DUA ETMƏK İBADƏTDİR

DUA ETMƏK İBADƏTDİR

          Dua hər bir müsəlmanın həyatında çox mühüm bir yer tutur. Bununla bağlı istər yaşlı olsun, istərsə də gənc, bir çoxlarından eşitdiyimiz bir ifadə var: “Çox dualar etdik, ancaq qəbul olunmadı”. Əgər bu şəxs gənc biridirsə, sevdiyi ilə bağlı, bir işə girmək və ya imtahandan keçmək üçün etdiyi duaları, əgər yaşlı bir adamdırsa, övladlarının hidayəti, pis vərdişlərdən uzaq olması, xoşbəxt bir həyat üçün dua etdiyini, lakin qəbul olunmadığını anladar. 

          Bəzən belə deyənlərə də rast gəlmək olur: “Uzun illərdir xəstəyəm. Bu xəstəlikdən xilas olmaq üçün çox  dua etdim, ümrəyə və həccə getdim, Kəbədə dua etdim, gecələr qalxıb dualar edirəm, ancaq xəstəlik məndən əl çəkmir. Bəs mən nə etməliyəm?”  Bəzən də deyirlər: “Vaxtilə mən də namaz qılırdım, dua edirdim. Çox dualar etmişəm, amma qəbul olmayıb, buna görə də indi artıq namaz da qılmıram”.

          Bu və buna bənzər şikayətləri eşitdikdən sonra gəldiyimiz nəticə bu oldu; “Dua etməyin nə olduğu, duaların qəbulu niyə gecikir və dualar niyə həyata keçmir, Allahdan əl açıb istədiyimiz duanın gerçəkləşməsi üçün necə bir imana, inanca sahib olmalıyıq, dua edərkən hansı ruh halında olmalıyıq” kimi mövzularda insanlar çox da məlumatlı deyillər.

          “Dua” kəlməsi ərəb dilindən tərcümədə: “çağırmaq, hacət istəmək, kömək diləmək” mənasına gəlir və bəzən ümumi şəkildə “çağırmaq” nəzərdə tutulur. Termin olaraq isə dua: “Uca Allahdan ehtiyacını istəmək” mənasındadır. Dinimizin əsası duadır. Allah Rəsulu (s.ə.s) buyurmuşdur: “Dua ibadətin özüdür”. (Tirmizi, 2969) Quranın açılışı və qəlbi olan Fatihə surəsi, demək olar ki, duadan ibarətdir. Allahın Quranda haqlarında bəhs etdiyi peyğəmbərlərin hamısı dua etmişdir. Bu onların bir-birinə dövr etdikləri miras olmuşdur. Nuh (ə.s) doqquz yüz əlli il ömür sürmüşdür. Bu ömrünün hər bir mərhələsi Quranda qeyd edilmədiyi halda, etdiyi dualardan bəhs olunmuşdur. İbrahim (ə.s) haqqında da çox geniş məlumatımız yoxdur, amma etdiyi duaları çox yaxşı bilirik. Rəbbimizin peyğəmbərlər haqqında bizlərə çatdırdığı ən geniş və dolğun məlumat onların çox dua etmiş olmalarıdır. Bu baxımdan dua İslamın dəyər verdiyi ən təməl mövzulardan biri olmuşdur. Uca Allah Qurani-Kərimdə buyurur: “De: “Əgər duanız (ibadətiniz) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (əl-Furqan,77) Bu mübarək ayədə də gördüyümüz kimi, əslində dua etmək biz bəndələrin Uca Allah ilə sıx əlaqədə olması, Onu hər an yad edib çağırmasıdır ki, bu səbəblə də bəndəyə Uca Allah dəyər verər, onun Allah yanında qədir-qiyməti artar. Duaları qəbul olmasa da, bəndəyə məhz bu şərəf yetər! Başqa bir ayədə Uca Allah dua etməyimizi əmr edərək buyurur: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət (dua) etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!” (Ğafir, 60) Gördüyümüz kimi, dua etmək bəndə üzərinə vacib olub onun Yaradan qarşısında borcudur. Eyni zamanda cəhənnəmdən də xilas olmasına vasitədir. Duasız bir həyat sürmək isə Yaradan qarşısında təkəbbürlük göstərmək deməkdir ki, bu da şeytana xas bir xüsusiyyətdir.

          Dualarımızın qəbul olub-olunmaması Uca Allahın bildiyi və təqdir etdiyi, hikmətini bəndələrin bilmədiyi bir haldır. Yəni bu haqda bəndələrin geniş məlumatı yoxdur. Bununla yanaşı, duaların qəbul olunması haqqında bir sıra təsəvvürlər mövcuddur. Belə ki, əslində, Uca Allah səmimiyyətlə, ixlasla etdiyimiz duaları qəbul edir, amma istədiyimiz hacəti verib-verməməkdə özü qərar verir. Bu da sırf hikmətinə görə belə olur. Belə bir ifadə məşhurdur: “Bəzən belə də olur ki, qəbul edilməyən duaların üçün şükür edirsən”. Yəni bizim üçün dünya və axirətdə nəyin xeyirli olub-olmadığını Rəbbimiz daha yaxşı bilir. Ola bilər ki, dualarımızı bu dünyada qəbul etməz, amma axirətdə bunun əvəzində daha böyük mükafatlar bəxş edər.

Son olaraq bir xüsusu da diqqətə çatdırmaq istərdim. Biz dua edib Allahdan bir şey istəyərkən onun diləyimizi yerinə yetirəcəyinə tam inanmalıyıq. Bu baxımdan zərrə qədər də şübhəmiz olmamalıdır. Çünki o, aləmlərin Rəbbidir. Onun gücü hər şeyə yetər. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Yer üzündə günah işləmək və qohum-əqrəba ilə əlaqələri kəsməklə bağlı istəklər istisna olmaqla, Allahdan bir şey istəyən elə bir müsəlman yoxdur ki, Allah ona dilədiyini bəxş etməsin və ya onun dilədiyi şeyə bərabər bir günahını bağışlamaqla cavab verməsin”. (Tirmizi, Dəavat 126)  Bu hədisdən də anlayırıq ki, mərhəmət və əfvi sonsuz olan Rəbbimiz bəndələrinin heç bir duasını cavabsız qoymur. Ya olduğu kimi, ya da daha xeyirli şəkildə qəbul edir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz