''MÜSƏLMAN GƏNCLƏR DƏ ÖZ SÖZLƏRINI DEYƏ BILƏCƏKLƏR''
İrfan - Ali bəy, İslam Konfransı Gənclər Forumunun (İKGF) təsis edilməsinə səbəb olan amillər nələrdir və bu forumun gələcək fəaliyyəti haqda fikiriniz necədir?
Ali SARIKAYA - Əvvəlcə bu formun təsis edilməsi münasibəti ilə bütün İslam aləmini, xüsusən də gənclərimizi təbrik edirəm. İslam ölkələrində bir çox gənclər təşkilatları fəaliyyət göstərməsinə baxmayaraq, onların heç biri ortaq bir qurumda toplanmamışdı. Bu günə qədər İKT nəzdində heç bir gənclər təşkilatı olmamışdır. Biz yoldaşlarımızla belə bir qurumun təsis edilməsinə və bunun üçün müəyyən addımların atılmasına ehtiyac olduğunu müzakirə etdik və razılığa gəldik.
İki-üç il əvvəl bu təşəbbüs ilə çıxış etdik və bu istiqamətdə müəyyən addımlar atdıq. Bu günkü forumu reallaşdırmaq üçün müxtəlif ölkələr və beynəlxalq təşkilatlar səviyyəsində araşdırmalar apardıq, müsəlman ölkələrinin gənclər təşkilatlarının, eləcə də beynəlxalq gənclər qurumlarının nümayəndələrini dəvət etdik. Nəticədə belə bir forumun təsis edilməsi reallaşdı. Bu forumun yaradılmasında əsas məqsədimiz İslam ölkələrinin gənclərini vahid mərkəzdə birləşdirmək, onların fəaliyyətlərini eyni istiqamətdə əlaqələndirmək, eyni zamanda onların bir-birləriylə yardımlaşmalarını təşkil etməkdir. İKT ölkələrinin gənclərinin təhsilini artırmaq, onları yetişdirmək, onların gələcək fəaliyyətlərində öz ölkələrinin inkişafında rollarını artırmaları üçün yardım etmək qarşımıza qoyduğumuz məqsəddir.
İrfan - Forum qarşısına qoyduğu bu məqsədlərin öhdəsindən gələ biləcəkmi?
Ali SARIKAYA - Biz gənclərə güvənməliyik. Dünya sivilizasiyasına yaxından bələd olan, müasir standartlara uyğun təhsil almış, özlərinə güvənən, dinamik və aktiv gənclərimiz var. Biz gənclərin bu gücünü insanların və millətlərin faydası və dünya sülhünə nail olmaq üçün istifadə etməliyik. Bu gün yaşadığımız dünyada, insanların bir-birlərini başa düşmələrinə, bir-birlərinə hörmətlə yanaşmalarına, ciddi ehtiyac var. Sadəcə İslam ölkələrinin gəncləri ilə deyil, digər ölkələrin gəncləri ilə də birlikdə çalışmaq lazımdır. İnanıram ki, bu yolla dünya sülhünə və ədalətli bir həyatın qurulmasına nail ola bilərik. Bunun üçün dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün gənclərin fikirlərindən, qabiliyyətlərindən, aktivliklərindən faydalanmalıyıq.
Biz müsəlman gənclərin enerjilərini düzgün istiqamətləndirə bilsək, bu, dünyanın gələcəyi üçün çox böyük addım olacaq.
İrfan - Sizcə Müsəlman gənclərin birliyinə nail olmaq üçün hər hansı problem varmı?
Ali SARIKAYA - Xeyr. Əksinə, bu forum bir daha göstərdi ki, İslam ölkələri arasında xırda mübahisəli məsələlər olsa da, onlar nəticədə bir hədəf ətrafında birləşə bilərlər. Bu hədəf isə insanlığın xoş gələcəyinə, rifahına və xoşbəxtliyinə xidmət edir.
Bu istiqamətdə gənclə-rimizin əsas vəzifələri ilk növbədə öz ölkələrində söz sahibi olmaq və potensial imkanlarından istifadə edərək, ölkələrinin gələcəyi üçün çalışmaqdır. Həyatın bütün sahələrində gənclər gəncliyin gücünü göstərərək, millətlərinin həyatına yenilik qatmalıdırlar. Bu mərhələni keçmək üçün hazırlıqlı olmaq lazımdır. Yalnız bu yolla müsəlman aləmi indiki vəziyyətindən qurtararaq daha yüksək səviyyələrə ucala bilər. Bu əsrdə İslam aləminin yenidən ucalmasında gənclərin üzərinə çox iş düşür. Mən inanıram ki, gənclərimiz bu vəzifələrinin öhdəsindən qətiyyətlə gələrək dünyada sülhün və ədalətin bərqərar olmasına nail olacaqlar.
İrfan - Ali bəy, bildiyimiz kimi dünyada bir çox gənclər təşkilatı var. Siz bu forumun yerini və rolunu dünya gənclər təşkilatları arasında necə görürsünüz və ümumiyyətlə bu forum digər beynəlxalq və regional gənclər təşkilatları ilə işini necə quracaqdır?
Ali SARIKAYA - İlk növbədə biz İKT-yə yaxın bir qurum olaraq onlarla birlikdə çalışacağıq. Ancaq bizim məqsədimiz təkcə İslam ölkələri gənclərini təşkilatlandırmaq və istiqamətləndirmək deyil, eyni zamanda digər bey-nəlxalq təşkilatların gənclər platformaları ilə çox yaxın əlaqələr qurmaqdır. Onlarla əməkdaşlıq etməklə biz bütün insanlar arasında ortaq mövqelərin mövcudluğunu göstərməliyik. Bunun üçün danışıqlar aparmaq lazımdır. Insan tanımadığı, bilmədiyi şeyin düşmənidir. Ona görə də biz problemlərin həlli yollarını birlikdə tapmalıyıq. Gənclər daha açıq fikirli olurlar, onlarla daha rahat danışmaq mümkündür. Əgər biz mötəbər qurum-larda müsəlman gəncləri Avropa gəncləri ilə görüşə bilsək, inanırıq ki, orta yolu tapa bilərik və bu yol dünya sülhü baxımından əhəmiyyətli olar.
İrfan - Bu yaxınlarda Siz bu forumun ilk prezidenti seçildiniz. Forumun dünya səviyyəsində fəal ola bilməsi üçün hansı addımları atacaqsınız?
Ali SARIKAYA - Əvvəla İKT rəhbərliyi ilə bəzi müzakirələrimiz olacaq. İKT ilə münasibətlərimizin necə qurulacağı, onlar üçün faydalı ola biləcəyimiz yollar müəyyənləşəcək. Bundan sonrakı işimiz BMT-dəki gənclər təşkilatları ilə münasibətlər qurmaq, onlarla birgə hərəkət etməyə çalışmaq olacaq. Məqsədimiz İslam ölkələrini tanıtmaq, xüsusilə də dünyada baş verən arzu olunmaz hadisələrin qarşısını almaq üçün bəzi məsələlərin həll yollarını tapmaq olacaq.
İrfan - Foruma üzv olan hər bir İslam ölkəsinin özünəməxsus problemi var. Azərbaycan, İraq, Fələstin və.s. ölkələr kimi. Gənclər Forumu bu problemlərin həlli istiqamətində nə kimi işlər görməyi planlaşdırır?
Ali SARIKAYA - Biz gənclər bu problemlərin həllində yaxından iştirak etmək istəyirik və bu istiqamətdə birgə səy göstərib öz təkliflərimizi edəcəyik. İmkanlarımızdan faydalanaraq beynəlxalq təşkilatlarda bu problemləri səsləndirə bilərik. Gənclərin təhsilsiz qalmaması, sahibsiz qalan uşaqların küçələrdə acından ölməməsi üçün əlimizdən gələni edəcəyik. Bu mənada məsuliyyətimizi dərk edirik və çalışacağıq ki, bu işlərin öhdəsindən gələk.
Doğrusu mən hər zaman Avropa gənclərinin qurmuş olduğu təşkilatlara baxaraq həsəd edirdim. Bu gün isə fəxrlə qeyd etmək istəyirəm ki, nəhayət biz müsəlman gənclərin də öz dərdlərini söyləyə biləcəkləri bir qurumu oldu. Məqsədimiz başqalarını təqlid etmək deyil. Ancaq dünyada gedən proseslərə baxaraq dərslər çıxarmalı, öz adət-ənənələrimizi qoruyaraq, İslami dəyərlər çərçivəsində öz mənliyimizi mühafizə edərək ortaq yollar axtarmalıyıq. Bunun üçün də hər sahədə özümüzü yetişdirməliyik.
İrfan - Ali bəy, gələcək fəaliyyətinizdə sizə müvəffəqiyyətlər arzulayıram.
ŞƏRHLƏR