLİK

HƏMRƏYLİK

Həmrəy olmaq həmfikir, yekdil olmaq deməkdir. Həmrəy olmaq əl-ələ addımlamağı bacarmaqdır. Həmrəy olmaq məqsədə doğru gedən yolları ayırmamaqdır. Həmrəy olmaq keçilməz yollarda birgə addımlayıb büdrəməmək, dağları aşmaq, zirvələrə ucalmaqdır. Bəli, Uca Allah bu mənada bir-birimizə qarşı həmrəy olmağı bizdən tələb edir.

Allahın ipi olan Quranda bildirilən hökmə görə, bütün möminlər bir-birilərinin qardaşıdır. Onlar eyni yolla gedən, eyni kitaba tabe olan, eyni hədəfə malik, eyni duyğuları daşıyan insanlardır.

Ali-İmran surəsində Uca Allah belə buyurur:

“Hamınız bir yerdə Allahın ipindən (Qurandan) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103)

Möminlər gözəl əxlaqlıdırlar, təvazökardırlar, sevgi və ehtiramla doludurlar. Bu səbəbdən də həmrəylik möminlər arasında təbii bir şəkildə baş verir. Ancaq bu mövzuda yenə diqqət yetirilməsi lazım gələn cəhətlər vardır. Çünki möminlərin edə biləcəkləri müxtəlif səhvlər bu həmrəyliyin zədələnməsinə və aralarında soyuqluq yaranmasına səbəb ola bilər.

Məhz bu səbəbdən Quranda möminlər qardaşlıq məsələsində son dərəcə diqqətli olmaları üçün xəbərdar edilmişlər:

“Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra, 53)

Ayədə bildirilən əmr həmrəyliyin təşkil edilməsi baxımından son dərəcə önəmlidir. Birincisi, möminlərin bir-birilərinə qarşı ən gözəl xitab şəklini işlətmələri əmr edilmişdir. İkincisi, şeytanın bir xüsusiyyəti qeyd edilir: şeytan insanların və xüsusilə də möminlərin arasını vurmaq üçün çalışmaqdadır.

Bu səbəbdən mömin qardaşları ilə arasında mübahisə yaranmasına əngəl olmalıdır.

Həqiqi möminlər qardaşlarını  öz nəfsindən üstün tutaraq fədakar davranarlar. Uca Allah Quranda bu möminlərdən belə bəhs edir:

“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (əl-Həşr, 9)

Möminlər bu birliyin bir insan vücudu kimi olduğunu, hər orqanın bir başqasının yardımçısı və dəstəkçisi olduğunu unutmaz və qardaşlarının uğurunu öz uğuru kimi qəbul edərlər. Bu, son dərəcə əhəmiyyətlidir. Quranda möminlərin arasındakı həmrəylik ilə bağlı çoxlu ayələr var. Bir ayədə möminlərin digər möminlərlə bağlılığı oxuduqları bir dua ilə bildirilir:

“Onlardan sonra gələnlər belə deyərlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə! Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (əl-Həşr, 10)

Möminlər arasında yaranacaq mübahisə və ya küskünlük halları hər kəsə zərər verər. Ümumiyyətlə, iman gətirənlər belə bir hərəkətə yol verməzlər. Həmçinin Quran ayəsində möminlər bir-birilərinin himayəçiləri (dost və qoruyucuları) olmağı tərk etdikləri halda fitnə yaranacağı xəbər verilmişdir: “Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar”. (əl-Ənfal, 73)

Əldə olunan birlik və həmrəyliyin qorunub saxlanması ilə bağlı Quranda açıq hökmlər vardır: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!” (Ali-İmran, 105)

“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir!” (əl-Ənam, 159)

Birlik və bərabərliyimizin davamı xüsusunda milli-mənəvi dəyərlərimizin qorunması böyük əhəmiyyət daşıyır. Bu mənada hər bir azərbaycanlı üçün “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” çox əlamətdar bir gündür. Milli həmrəylik, birlik və bərabərlik dövlətin davamı üçün də mühüm bir anlayışdır. Bir millət  öz daxilində birliyi və bərabərliyi təmin edə bilməyibsə, bu millət, düşmənləri tərəfindən tez bir zamanda məhvə məhkumdur.

Necə ki, 44 günlük Vətən müharibəsində yüksək həmrəylik nümayiş etdirdik və tarixi qələbəni təmin etdik. Bu birliyimiz və həmrəyliyimiz olmasaydı, biz, başımızı dik tutan, alnımızı açıq edən bu parlaq qələbəyə nail ola bilməzdik. Bu gün isə millət olaraq daha çox həmrəy olmağa ehtiyacımız var. Xüsusilə qələbəmizin davamı üçün, şəhidlərimizin qanı hesabına əldə etdiyimiz zəfərimizə kölgə samaq istəyənlərə qarşı bu həmrəyliyimizi daha da gücləndirməliyik.  

Son söz Uca Allahındır:  “Allaha və onun peyğəmbərinə itaət edin! Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!” (əl-Ənfal, 46)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz