İSLAMDA DÖZÜMLÜLÜK

İSLAMDA DÖZÜMLÜLÜK

İslamın digər dinlərə qarşı münasibətini bir çox yöndən ələ almaq mümkündür. Bunlardan biri və ən önəmlisi əqidə, düşüncə azadlığıdır. Qurani-Kərimin bəzi ayələrində “fikir azadlığı” barəsində söhbət açılarkən xüsusi ilə inanc və vicdani məsələlərdə məcburiyyətin olmadığı belə qeyd edilir: “Dində məcburiyyət yoxdur!” (əl-Bəqərə, 2/256) Bu ayə  fikir və düşüncə azadlığının önəmini göstərir. Əgər inanc barəsində azadlıq olmasaydı, Allah-Təala özü birbaşa bütün insanları eyni əqidədə yaradardı. Yunus surəsinin 99-cu ayəsində: “Əgər rəbbin diləsəydi, yer üzündəkilərin hamısı birlikdə iman gətirərdilər. Elə isə insanları iman gətirməyə sənmi məcbur edəcəksən?!” - buyurularaq məhz bu məqama diqqət çəkilmişdir. Allah-Təala insanların öz əqidələrini seçmə xüsusunda sərbəst olduqlarını Kəhf surəsində bir daha bu şəkildə qeyd etmişdir: “De: Haqq sizin rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin”. (əl-Kəhf, 18/29)

İslam dini doğduğu gündən etibarən təbliğini sülh içində yaşama prinsipi əsasında icra etmişdir. Odur ki, digər dinlərlə barışı təmin etmək məqsədilə onları ortaq məxrəcə dəvət etmişdir. Bu barədə belə buyurulur: “De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir sözə gəlin! (Belə ki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək”. Əgər yenə onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq”. (Ali-İmran, 3/64)

Kitab əhli ilə müsəlmanların kütləvi olaraq ilk tanışlığı Mədinədə baş tutmuşdur. Müsəlmanların Mədinəyə hicrət etdiyi dövrdə orada ərəblərdən başqa Bəni-Qaynuqa, Bəni-Nadir və Bəni-Qureyzə yəhudiləri də yaşayırdılar. Müsəlman olmayan müşrik ərəbləri də nəzərə alsaq, inanc baxımından üç fərqli qrupun bir arada sülh içərisində yaşamasını təmin etmək məqsədilə Hz. Peyğəmbər (s.ə.s) “Mədinə vəsiqəsi”ni hazırladı. Hz. Peyğəmbər (s.ə.s) tərəfindən hazırlanan bu vəsiqə yəhudi, müsəlman və müşriklərin bir arada sülh içərisində yaşaya bilmələrinin təminatı idi.  

Qurani-Kərim istər əhli-kitab olsun, istər müşrik olsun, heç bir qeyri-müsəlmana nəinki savaş açmağı, hətta nalayiq söz söyləməyi belə qadağan edir. Ənam surəsinin 108-ci ayəsində belə buyurulur: “Allahdan başqasına dua edənlərə söyməyin! Yoxsa onlar da bilmədən düşməncəsinə Allaha söyərlər”.

Ümumiyyətlə, İslam dini onunla savaşmayanlara, ona qarşı düşmən mövqeyindən çıxış etməyənlərə qarşı hər zaman isti münasibət bəsləmişdir. Məsələn, bir ayədə Allah-Təala belə buyurur: “Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir”. (əl-Mümtəhinə, 60/8) Bu ayədən sonra gələn ayədə isə, sizinlə din uğrunda savaşanlarla, sizi yurdunuzdan çıxardanlarla, hətta onlara yardım edənlərlə savaşmaq əmr edilir. Bunun xaricində dinindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün insanlarla sülh şəraitində yaşamaq təlqin edilir.

İslam prinsip olaraq qeyri-müsəlmanları iki qrupa ayırır: Birinci qrup müsəlmanların dininə və ya yurduna təcavüz edənlərdir ki, bu qrupla dostluq zəminində münasibət qurmaq, təbii ki, mümkün deyildir. Öz dinini və vətənini müdafiə etmək üçün bu qrupla savaşmaq Allahın əmridir. İkinci qrup isə istər əhli-kitab olsun, istər müşrik olsun, müsəlmanlarla savaşmayan, torpağını işğal etməyən, onları yurdlarından çıxartmayanlardır ki, bu qrupla sülh içərisində yaşamağı, mədəni, iqtisadi, hərbi və s. cəhətdən əlaqə qurmağı və bu münasibətlərdə vəfalı olub ədalətli davranmağı İslam vacib görür. Məsələn, Mədinədə yaşayan yəhudi və müşriklərlə, hətta Hüzaa qəbiləsi kimi kənarda yaşayan müşriklərlə Hz. Peyğəmbərin (s.ə.s) sülh və müttəfiqlik münasibəti qurması ilə yanaşı, müsəlmanlara düşmənçilik edən Məkkə müşrikləri və ya daha öncə “Mədinə vəsiqəsi”nə imza atıb müsəlmanlarla müttəfiq olduğu halda sonradan bu ittifaqı pozan yəhudilərlə savaşması hər iki qrupa aid çox gözəl nümunələrdir.

Cəmiyyət formasında yaşamağın ən vacib məqamlarından biri həmrəylikdir. Bu həmrəylik həm siyasi, həm iqtisadi, həm mədəni, həm də sosial və bir sıra bu kimi müxtəlif sahələri əhatə edir. Dünyada artıq müntəzəm xarakter alan mənfi hadisələrə qarşı yardımlaşma və müştərək mövqe olmadan mübarizə aparmaq qeyri-mümkündür. Bütün bunlara görədir ki, Qurani-Kərim cəmiyyətin mənafeyi üçün hər cür yardımlaşma və iş birliyini təşviq etmiş, pis işləri, zülmü isə qəti surətdə pisləmişdir. Maidə surəsinin ikinci ayəsində bu barədə belə buyurulur: “Yaxşılıq və təqvada yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir”.

Bütün bunlar onu göstərir ki, cəmiyyətdə sülhü bərqərar etmək üçün kimliyindən asılı olmayaraq hər kəslə xoş münasibət qurmaq, yardımlaşmaq, ədalətlə davranmaq İslam dininin ən ümdə vəzifələrindən biridir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz