Hacı İbrahim İbrahimov
“Xalqımızın çoxəsirlik mənəvi dəyərinin qorunması və mənsub olduğumuz İslam dininin əsas mənbələrindən öyrənilməsinə dövlətimizin xüsusi diqqəti və qayğısı nəticəsində, bu sahədə fəaliyyət göstərən elm-təhsil ocağı Bakı İslam Universitetinin Zaqatala şöbəsi”
Müsahibimiz Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdiri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala -Balakən rayonları üzrə bölgə qazısı Hacı İbrahim İbrahimov.
Mayis BABAYLAR
İrfan: Hörmətli Ibrahim müəllim! Müsahibəmizin əsas mövzusuna keçməzdən əvvəl Sizi bir az daha yaxından tanımaq istərdik. Zəhmət olmasa, bu barədə:
İbrahim İbrahimov: Təşəkkür edirəm. Mən 1957-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya göz açmışam. İlk və orta təhsilimi də elə o kənddə almışam. Ailəmiz dindar olubdur. Sovet quruluşunun ən ateist dövrlərini yaşasaq belə valideynlərimin həmişə ibadətlə məşğul olduğunu görmüşəm. Elə buna görə də məktəbdə oxuduğum illərdə çox zaman ailəmiz və həmçinin mən müxtəlif təsir və təhqirlərə məruz qalırdıq.
Lakin buna baxmayaraq orta məktəbi bitirdikdən sonra babam Məhəmmədəlinin (mən hələ uşaq ikən, məktəbə getməzdən əvvəl babam mənə Qurani-kərimi öyrətmişdi) arzusu və köməyi ilə dini təhsil almaq üçün Buxara Mir-Ərəb Mədrəsəsinə göndərildim. Sovet reúiminin nə qədər sərt qanunları olsa da burada oxumaq mənə də nəsib oldu. 7 illik mədrəsəni 3 ildə müvəffəqqiyyətlə bitirdikdən sonra Imam Buxari adına Daşkənd Islam Institutuna daxil oldum. Institutu bitirdikdən sonra vətənə qayıtdım. Gənc olmağıma baxmayaraq hörmətli Şeyximizin göstərişi ilə imam, daha sonra isə bölgəmizə qazı təyin olundum.
İrfan: Bəs necə oldu ki, bölgənizdə Bakı İslam Universitetinin Zaqatala şöbəsi yarandı? Hər halda bunu burda yaratmaqda bir məqsəd vardır?
İbrahim İbrahimov: Tamamilə doğrudur. Bilirsiniz ki, bölgəmiz etnik baxımdan çox mürəkkəbdir. Burada müxtəlif millətlərin nümayəndələri uzun illərdən bəri bir-birilə dost və qardaşcasına yaşamışlar. Lakin dövlətimiz müstəqil olduğu dövrlərdən sonra respublikamızın hər yerində olduğu kimi, bölgəmizə də xeyriyyəçilik adı altında müxtəlif xarici təşkilat və cəmiyyətlər gəlməyə başladılar. Onlar bu ad altında dini missionerlik fəaliyyətlərilə məşğul olurdular. Bu da burada yaşayan xalqların haqlı narazılığına səbəb olurdu. Az qalırdı ki, eyni kökdən olan etnik qruplar arasında da parçalanma getsin. Belə olduğu üçün də, yerli camaatda öz dinini öyrənmək arzusu yaranırdı.
Bu məqsədlə də gənclərimiz qeyri-qanuni yollarla, yəni qaçaq yolla qonşu Dağıstan respublikasına, o cümlədən ərəb dövlətlərinə üz tuturdular. Dini təhsil almaq üçün xaricə gedən gənclərimiz müxtəlif cəmiyyət və şəxslərin himayəsində olduqları üçün onların maraqlarına görə hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da nəticədə milli bərabərlik və dövlətçilik zəminində münaqişələrə səbəb olurdu. Dövlətimiz bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görsə də, proses getdikcə mürəkkəbləşirdi. Belə olduğu təqdirdə bölgədə dini tədris müəssisəsinə olan ehtiyacın labüdləşməsi bizə bu addımı atmağa imkan verdi. Əlaqədar dövlət rəsmilərinin tövsiyələri, hörmətli Şeyximizin təşəbbüsü və Onun 121 saylı əmri ilə, 1998-1999-cu tədris ili üçün müəssisəmizin yaradılmasına nail olduq.
İrfan: Hər halda bütün bunların burada gerçəkləşməsi üçün maddi dəstək də lazım idi. Bu necə oldu?
