DİRİLİŞ ŞAİRİNİNİN XATİRƏSİNƏ

DİRİLİŞ ŞAİRİNİNİN XATİRƏSİNƏ

“Mən Səfillərin qəhrəmanı Jan Valjan kimi həmişə qaçsam da, şeir bir o qədər məhkumun yaxasını buraxmayan müfəttiş kimi arxamca gəlmişdir”.

Tariximizdə dərin iz qoyan, düşüncə xətlərimizi genişlədən, ədəbiyyatımızda özünəməxsus yeri olan şairlərdən, mütəfəkkirlərdən biri də Sezai Karakoçdur. Onun mütəfəkkirliyi şeir yazmağından qaynaqlanmır, yazdıqlarında gizli və aşkarcasına  sabit “fikir”in olmasından irəli gəlir. Şeiri sadə olduğu qədər dərin arxa plan və tarixə əsaslanır; nəzm formasında olduğu qədər hekayə danışır; qısa olsa da bir tezisdir, fəlsəfədir. Şeir həqiqəti təmsil edir, sözləri kölgələri metaforlaşdırır. Sezai Karakoç şeirləri ilə  mədəniyyətimizin estetikasını zənginləşdirir, bədii çalarlılığını artırır, ənənəni yenidən şərh edərək bir fikir ərsəyə gətirir, sözün metafizikliyini özünə qaytarır, sözü kəlmədən çıxarıb məfhum halına gətirir.

Sezai Karakoç 1933-cü ildə Diyarbakırın Erqani qəsəbəsində sürgün adlandırdığı bu dünyaya gözlərini açır. Kiçik yaşlarından kitablara maraq salır, oxuyub-yazmağı öyrənir, şeirlər əzbərləyir, kiçik ailəvi məclislərdə şeirlər oxuyur. 1938-1944-cü illər ərzində ibtidai təhsilini Erqanidə tamamlayıb Maraş orta məktəbində təhsilinə davam edir. Bu illərdə evlərindən gətirdiyi kitablardan ərəb və fars dillərini öyrənməklə yanaşı, kiçik şeirlər yazmağa başlayır. 1947-ci ildə imtahan verərək Qaziantep liseyinə qəbul olunur. Liseydə ədəbiyyata bağlılığı artır, nəinki kitabxana, hətta kitabxananın anbarında saxlanılan ədəbiyyat dərgilərini də oxumağa başlayır. Bir tərəfdən də gənclik çağlarının işartısı özünü göstərir və bir vaxtlar məktəbin divar elanında gördüyü “Böyük Doğu Cəmiyyəti”nə üzv olur. İlk şeirləri “Ana-oğul” 1949-cu ildə “Dernek”, “Sabır” şeiri isə 1950-ci ildə “Büyük Doğu” dərgisində nəşr edilir. 1950-ci ildə Qaziantep liseyini müvəffəqiyyətlə bitirib yurduna dönür, Erqani rayonunda “Dicle Köy Enstitüsü”ndə mühasib köməkçisi və müvəqqəti olaraq kitabxana müdiri kimi işləyir.

Şairin ailəsinin maddi vəziyyəti ürəkaçan olmadığı üçün ali təhsilini təqaüd əsasında aparmalı idi. Özü fəlsəfə, atası isə ilahiyyat sahəsində təhsil almasını istəyirdi. Ancaq Ankara Siyasət Elmləri Fakültəsinə imtahan verir və qəbul olunur. Təhsil imkanları üçün İstanbula gəldiyi vaxtda uzun zamandır tanış olmaq istədiyi ustad Necip Fazıl Kısaküreklə tanış olur, görüşlərində iştirak edir, mühazirələrinə qatılır. Ankarada təhsilinə davam etdiyi üçün ancaq Necip Fazılın Ankaraya getdiyi zamanlarda görüşmə fürsəti olur. “Büyük Doğu” dərgsi ilə başlayan yol ustad Necip Fazıl ilə yeni mərhələyə keçir. Artıq Sezai Karakoç bir ideya, fikir mənsubu, bir mədəniyyət müdafiəçisinə çevrilir.

1955-ci ildə maliyyə ixtisasından məzun olur və 1956-cı ildən etibarən maliyyə müfəttişi olaraq işləməyə başlayır. İşlədiyi dövrdə demək olar ki, Anadolunu qarış-qarış gəzir. 1960-1961-ci illərdə hərbi mükəlləfiyyətini yerinə yetirib İstanbula qayıdır. Sezai Karakoç bir neçə dəfə işindən ayrılıb geri qayıtsa da, 1973-cü ildə birdəfəlik dölət məmurluğundan imtina edir.

Dövlət məmuru olduğu müddətdə ədəbi yaradıcılığına diqqət yetirən Sezai Karakoçun şeirləri və məqalələri müxtəlif mətbu orqanlarda yayımlanır. “Körfez” adlı ilk şeir kitabı 1960-cı ildə nəşr edilir. Eyni ildə həyatının əsas məfhumuna çevrilən “Diriliş” dərgisini qurur və nəşriyyatını açır. “Şahdamar”, “Hızırla kırk saat ve Tahanın kitabı”, “Sesler”, “Gül muştusu”, “Zamana adanmış sözler”, “Leyla ile Mecnun”, “Ayinler/Çeşmele”, “Ateş dansı”, “Alınyazısı saati” adlı şeir kitabları nəşr edilir. Şairin bütün şeirləri isə “Gündoğmadan” adlı kitabda nəşr edilir. Sezai Karakoç şeiriyyatından daha çox hekayə, esse və məqalələr külliyyatına sahibdir. “Ruhun dirilişi”, “İslam”, “İnsanlığın dirilişi”, “Diriliş neslinin amentusu”, “Yitik cennet”, “Çağ ve ilham”, “Düşünceler”, “Yapı taşları ve kaderimizin çağrısı”, “Varolma savaşı” kimi kitabları onun düşüncə və məfkurəsini anlamaq üçün açar rolunu oynayır.

Sezai Karakoç şeirləri ilə məfhumlar yaratdı, metaforları dirçəltdi. Bədii ədəbiyyatda Peyğəmbərimizin (s.ə.s) simvolu olan gül məfhumunu təkbaşına yenidən dilimizə qaytardı. Şeirləri inam və inanc yüklü İslam heybəsindən bəhrələnir. Sezai Karakoç, dediyi kimi, “yıxılmışlıqlar çağında” yaşamalı oldu, mədəniyyətinin, kökünün, əxlaqının yox edilmə cəhdini gördü. Dirilişə möhkəm yapışıb ömrünün sonuna qədər mübarizə aparması bunun üçündür. Ona görə mədəniyyət təkdir və o “Həqiqət mədəniyyətidir”.

Annemin bana öğrettiği ilk kelime,

Allah, şahdamarımdan yakın bana benim içimde.

Annem bana gülü şöyle öğretti:

Gül, Onun, O sonsuz iyilik güneşinin teriydi.

Sezai Karakoç Türk-İslam düşüncəsinin sönməməsi üçün çalışdı. Necip Fazılın əkdiyi toxumlar Sezai Karakoçla dirçəldi. Mütəfəkkir müsəlman kimi yaşamaq, müsəlman kimi  düşünmək üçün böyük miras qoydu və 2021-ci ilin soyuq qış ayında, noyabrın 16-da vəfat etdi.

Sevdiyin, ən sevdiyin sənin dünya sürgününü uzatmadı, şair…

Sürgündən ayrılıb həqiqi dirilişə nail oldun, əbədi dirildin, şair…

Fikrin geridə qalmasın, şair.

Xatirələrində yazmışdın axı, bu yol çox əzablı, iztirablı və məşəqqətlidir. Bu əzabdan həzz almaq xoş deyil. Amma bu yola düşən, bu fikrə qoşulan nəfərin əzabı həzzə çevrilir. Bir yox, minlərlə insan səninlə eyni yola düşdü, eyni fikrə qoşuldu.

Duan qəbul oldu, şair. Həqiqət mədəniyyətinin özünə, həqiqətinə qovuşdun!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz