DƏYƏRLƏRİMİZİ VƏ MƏDƏNİYYƏTİMİZİ QORUMAQ ÜÇÜN NƏ YEDİYİMİZƏ DİQQƏT ETMƏLİYİK
Mədəniyyətimizi dünyaya tanıdan, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti
Tahir Əmiraslanov:
Azərbaycan mətbəxini dünyaya tanıdan, illərdir dünyanın müxtəlif ölkələrində, geniş müzakirə auditoriyalarında mədəniyyətimizi təbliğ edən Tahir müəllimin süfrəsi zəngindir, bunu hamı bilir. Bizsə süfrəsi qədər zəngin olan söhbətinin ardınca gəlmişdik. İki saata yaxın çəkən söhbət əsnasında bir-birindən maraqlı faktları, fikirləri zəngin ədəbi cümlələrlə, folklor nümunələrimizlə bəzəyib önümüzə qoydu, bu səfər mədəmizə deyil, qəlbimizə və zehnimizə ziyafət verdi. Maraqlısı budur ki, hər dəfə kimdənsə müsahibə almağa gedəndə öncə biz məramımızı anladır, sonra söhbətimizi sual-cavab müstəvisində qururuq. Amma Tahir müəllim sanki uzun illərin tanışı kimi söhbətə özü başladı.
Qapını döyüb içəri girəndə telefonda nə isə yazırdı. Hər zamankı gülər üzlə bizi qarşılayıb nəzakətlə: “Çox üzr istəyirəm, vacib bir məsələ var, ona cavab verməliyəm, beşcə dəqiqə”, - deyib üzrxahlıq elədi. İşini bitirib əlavə etdi: “Sosial bir platformada ermənilər yenə mətbəximizi özününküləşdirməyə çalışırlar. Ora cavab yazmalı idim”. Qarşısındakı kitabları bağlayıb yerinə qoyarkən: “Yalanlarını öz tarixi kitablarına əsaslanaraq yazdım”, - deyib əlində tutduğu kitabları göstərdi...
İrfan: Tahir müəllim, bilirik ki, hər bir xalqın özünəxas mətbəx nümunələri var. İstənilən bir milləti, istənilən ölkəni araşdırarkən mütləq şəkildə onun mətbəxini də öyrənirik. Jurnalımızın bu sayında bir az mətbəx – mədəniyyət əlaqələrindən söz açmaq istədik və ona görə sizə üz tutduq. Bu haqda nə deyə bilərsiniz?
Tahir Əmiraslanov: Biz bilirik ki, mədəniyyət yalnız insana məxsusdur. Məşhur rus alim V.L.Kurquzov deyir ki, mədəniyyət üç əsas, yəni insanın üç həzzi və üç tələbatı üzərində qurulub. Həqiqətən də baxanda görürük ki, Allah-Təala bizim idarəçilik sistemimizə üç həzzi qoyub. Bunun biri qida ləzzətidir. Yeməsən, bioloji varlıq olaraq yaşamaq mümkün deyil. Burada da yalnız insana aid olan iştaha hissi var. Deyək ki, yedik doyduq, amma bir az sonra yaxşı bir süfrə görəndə iştahamız açılır yenə yemək istəyirik. Heyvanlarda belə deyil, yalnız aclıq hissi var. Bu iştaha hissi özlüyündə yeməklə yanaşı süfrə mədəniyyətini formalaşdırıb. İkinci həzz sevgidir. Hansı ki, nəsil artımı buna bağlıdır. Heyvandan fərqli olaraq insanda məhəbbət hissi var. Məqsəd nəsil artırmaqdır, amma onu sevgi və məhəbbətlə bəzəmişik. Üçüncü əsas amilsə yaradıcılıq həzzidir. Əslində elə digər iki amili də inkişaf etdirən məhz budur. Məsələn, birinci tələbatımız olan qidanın axtarışı, tapılıb becərilməsi, hazırlanması, süfrəyə verilməsi, yeyilməsi, demək olar ki, bütün hərəkətlərin sövqedici səbəbidir. Bu hərəkətlər zamanı yaranan münasibətlər məcmusu mədəniyyətin əsasını təşkil edir. Kulinariya mədəniyyəti xalqların etik və estetik baxışına, folkloruna, musiqisinə, rəqsinə, insanların bütün psixofizioloji həyatına böyük təsir göstərir.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan dünyada Mədəniyyət haqqında qanuna milli kulinariya irsinin müdafiəsi haqqında xüsusi bənd (maddə 1.37) daxil etmiş yeganə və ilk ölkədir. Bununla da ilk dəfə kulinariya qanunvericilikdə mədəni dəyər hesab edilmişdir.
- Siz eyni zamanda yeni qida nəzəriyyəsinin banisisiniz. Bu nəzəriyyənizə görə qida universal informasiya daşıyıcısıdır. Yəni eyni zamanda mədəni dəyərlərin ötürülməsində və yaşadılmasında rol oynayır, doğrudurmu?
- Qısa bir açıqlama gətirim. Bunu bilməliyik ki, insana ətraf mühit haqqında məlumat verən ən əsas ötürücü qidadır. Qidanı dəyişməklə insanın xarici görünüşündəki bəzi parametrləri və özünü aparma qaydalarını dəyişmək mümkündür. Etnosun, millətin qorunub saxlanılması, özünə yadlaşmaması üçün həmin millətin öyrəşdiyi, adət etdiyi etnik mətbəxi qorumaq, yerli qida məhsulları verən landşaftı qorumaq lazımdır. Milli dəyərləri və mədəniyyəti qorumaq üçün nə yediyimizə, necə yediyimizə diqqət etməliyik.
Xatırlayırsınızsa, Hz. İsa yemək hazırlayıb, yaxud bir tikə çörəklə insanları yedirməyə çalışırdı. Əlbəttə ki, bunu məqsədsiz etmirdi. Qida vasitəsilə insanlara təsir edib onlara şüurlarını dəyişəcək informasiya ötürürdü. İslam Peyğəmbəri Hz. Muhammədin qohum-əqrəbalarına ilk dini təbliğini yada salaq. Onlara ət yeməyi bişirib süfrə açmışdı. Mövlananın yanına gələn müridlərin əvvəlcə təkyənin baş aşpazı Atəş-baz Vəlinin süfrəsindən, mətbəx anlayışından nəsiblənməsi, bütün bunlar təsadüfi deyil. Məsələn, Quranda körpə uşağa iki il ana südü verilməsi buyurulur. Bunun bir çox hikməti var. Onlardan biri də ana südünün nəsillə bağlı informasiyanı uşağa ötürməsidir.
- Öz milli mətbəxindən uzaq qalan millət necə dəyişir?
- Milli mətbəxindən uzaqlaşanların sifət quruluşu da, rəngi də, görünüşü də, milli düşüncə tərzi də dəyişəcək. Bu inkaredilməzdir. Məsələn, qidasında düyünün miqdarı 70 faizi keçən xalqlar daha çox bəstəboy və çox uşaq verən olurlar. Qidalanmanın 70 faizindən çoxunu dəniz məhsulları təşkil edənlər bəyaz dərili olurlar. Bu, fosfor tələbatı ilə əlaqəlidir. Məsələn, həmin insanlar hipnoza da tez düşürlər. Biz bəyaz dərili insanları əsasən Skandinaviya ölkələrində görürük. Amerika İnstitutunun tədqiqatına görə, yüz ildən sonra onların dəri rəngi dəyişib qarabuğdayı olacaqlar. Niyə? Çünki artıq onlar arasında qırmızı ətlə qidalanma sürətlənib. Hamburger filan yeyirlər. Bütün bunlar müəyyən siyasətin nəticəsidir. Məqsəd əhalinin sayını azaltmaqdır. İndi bizə təlqin edirlər ki, kərə yağı yemə, ət yemə, quyruq yemə, xolesterin filan... Beyinə baxsaq, tərkibi xolesterindən ibarətdir. Həmçinin böyrəküstü vəzimiz testesteron ifraz edir. Testesteronun tərkibi xolesterindən ibarətdir. Testesteron olmadıqda cinslər arasında qarşılıqlı istək olmur, bu da nəsil azalmasına gətirib çıxardır. Məqsəd aydın oldumu?