İbrahim İbrahimov: Düz buyurursunuz. Biz qeyd etdik ki, dini təhsil almaq məqsədilə xaricə gedən gənclərimiz müxtəlif cəmiyyət və şəxslərin himayəsində idilər. Bu himayədarlar orada onların hər cür maddi və mənəvi ehtiyaclarını qarşılayırdılar. Ona görə də şöbəni təsis etməzdən əvvəl bütün bunlar nəzərə alınmalı idi. Tələbələrin yataqxana, yemək və s. bu kimi ehtiyaclarını qarşılamaq lazım gəlirdi. Bütün bu kimi problemlər Qafqaz Müsəlmanları Idarəsinin rəsmi müraciətilə, Gəncliyə Yardım Fondu arasında bağladıqları müqavilə əsasında öz həllini tapdı. Təbii ki, buradakı tikililər; məscid, təhsil və yataqxana korpusları, qazılıq və Quran kursu binaları da öz başına olmadı. Gördüyünüz bu bunlar da bünövrəsindən ta bu günə qədər bizə hər cəhətdən kömək və qayğı göstərən Gəncliyə Yardım Fondunun köməyi və vasitəçiliyi hesabına imkanlı türk qardaşlarımızın səyləri və yardımları nəticəsində ərsəyə gəldi.
İrfan: Çox gözəl. İbrahim müəllim, xüsusən şöbənizin indiki fəaliyyəti bizi çox maraqlandırır, nə qədər tələbəniz vardır? Onları necə seçirsiniz? Müraciətlər əsasən hansı bölgələrdən daha çoxdur? Zəhmət olmasa, bu barədə...
İbrahim İbrahimov: Bilirsinizmi, düzünə qalsa biz müəssisəmizin belə az bir vaxtda nəinki respublikamızda, hətta xaric də belə tanınacağına ümid bəsləmirdik. Lakin bizim burdakı fəaliyyətimiz; əsasən dinimizə və ayrı-ayrı məzhəb və firqələrdən olan müsəlmanlara qarşı düzgün münasibətimiz, seçilən fənlər, elmi səviyyə və kadr potensialı, buradakı şərait və imkanlar buna təkan verdi. Belə ki, burada 150-yə qədər tələbə təhsil alır. Onlar, daxili test üsulu ilə aparılan imtahan və müsabiqənin nəticələrinə görə seçilirlər. Bizə müraciətlər Azərbaycanın bütün bölgələrindən, eyni zamanda qonşu Gürcüstan, Rusiya və Ukraynada yaşayan müsəlmanlar tərəfindən də edilir. Elə buna görədir ki, beynəlmiləl bir kollektivimiz var. Bu ilki qəbulda isə Azərbaycanda yaşayan azsaylı xalqlara və Gürcüstandakı soydaşlarımıza üstünlük vermişik.
İrfan: Ümumiyyətlə, din təhsili sahəsində mövcud ehtiyacların qarşılanması baxımından şöbənizin fəaliyyətini necə qiymətləndirirsiniz? Hansı fənlər tədris olunur. Bu sahədə kifayət qədər kadrlarınız vardırmı?
İbrahim İbrahimov: Mən çox böyük əminliklə deyə bilərəm ki, şöbəmizdə din təhsili sahəsində görülən işlər bu günün tələbləri baxımından tam üst-üstə düşür. Belə ki, burada, Azərbaycandakı və ümumən dünyadakı mövcud dini və bəşəri vəziyyət tam nəzərə alınaraq tələbələrimizin hər tərəfli elmə və inkişafa yiyələnə bilmələri üçün dini fənlərlə yanaşı bəşəri, dünyəvi fənlərin öyrənilməsinə də diqqət yetirilir. Qurani-kərim, dinin əsasları, İslam hüququ, təfsir, hədis, İslam tarixi, dinlər və məzhəblər tarixi, fəlsəfə, əqaid, məntiq və natiqlik, pedaqogika, psixologiya, sosiologiya və s. bu kimi dini dərslərlə yanaşı, Azərbaycan dili və ədəbiyyatı, Ərəb dili, İngilis dili, Azərbaycan tarixi və coğrafiyası, Azərbaycan Konstitusiyası və hüququ, kompüterdən istifadə qaydaları kimi dünyəvi dərslər də tədris olunur. 5 illik tədris müddətini əhatə edən proqram hazırlanmışdır ki, bu da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmişdir. Demək olar ki, bu sahədə kadr problemimiz yoxdur. Dini sahə ilə əlaqəli kadr təminatı isə Qafqaz Müsəlmanları İdarəsinin razılığına əsasən yenə də GYF-nin xətti ilə həyata keçirilir. Müəllimlərimizin hamısının ali təhsili və elmi dərəcələri vardır.
