Allah Dərgahında Məqbul Həcc HƏCCİ-MƏBRUR
Allah Təala buyurur: “Həcc (mövsümü) məlum olan aylardır. (Həmin aylarda) həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. ...” (əl-Bəqərə, 197)
“...Hər kəs Allahın mərasiminə hörmət etsə, bu, şübhəsiz ki, qəlblərin təqvasındadır. (əl-Həcc, 32)
“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. (səmimi qəlbdən etdiyiniz ibadətdir)...” (əl-Həcc, 37)
Mühəmməd (səs) buyurur:
Həcc edin! Çünki (məqbul bir) həcc, suyun kiri yuduğu kimi günahları təmizləyər.” (ət-Tərğib vət-Tərhib)
“Bir ümrə, digər ümrəyə qədər arada işlənənlər üçün kəffarətdir. Həcci-məbrurun əvəzi cənnətdən başqa bir şey ola bilməz!” (Buxari, Ümrə, 1)
Peyğəmbərimiz Hz. Mühəmməd (səllallahu əleyhi və səlləm), Məkkə və Mədinə mərkəzli bir əsri-səadət yaşamış və yaşatmış, beləcə o bölgələr, qiyamətə qədər Islamın və Müsəlmanların nəbzinin vurduğu mübarək bir məkana çevrilmişdir.
Nəbilər silsiləsinin müəzzəz xatirələri ilə dolu olan, imanlı ürəklərin ruhi aləmi ilə bəslənən və aşiqanə göz yaşlarıyla sulanmış olan bu mübarək torpaqlarda arif bir könüllə həcc və ümrə edənlər, orada bir çox peyğəmbərin əziz xatirələrindən feyz alırlar.
Həccdə ilahi əzəmət qarşısında qul heçliyini xatırlar və geyilən ehramlarla bir növ kəfən iqliminə girmənin təsiri və təfəkkürü içində yaşayar. Bu baxımdan həccdə bəlkə də ən mühüm istifadə, “ölmədən əvvəl ölmək” sirrini dəfələrlə yaşayaraq qəlbən diri qalaraq “Rəbbinə dön...” (əl-Fəcr, 28) şəklindəki ilahi dəvətin vəcdi içində olmaqdır.
Ayrıca ehrama bürünənlər, müəyyən bir vaxt bəzi halalların belə yasaqlanması səbəbilə, şübhəli və haramlardan nə qədər uzaq durmaq lazım gəldiyinin bir başqa təlqinini hiss edərlər. Yenə ehram halında ikən, otu üzmək, ov ovlamaq, ovçuya ovu göstərmək kimi hərəkətlərin yasaqlanması ilə də mərhəmət, nəzakət və incəlik dolu bir iman həssaslığına çatırlar.
Bütün ibadətlər kimi həcc və ümrə ibadətlərinin də Allah qatında məqbul ola biləcək bir dərəcədə əda edilməsi, bir iman və ürfan üfqüdür. Çünki həcc və ümrəni -bilinən ifadəsilə- “məbrur” (Allah tərəfindən bəyənilib qəbul edilən) olaraq ifa edəbilmək, günahlardan təmizlənməyə vəsilədir. Yəni bu ibadətlərdən arzu edilən nəticə, onları ancaq Haqq Təalanın razı olduğu dərəcədə yerinə yetirəbilməklə hasil olur.
Bu barədə Şibli Həzrətlərinin həccetmiş birinə, həccin qəlbi cəhətinə işarət edərək söylədiyi bu sözlər, çox ibrətli bir xəbərdarlıq və irşad mahiyyətindəndir:
“Həccə niyyət etdiyin zaman, bugünə qədər işlədiyin günahlara tövbə edib doğru-yola yönəlmədinsə, həqiqətdə niyyət etmiş olmazsan.
Ehram üçün paltarını çıxarırkən hər günahdan da soyunmadınsa, bil ki, əslində paltarını çıxarmamısan.
Həcc üçün güsl edərkən bu təmizlik, səndəki mənəvi kirləri və qəlbi xəstəlikləri də təmizləmədisə, həqiqətdə təmizlənmiş olmazsan.
Hərəmi-Şərifə girərkən hər haramı və Haqqdan uzaqlaşdıran hər söz və davranışı tərk etməyə söz vermədinsə, gerçəkdə Hərəmə girmiş sayılmazsan.
Qurban kəsərkən ititamahlığını və iradəni Haqqın rizasında yox etmədinsə, əslində qurban kəsmiş olmazsan.
Şeytana daş atarkən içindəki cəhaləti və vəsvəsələri də daşlaya bilməmisənsə, səndə elm və ürfan hasil olmamışsa, həqiqətdə daş atmış sayılmazsan...“ (Bax: İbn Ərəbi, Fütuhatul-Məkkiyyə, c. X, səh. 133-138)
Xülasə, Şibli Həzrətlərinin diqqəti çəkmək istədiyi cəhət:
“Allahdan ötrü həcc və ümrə əməllərini tam yerinə yetirin...” (əl-Bəqərə, 196) ilahi fərmanına riayətdir. Şibli Həzrətlərinin də işarə etdiyi kimi Allah qatında məbrur (bəyənilən) həcc və ümrə üçün riayət edilməsi lazım gələn ölçülərin başlıcaları bunlardır:
1. Həccə ixlasla niyyət edib buna tərs niyyət və davranışlardan bir dəfəlik əl çəkmək;
2. Ehram üçün paltarlarını çıxarırkən masəva paltarlarını da (dünyəvi olan hər şeyini) çıxarmaq;
3. Maddi və Mənəvi təmizlik işləri aparmaq;
4. Haram və şübhələri tərk edərək Hərəmi-şərifə (Kəbə və onun ətrafı) ədəblə girmək və dini əlamətlərə təzim göstərmək;
5. Iradəni Haqqın risazına qurban etmək;
6. Şeytanı və nəfsi daşlamaq;
7. Fasiləsiz zikir və dua halında olmaq;
8. Könlün ilahi əfv, feyz və mükafatı dadması.
Mədineyi-Münəvvərə ziyarəti:
Həcc və ümrədən əvvəl və ya sonra ziyarət edilən Mədineyi-münəvvərənin, sinəsində kainatın ən uca cövhərini daşıdığı unudulmamalı, Ona ədəb və təzim göstərilməlidir.
Çünki Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurmuşdur.
“... İbrahimin (əleyhissəlam) Məkkeyi-Mükərrəməni hərəm (bölgəsi) qılması və onun üçün dua etməsi kimi mən də Mədineyi-Münəvvərəni hərəm bölgəsi qıldım...” (Buxari, Fəzailül-Mədinə, 6)
Bu səbəbdən Mədineyi-Münəvvərəyə də eynilə Məkkeyi-Mükərrəmə kimi bəlkə daha da çox təzim göstərmək lazımdır. Çünki bütün kainat, Onun üçün xəlq olunmuş və Ona ithaf edilmişdir.
Bu həssaslığın bir təzahürüdür ki, Məscidi-Nəbəvinin (Peyğəmbər məscidinin) imamı olan İmam Malik həzrətləri Rəsulullahın basdığı torpağa hörmətən, Mədineyi-Münəvvərədə heyvan üstünə minməz, ayaqqabı geyməzdi. O qədər ədəb sahibi idi ki, dəstəmaz təzələmək üsün Mədineyi-Münəvvərənin xaricinə çıxardı.
Bax, həcc və ümrə edənlərin o iqlimin əziz xatirələrindən layiqilə istifadə edə bilmələri üçün o ülvi məkanlarda ədəb və hörmət duyğuları içində olmaları zəruridir. Çünki həqiqi istifadənin ilk şərti ədəbdir.
