BİR HƏDİS

BİR HƏDİS

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: ثَلاثَةٌ يَا عَلِيُّ لَا تُؤَخِّرْهُنَّ: الصَّلاةُ إِذَا أَتَتْ ، وَالْجَنَازَةُ إِذَا حَضَرَتْ، وَالْأَيِّمُ إِذَا وَجَدَتْ كُفُؤًا

            Əli ibn Əbu Talibdən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ey Əli! Üç şeyi gecikdirmə: vaxtı girdiyi zaman namazı, dəfn edilməyə hazır olduğu zaman cənazəni və evlilik yaşı çatıb münasib biri çıxdığı zaman qız övladını evləndirməyi”. (Müsnəd, II, 197)

            İslam dini insana və cəmiyyətə faydalı olan gözəl işləri təxirə salmamağı və şərtlər uyğun olduğu təqdirdə dərhal yerinə yetirməyi tələb edir. Dünyəvi bir çox işlərdə və verəcəyi qərarlarda isə insanın təmkinli olmasını, səbirlə hərəkət etməsini tövsiyə edir. Qeyd etdiyimiz hədisdə Allah Rəsulu (s.ə.s) Həzrət Əliyə üç şeyi gecikdirməməyi və vaxtı çatınca dərhal yerinə yetirməyi tövsiyə edir. Bunların ilki namaz ibadətidir. Namaz Qurani-Kərimdə üzərində ən çox durulan ibadətdir. Rəsulullah (s.ə.s) namaz ibadətini “Gözümün nuru” deyərək vəsf etmişdir. (Nəsai, İşra, 1) Peyğəmbər olduğu müddətdə daim insanların namaz ibadətinə yönəlmələrinə cəhd edən Allah Rəsulu (s.ə.s) özü də namaz ibadətinə çox həssas yanaşmış və qıldığı hər namazı ilk vaxtında qılmağa səy göstərmişdir. Bir səhabənin: “Allahın ən çox sevdiyi əməl hansıdır?” sualına Allah Rəsulu (s.ə.s): “Vaxtında qılınan namazdır” cavabını verərək sözü ilə də əməlini təsdiqləmişdir. (Buxari, Məvaqit, 5)

            Hədisin diqqət çəkdiyi ikinci məqam cənazənin gecikdirilməməsidir. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Cənazəni daşıyarkən tələsin. Əgər ölən insan yaxşı əməl sahibidirsə, bu, onun üçün xeyirdir, onu bir an əvvəl qəbirdəki xeyir və savabına qovuşdurmuş olarsınız. Yox, əgər yaxşı əməl sahibi deyilsə, bu da şərdir, onu tələsik çiyinlərinizdən atmış olarsınız”. (Buxari, Cənaiz, 52) Bu hədisdən də anlaşıldığı kimi, cənazəni gözlətməmək və ən qısa vaxtda dəfn etmək lazımdır. Lakin bu hədisdən cənazəni daşıyarkən qaçaraq daşımaq anlaşılmamalıdır. Hədisin qəsd etdiyi məna cənazənin gərəksiz yerə saatlarla gözlədilməməsi və dəfn edilməyə hazır olduğu təqdirdə dərhal dəfn edilməsidir. Çünki cənazənin hazır olduqdan sonra gözlədilməsi ölən şəxsin yaxınları üçün əziyyətə çevrilər. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir müsəlmanın cənazəsini ailəsinin gözü önündə gözlətmək doğru deyil”. (Əbu Davud, Cənaiz, 38)

            Hədisin diqqət çəkdiyi üçüncü məqam evlilik yaşına çatan və evlənməsinə münasib biri çıxan gənc qızın evləndirilməsidir. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Dinini, əxlaqını bəyəndiyiniz biri qızınızla evlənmək istəyərsə, qızınızı onunla evləndirin. Əgər evləndirməsəniz, fitnə-fəsada səbəb olarsınız”. (Tirmizi, Nikah, 3)

           

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz