DƏYƏRLƏRİ FORMALAŞDIRAN “MƏN İDRAKI”
Hər bir mədəniyyətin özünəxas cəhətləri, digərlərinə və özünə baxış tərzi, dünyagörüşü var. Bütün mədəniyyətləri bir-birindən ayıran bu səciyyəvi cəhətləri mədəniyyətlərin “mən idrakı” adlandıra bilərik. Qısaca olaraq deyə bilərik ki, hər mədəniyyət özünün “mən idrakı” ilə mövcuddur. Bu gün dünyada gedən qloballaşma adlı mürəkkəb prosesdə mədəniyyətlər arasındakı münasibətləri təyin edən ana faktor da, əlbəttə ki, “mən idrakı”dır. Qloballaşma adı altında Qərb (buna Avropa mədəniyyəti də deyə bilərik) mədəniyyətinin bütün dünyaya hökmranlıq etmə düşüncəsinin təməlində məhz onun “mən idrakı” yatır. Bu yazımızda Qərb mədəniyyətinin, eyni zamanda müqayisəli şəkildə İslam mədəniyyətinin “mən idrakı”nı qısaca xülasə etməyə çalışacağıq.
QƏRB MƏDƏNİYYƏTİNİN MƏN İDRAKI
Norveç əsilli məşhur sosioloq İohan Qaltunq Qərb insanını, dolayısı ilə Qərb düşüncəsini təhlil edərkən altı ana kriteriya üzərində durur. Hansı ki, həmin maddələri diqqətlə oxuduqda Qərb dünyasının mən idrakını da qavramaq mümkündür.
- Məkan məfhumu. Qərb dünyasının məkan anlayışını anlamaq üçün xəritəyə göz atmaq kifayətdir. Mövcud dünya xəritələrinin Qərb dünyası və Şimali Amerika mərkəzli tərtib olunması və digər bütün məkanların məhz həmin ərazilər ətrafında şəkillənməsi dünyanın məhz Avropadan idarə olunmasına birbaşa təsir edən düşüncənin nəticəsidir. Qərb mərkəzli dünya düzəni digər ölkələrin istila və istismarına üstüörtülü şəkildə icazə verir.
- Zaman məfhumu. Qaltunq Qərb düşüncə tərzində zaman idrakını belə xülasə edir: “sosial proseslər alçaqdan yüksəyə, bəsitdən inkişafa doğru irəliləyir və bu irəliləyiş mütləq surətdə müsbət sonluqla nəticələnir”. Yənu bu düşüncə tərzinə əsasən bəşəriyyətin hazırda yaşamış olduğu zaman zamanlar içərisində ən mükəmməl olanıdır. Keçmişə bağlı qalanlar, keçmişin təcrübələrindən istifadə edənlər dünyanı geridən təqib edənlərdir və ona görə də Qərb hegemoniyasına tabe olmadıqca nicat tapmaları imkansızdır. Bu dünyagörüşünə görə Çin, Hind və İslam mədəniyyəti mənsubları Qərb “mən idrakı”nın zaman və tarix anlayışını mənimsəmək və öz mədəniyyətlərinin bəşər tarixinə heç bir töhfə vermədiyini düşünmək məcburiyyətindədirlər. Bu gün Şərq toplumlarında milli və mental dəyərlərin, əsrlərin sınağından çıxmış ənənənin birmənalı şəkildə “Nuh əyyamından qalmış”lıqla ittiham olunması məhz həmin təbliğatın nəticəsidir.
- Bilik. Qərb insanının bilik və elmlə bağlı əsas səciyyəvi düşüncəsi dünyanın təktərəfli baxış bucağı ilə anlaşılacağıdır. Yəni elmin mənbəyi ağıldır və insan ağlı hər şeyin izahını verə bilər. Bu nöqteyi-nəzərdən baxdıqda dünyagörüşündə, elmi qavrama tərzində dini inanca əsaslanan xalqlar geri qalmış sayılırlar. “Dünyadakı hər şey sırf ağılla qavranmalıdır” düsturunun zamanla bir sıra əxlaqi problemlərə gətirib çıxardığı və insanlarda şəxsiyyət dilemmasına səbəb olduğu da məsələnin acı həqiqətidir.
- İnsan-təbiət münasibətləri. Qaltunq Qərb insanının təbiət anlayışını “insan təbiətə hakimdir” şəklində xülasə edir. Yəni ətrafda var olan hər şey insan üçündür və insanın xoşbəxtliyi naminə bütün təbiət ona xidmət etməlidir. Xüsusilə Avropada yaşanan intibah dövrünün ardından “humanizm”in var gücü ilə vüsət tapması təbiətin insan tərəfindən məhvinə gətirib çıxardı. Məhz bu anlayış çərçivəsində qloballaşan dünyanın eyni zamanda qlobal istilərlə başının dərddə olması təsadüfi deyil.
- İnsan-tanrı münasibətləri. Qərbin düçüncə sistemində tanrı, yaxud da müasir dövrdə onun alternativi olan ideologiyalar insana hakimdir. Qeyd edək ki, tanrı hökmranlığından ideologiyaların və dövlətlərin hökmranlığına keçiş prosesi Avropanın elm və bilik sahəsində təktərəfli metodologiyanı mənimsəməsi və ilahi vəhyi əsas almaması nəticəsində gerçəkləşmişdir. Diqqətlə baxdıqda Qərbdə tanrı-xristian münasibətlərinin yerini modern dövrdə dövlət-vətəndaş münasibətlərinin tutduğunu görürük. Bu düşüncəyə görə artıq cəmiyyətdə işlənən hər hansı bir cinayət birbaşa dövlətə qarşı işlənmiş sayılır və cinayət nəticəsində zərər görən vətəndaşın haqları ikinci dərəcəlidir. Qərb dünyasının insan-tanrı münasibətlərinin məhz bu cür formalaşmasında, əlbəttə ki, ta qədim çağdan bəri antik düşüncədə var olan yarı insan yarı tanrı varlıqların mövcud olması, daha sonra xristian din adamları tərəfindən Hz. İsaya ilahlıq sifətinin şamil olunması mühüm rol oynamışdır.
- İnsan-insan münasibətləri. Qaltunq Qərb mədəniyyətinin mən idrakını formalaşdıran maddələrin sonuncusunu belə xülasə edir: “Fərd, sinif və millətlər olaraq bir qrup insan digərlərinə hakimdir, digərləri ilə müqayisədə bəzi insanlar öz aralarında daha bərabərhüquqludurlar”. Yəni bir qrup insan var oluşdan qaynaqlanan üstünlüklə digərlərindən yüksək mövqeyə sahibdir. Eynilə Hinduizmin kast sistemindəki kimi. Bu düşüncənin ən bariz misalını 1776-cı ildə imzalanan Amerika İstiqlal Bəyannaməsində görə bilərik. Hər nə qədər bəyannamənin ilk cümləsində “Yaradan bütün bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir” - deyilsə də, burada yaşayan qaradərililərin uzun illər kölə kimi işlədilməsi, oxuma hüquqlarının olmaması və ən əsası 1965-ci ilə qədər seçki hüququndan məhrum edilmələri əslində sözügedən “toxunulmaz hüquqların” və “bərabərliyin” bəyaz-anqlosaks-protestan amerikalılara aid olduğunu ortaya qoyur. Bu günün özündə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında beş ölkəyə tanınan xüsusi haqlar, dünya qaynaqlarından istifadənin G-7, G-8 kimi birliklər tərəfindən müəyyənləşdirilməsi də məhz bir qrupun digərlərindən üstün olduğu fikrinin praktikaya keçən misallarındandır.
İSLAM MƏDƏNİYYƏTİNİN MƏN İDRAKI
- Məkan. İslam dünyagörüşünün əsas qaynağı olan Qurani-Kərim “Məğrib də, məşriq də Allahındır”[1], - buyurur. Bir müsəlmana görə yer üzünün tamamı “ərzullahdır”[2], - yəni Allahın yaratdığıdır və dünyanın tamamını insanlığa əmanət etmişdir. Məhz ona görə də İslam mədəniyyətində digərlərindən fərqli olaraq koloniyalaşdırma görülməmişdir. Misirə, Hindistana, İspaniyaya gələn müsəlmanlar nə oradakıları yox edib yeni düzən qurma dərdində idilər, nə də istismar edib geri qayıtmaq. Avropanın göbəyində bu gün də qalıqlarını heyrətlə izlədiyimiz Əndəlüs kimi bir şahəsər ortaya qoymaları məhz bu düşüncənin göstəricisidir. 1492-ci ildə Qranadanın süqutuna qədər burada yəhudi, xristian və müsəlmanların birlikdə yaşaması ogünkü İslam hakimiyyətinin əsrlər sonrasına verdiyi ən gözəl sülh mesajıdır. Osmanlının Balkanlarda həyata keçirdiyi geosiyasət də bundan fərqlənmirdi. Eləcə də Azərbaycanımızda İslam xilafətinin qurulmasından sonra burada mövcud olan kilsələrin dağıdılmaması və hələ də Avropadan gələn xristian turistləri salamlaması İslam mədəniyyətinə görə fərqli inanc sahiblərinin bir məkanda yaşamasının mümkünlüyünü göstərir.
- Zaman. İslam mən idrakında zaman ülvi məfhumdur. Çünki Allah zamana and içir. Hər nə qədər Qaltunqa görə sosial proseslər bəsitdən mürəkkəbə və inkişafa doğru irəliləsə də, bir müsəlmanın düşüncə tərzində içində olduğu zamanın ən kamil zaman dilimi olduğu fikri əsla qəbuledilməzdir. Çünki Quran öncəkilərin həyat tərzinə baxmağı təlqin edir. Əvvəlki qövmlərin qissələrini anladaraq ibrət alınacaq xüsuslardan bəhs edir. Yaşadıqları zamanın kamil insanları olan peyğəmbərlərin həyatını nümunə göstərir. Ən əsası da Əsri-Səadət adlandırdığımız, əxlaq və müamilələr baxımından üsveyi-həsənəyə çevrilmiş bir zaman dilimini örnək almadan kamil müsəlman kimi formalaşmağın mümkünsüzlüyünü iddia edir. Hikmət aşiqləri Hz. Peyğəmbərin “hikmət möminin itmiş malıdır, onu harda görsə götürər” ifadəsinə qulaq verərək ömürlərini tarix və zaman yolçuluğunda keçirməkdən həzz alırlar.
- Bilik. İslam mədəniyyətinin elm və bilik sferası Avropadan fərqli olaraq təktərəfli deyil. Məlumdur ki, Qərb dünyasının elmi sırf ağıla əsaslandırmasına daha əvvəlki dönəmdə kilsənin elm sahəsindəki aşırı hegemoniyası təsir etmişdir. Renessans dövrü ilə başlayan yeni düşüncə, xüsusilə də Fransa inqilabından sonra modernizmin formalaşması kilsəyə etiraz olaraq ilahi qaynaqları arxa plana atmışdır. Lakin İslamda xristianlıqdan fərqli olaraq ilahi bilgi hansısa bir quruma (kilsəyə) deyil, sırf mətnə əsaslandırıldığı üçün biliyin sosial-siyasi və sosial-iqtisadi mənada müəyyən güclər tərəfindən alətə çevrilməsinin önünə keçilmişdir. İslam anlayışında vəhy birbaşa insan oğlunun idrakına xitab edir. Nəss dediyimiz Quran və Sünnə ilə təfsir-ictihadı bir-birindən ayıran kəskin cizgilərin varlığı izah və şərhlərdə dindən sapmaların, eyni zamanda ictihadın ilahi bilgi olaraq görülməsinin qarşısını almışdır. İslam düşüncəsində biliyin qaynağı vəhy, ağıl və beş duyğu orqanıdır ki, bu da özlüyündə insani mələkələrin heç birini arxa plana atmamaqla bərabər, ağılın çıxa bilmədiyi dalanları vəhyin nuru ilə aydınlatmağa xidmət edir.
- İnsan-təbiət münasibətləri. Qərb düşüncə tərzinin əksinə, İslama görə insan-təbiət münasibətləri birinin digəri üzərində hegemonluq etməsi ilə səciyyələnmir. Quran bizə kainatın ilahi işarətlərlə dolu olduğunu və yaşadığımız dünyanın Xaliqin təcəlli məkanı olduğunu bildirir. Təbiət və insan arasındakı münasibətlər varoluş müstəvisində dəyərləndirilir və insan Allahın yaratmış olduğu dünyada Onun əmrlərini yerinə yetirən xəlifətullahdır. Əsla təbiət üzərində məsuliyyətsiz hökmranlığa sahib deyil. Çünki ona “əsla yer üzündə ahəngi pozma”[3]maq əmr olunur.
- Allah-insan münasibətləri. Əslində İslam mədəniyyətinin mən idrakını formalaşdıran məkan, zaman, təbiət və insan anlayışlarının heç biri məhz bu maddədən müstəqil düşünülə bilməz. İnancımızda bütün kainata hökm edən Allah eyni zamanda insana şah damarından yaxındır, onun hər halını, hər anını görür və hesaba çəkəcək. Dualarını birbaşa eşidir, insan və Allah arasında heç bir varlığa qüdsiyyət izafə edilmir. Qərb təcrübəsinin əksinə, İslamda kilsə və dövlət kimi qurumlar Allahı əvəz edə bilməzlər, İslamda dövlət sünnətullah dediyimiz ilahi qanunauyğunluğun bir nəticəsi olaraq insanın idarə edilməsində daha çox icraçı xarakter daşıyır. Ona görə də hər an Allahın nəzarəti altında olduğunu dərk edən, yəni ehsan şüuruna sahib müsəlman, fərdlərin və dövlət orqanlarının gözündən uzaq yerdə də cinayət işləməkdən, yəni günahdan uzaq durmaq məcburiyyətindədir.
- İnsan-insan münasibətləri. İslam düşüncə sisteminə görə insanlıq bir qadın və bir kişidən yaradılmışdır. Bütün insanların dünyaya gəlişi eyni olduğu kimi hüquq qarşısındakı məsuliyyətləri də eynidir. Heç bir milli, irqi ayrı-seçkilik qəbuledilməzdir və üstünlük yalnız təqva ilədir. Əlbəttə ki, o da Allah qatında. Yəni bir adamın təqva sahibi olması işləyəcəyi cinayətin cəzasız qalmasına xidmət etmir. İslam düşüncəsində hətta vəhyi gətirən peyğəmbərin belə insanlar üzərində heç bir üstünlüyü yoxdur. “De ki, mən də sizin kimi bəşərəm”[4] ayəsi bunun ən bariz nümunəsidir.
Məşhur ingilis tarixçisi Arnold Toynbi hələ ötən əsrin 30-cu illərində belə deyirdi: “Dünyada söz sahibi olan 26 sivilizasiyanın on altısı tarix səhnəsindən silindi. Geri qalan onu isə Qərb mədəniyyəti tərəfindən yox edilmək, yaxud da assimilyasiyaya uğramaq təhlükəsi ilə üz-üzədir”. Bu gün dünyada gedən qloballaşma prosesində ya dəyərlərimizi itirərək tarix səhnəsini tərk edəcək, yaxud da dəyərlərimizə bağlı qalaraq qloballaşma prosesində aktiv rol oynayacağıq.
[1] əl-Bəqərə, 115
[2] ən-Nisa, 97; əz-Zumər, 10
[3] ər-Rahmən, 8
[4] əl-Kəhf, 110; əl-Fussilət, 6
ŞƏRHLƏR