Xalidi Bağdadi Həzrətlərinin yaşadığı bu hadisə, nə qədər ibrətlidir:
Həcc üçün yola çıxıb Mədineyi-Münəvvərəyə çatdığı zaman orada nur üzlü bir şəxslə rastlaşdı və ondan öyüd tələb etdi. O şəxs də belə dedi:
“-Ey Xalid! Məkkəyə çatdığında Kəbədə ədəbə zidd bir şey görərsən, müxatəbin haqqında həmən süi-zənnə qərq olub öz-özünə səhv bir hökm vermə! Gözünü və qəlbini təcəssüsdən uzaq tut! Iç dünyanı bəzəməklə məşğul ol!”
Ancaq Məkkeyi-Mükərrəməyə getdiyində oradakı mənəvi feyzin həyəcanı ilə adəta bir könül sərxoşluğu içinə düşən Xalidi Bağdadi Həzrətləri, bu şəxsin nəsihətini unutduğu halda bir Cümə günü dağınıq qiyafəli, qərib və nurani bir dərvişin Kəbəyə arxasını çevirib ona baxması diqqətini çəkdi. İçindən:
“-Bu nə qafil bir kimsədir ki, ədəbə zidd olaraq Kəbəyə arxasını çevirib! Bu mübarək məqamdan xəbərdar deyil!”-deyə düşündü.
Bu əsnada üzbəüz olan o zat, Xalidi Bağdadiyə:
“-Ey Xalid! Bilməzsənmi ki, möminə hörmət, Kəbəyə hörmətdən daha fəzilətlidir. Çünki qəlb, nəzərgahi-ilahidir (Allah Təalanın nəzər etdiyi yer). Səlim bir qəlb, beytullahdır. Mədinədəki o saleh zatın nəsihətini könlündə mühafizə et!”- dedi.
Bu sözlərdən Mövlana Xalidi Həzrətləri titrədi, bu kimsənin adi bir şəxs deyil, böyük vəlilərdən biri olduğunu başa düşərək həmən əllərinə sarıldı və bağışlanmağını dilədi.
Xülasə, məqbul və məbrur bir həcc və ümrənin mömin könüllərə qazandıracağı fəzilətlər saysızdır. Nə var ki, həcc və ümrənin ədəbinə riayət edilməyib o mübarək bölgələrdə qafilanə vaxt keçirilirsə, layiqi vəchilə bir istifadə mümkün olmaz. Bu mənada həmin incə mətləb ən böyük bir xəbərdarlıq mahiyyəti daşıyır:
Pakistanın mənəvi memarı Məhəmməd Iqbal, bir gün Mədinədən dönən hacıları ziyarət edərək onlara bir müsəlman könlünü nümayiş etdirən bu sualı soruşur:
“-Mədineyi-Münəvvərəni ziyarət etdiniz; üxrəvi Mədinə bazarında könlünüzü nə kimi hədiyyələrlə doldurdunuz? Gətirdiyiniz maddi hədiyyələr; təsəklər, təsbehlər, səccadələr bir müddət sonra köhnələcək, solacaq və bitəcək. Mədinənin solmayan, könüllərə həyat verən, ruhi hədiyyələrini gətirdinizmi?...
Hədiyyələriniz içində Həzrəti Əbu Bəkrin sidq və təslimiyyəti; Həzrəti Ömərin ədaləti; Həzrəti Osmanın həya və comərdliyi; Həzrəti Əlinin irfan və cihadı varmı? Bu gün min bir iztirab içində qıvranan Islam dünyasına könlünüzdən bir əsri-səadət həyəcanı verə biləcəksinizmi?”
Ya Rəbb, bizi Hərəmeyniş-Şərifeyni ziyarət ilə müşərrəf qıl!
Həcc və ümrəmizi məbrur eylə, Ya Allah!...
ŞƏRHLƏR