İrfan: Şübhəsiz ki, bu da təhsilin yüksək keyfiyyətdə olması üçün real imkan yaradır.
İbrahim İbrahimov: Sözsüz.
İrfan: İbrahim müəllim! Bir az da məzunlarınız barədə məlumat almaq istərdik. Ümumiyyətlə, bilmək istərdik ki, məzun olacaq tələbələr nə işlə məşğul olurlar. Nə qədər məzun vermisiniz? Onlar təhsillərini davam etdirə bilirlərmi. Onlarla əlaqəniz varmı, bu sahəyə müvafiq işlə təmin edilirlərmi?
İbrahim İbrahimov: Şöbəmiz artıq üçüncü ildir ki, məzun hazırlayır. Məzun olacaq tələbələr təhsilin əsas hissəsini başa vurduqdan sonra, tədris və istehsalat təcrübəsinə buraxılırlar. Daha sonra hər bir tələbə mövzu təyin edərək, Diplom işlərini hazırlayır. Hazırladığımız Diplom işləri Şöbəmizdə qonaq olan hər bir elm adamının maraq və diqqətinə səbəb olur. Bu iki ildə cəmi 39 nəfər məzunumuz olubdur. Düzdür, məzunlarımızın təhsillərini davam etdirə bilmələri üçün bir çox problemlər vardır. Onlar da digər ali məktəb tələbələri kimi magistr, doktorluq dərəcəsi almaq istəyirlər. Lakin mövcud qanunlar buna imkan vermir. Yaxşı olardı ki, əlaqədar dairələr bunun həllində bizə kömək etsinlər. Çünki həm dövlətimizin və həm də xalqımızın dini sahədə yüksək elmli mütəxəssislərə ehtiyacı vardır. Bizim bu barədə müraciətlərimiz çox olubdur. Ancaq onların bir hissəsini bu sahəyə müvafiq işlərlə; imam, müəllim, tərbiyəçi müəllim kimi vəzifələrə təyin etsək də bu çox azdır. Biz çalışırıq ki, onlarla əlaqə saxlayaq, lazım gələn köməkliyi edək.
İrfan: Ibrahim müəllim! Müəssisənizdə keçirilən digər tədbirlərdən də bəhs etməyinizi istərdik. Biz bilirik ki, burada vaxtaşırı bir-birindən maraqlı müxtəlif növ tədbirlər keçirilir. Bu barədə...
İbrahim İbrahimov: Bilirsinizmi, bu bizim fəaliyyətimizin əsas hissəsidir. Biz çalışılrıq ki. dini maarifləndirmə sadəcə tələbələrimiz üçün olmasın, eyni zamanda burada yaşayan insanlar da bundan faydalana bilsinlər. Onun üçün də biz müəllimlərimizin elmindən istifadə edərək hər həftə yerli "Aygün" TV ilə birlikdə verlişlər hazırlayırıq. Ramazan aylarında isə belə verlişlərlə camaat qarşısında müntəzəm iştirak edirik. Bundan başqa şöbəmizin konfrans salonunda bir-birindən maraqlı elmi diskusiyalar təşkil edilir, elm, peşə, incəsənət adamları ilə müxtəlif növ görüşlər keçirilir. Dövlətimizin rəsmi gün və bayramları xüsusən qeyd edilir, dini gecə və bayramlarımıza böyük əhəmiyyət veririk. Tez-tez dövlət nümayəndələrinin iştirakı ilə tədbirlərimiz olur.
İrfan: Çox gözəl, Ibrahim müəllim! Qarşıdan Qurban bayramı gəlir, yəqin ki, Siz də bu bayrama hazırlaşırsınız. Xalqa ehsanlar verilirmi? Bu iş, burda necə təşkil edilir?
İbrahim İbrahimov: Doğrudur, hər il müəssisəmizdə GYF-nin xətti ilə çoxlu qurbanlar kəsilir. Bunların bölüşdürülüb, paylaşdırılması rayon icra strukturlarının verdikləri siyahılar əsasında təyin edilir. Belə ki, ehsanlar əsasən şəhərimizdə yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, kasıb və az təminatlı ailələrə və s. bu kimi insanlara verilir.
İrfan: Hörmətli Ibrahim müəllim! Maraqlı və ətraflı müsahibənizə görə çox sağ olun. Biz də fürsətdən istifadə edərək Sizi və kollektivinizi qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirik.
İbrahim İbrahimov: Mən də sizin yaradıcı kollektivinizi və dəyərli oxucularınızı bu müqəddəs bayram münasibəti ilə təbrik edir, ulu yaradandan sizə bütün işlərinizdə müvəffəqiyyət arzulayıram
ŞƏRHLƏR