- Dünyada qloballaşma prosesi gedir. Bu qloballaşma prosesindən mətbəxlər də öz nəsibini alır. Hamı eyni cür qidalanır, fast-food yeməklər milli mətbəxləri sıxışdırır. Fast-fooda necə baxırsınız?
- Əvvəla, onu deyim ki, Maqdonaldsda böyüyən uşaqlar Amerika ordusunu çox rahat qarşılayacaqlar. Maqdonaldsın əsas məqsədi yemək satmaq deyil, Maqdonaldsda Amerikanı dünyanın istənilən Amerika səfirliyindən daha çox təbliğ edirlər. Bu əlbəttə ki, böyük siyasətin bir hissəsidir. 1970-ci illərdə İtaliyadan gələn biznesmenlər İstanbulda və Ankarada onlarla pizza kafesi açdılar. Satış olmadığı üçün tezliklə bağlamaq məcburiyyətində qaldılar. Təxminən aradan 10 il keçəndən sonra dünyada bir cizgi filmi məşhurlaşdı: “Nindza tısbağalar”. Həmin cizgi filmini izləyən uşaqlar ata-analarından pizza istəməyə başladılar. Bunun bir sonrakı mərhələsində də Türkiyədə pizza bişirən kafe və restoranlar açıldı. Bu gün, demək olar ki, pizzadan xəbərsiz olan bir türk uşağı yoxdur və hətta hərdən deyirlər ki, “gəlin bir pizza sifariş edib yeyək”, “yaxud pizza yeməyə gedək”. Bu artıq həmin nəslin türk mətbəxindən uzaqlaşmasının göstəricisidir. Əslində fastfood yemək deyil. Təsəvvür edin ki, bir Azərbaycan gözəli küçədə gedə-gedə əlində dürmək, yaxud hamburger yeyir. Bu artıq Azərbaycan gözəli olmaqdan çıxdı. Mental dəyərlərimizə görə küçədə nə isə çeynəyə-çeynəyə gedən qız gözəl ola bilməz.
İkinci məqama toxunmaq istəyirəm. Qloballaşma adı gələndə hamı qorxuya düşür. Məsələn, sel gələndə hamı qorxuya düşür, dərhal çayın kənarına dambalar tikilir, yaxınlıqdakı evlər köçürülür və s. Ağıllı adamsa dərhal iki traktor tapıb çayın axacağı yerdən arxlar çəkir, kənarlarda süni göllər salır. Sel gələndə həmin sudan əkində, suvarmada istifadə edir, su ilə gələn balıqlardan faydalanır və s. Qloballaşma da sel kimidir. Ağıllı adamlar ondan istifadə edə bilərlər. Belə bir məsəlimiz var, deyir: “qarğa qaz yerişi yerimək istədi, öz yerişi də yaddan çıxdı”. Biz həmişə kiməsə oxşamağa can atırıq, olmaz ki, dünyanı biz qloballaşdıraq? Proses gedirsə, ondan qorxmamaq lazımdır, onu öz xeyrimizə dəyişməyə çalışmalıyıq. Şəxsən mən bu prosesi ölkəmə, xalqıma xeyirli işlər görməklə dəyərləndirməyə çalışıram. Son illərdə bir neçə təşkilat qurmuşam, düzdür, pandemiya və maddi imkanlar bir az işimizə mane oldu. Amma fəaliyyətlərimiz davam edir. İslam ölkələrində, Türk dünyasında kulinariya assosiasiyaları yox idi, bu istiqamətdə çalışdıq. Dünya İslam Kulinariya Təşkilatını təsis etdim. Baş qərargahı burdadır, prezidenti türkdür və hazırda Səudiyyə Ərəbistanındadır. Halal zirvə keçirilir, ora səfərimiz var, mən jüri sədriyəm. Dünyada restoranların keyfiyyət göstəricisi olan “Mişlen ulduzu”na alternativ olaraq “Hilal star”ı təsis etdik. İslam ölkələrində “halal” sertifikatı vardı, amma xidmət və qulluq sahəsində müvafiq sertifikat yox idi, bunu təsis etdik. Türk Aşpazlar Birliyini qurduq. Çalışmalarımız nəticəsində Lənkəran dünya mədəniyyətinin mətbəx paytaxtı oldu. Yəni qloballaşma pis hadisə deyil, əslində həyatda pis hadisə yoxdur, Allahın idarəçilik sistemində bütün hadisələr neytraldır. Biz ya hadisədən öz xeyrimizə, ya da zərərimizə istifadə edirik. Mən düşünürəm ki, öz dəyərlərimizin təbliği üçün qloballaşmadan istifadə etməliyik. Pandemiya və müəyyən maliyyə məsələləri olmasaydı, mənim hesablamalarıma görə, 2028-ci ildə artıq dünyada mətbəx deyəndə ağıllara Fransanın yox, Azərbaycanın gəlməsini gerçəkləşdirəcəkdik. Amma bir az gecikdik. Yenə də mən bu yoldan dönmürəm. 2028-ci il olmazsa, 2038-ci il olacaq, amma inşallah olacaq. Bizim 4000 xörəyimiz var. Mən onun 2500-nü çap eləmişəm. “381 Dolma” kitabı dünyada birinci yeri tutub. Təsadüfi deyil ki, dünyada ilk dəfə milli mətbəxin patentləşdirilməsini Fransa, Azərbaycan və İtaliya həyata keçirdi. Gəlin qloballaşmadan xeyrimizə istifadə edək. Çinlilər suşi vasitəsilə bütün dünyaya çubuqla yemək yeməyi öyrətdilər. Biz nə üçün dünyaya əllə yeməyi öyrətməyək? Özü də sağ əllə. Səbəblərini qoyaq, əsaslandıraq. Bilirsiniz də, çəngəlin ortaya çıxarılması, sol əllə yemək qaydalarının qoyulması şeytana xidmət idi. Biz dünyaya əksini və daha faydalı olanı təbliğ etməliyik.
- Tahir müəllim, alkoqolun insana təsiri ilə bağlı xüsusi nəzəriyyəniz də var, onu da qısa şəkildə xülasə edə bilərsinizmi?
- Alkoqol informasiyanı izolyasiya edir. Cüzi dozalarda alkoqol müxtəlif ağartı məhsullarında da var və bu cür qidalar bizi mikrob, kimyəvi və informasiya mənşəli bəzi qida zəhərlərindən qoruyur. Alkoqolun qəbulu isə izolyator kimi təkcə daxili deyil, xarici orqanları da, o cümlədən əsas informasiya vasitəsi olan əlləri və gözləri də bağlayır. Əllərimiz təbii antenalardır. Biz dua edəndə əlimizi yuxarı qaldırırıq. Spirtli içkinin orqanizmdə qalması 40 gündür. İçki içən insanın əlləri 40 gün izolent əlcəklə bağlanmış kimi olur. Heç bir şey ötürmür, qəbul etmir. Yəni o adam qırx gün göydən gələn qidadan məhrum qalacaq.
- Tahir müəllim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Can sağlığı və işlərinizdə uğurlar arzulayırıq.
- Mən də oxucularla görüşmə fürsəti verdiyiniz üçün sizə təşəkkür edirəm.
ŞƏRHLƏR