İSLAMDA AİLƏ və QADIN

İSLAMDA AİLƏ və QADIN

Fərdlərin psixo-sosial həyatına təsir edən ilk ictimai mühit ailə birliyidir. Etiqad, adət ənənələr, əxlaq və milli mənəvi dəyərlərin mühafizə edilməsi və nəsildən nəsilə keçməsi ilə uşağın ictimai-mədəni şəxsiyyətinin  formalaşmasında ailə qurumu ən böyük rolu icra edir. Yəni cəmiyyətin gələcəyi hesab olunan hər uşaq, yaşadığı cəmiyyətin dəyərlərini ilk dəfə ailədə öyrənir. Təbii ki, ailəni onun əsasını təşkil edən tərəflərdən biri kimidir.

Ümumiyyətlə ailə dar mənada qohumluq münasibətləri ilə bir-birinə bağlanan fərdlərin meydana gətirdiyi cəmiyyətdir. Tarixən ailənin,bu qurumu təşkil edən fərdlərin yaşadığı dövrlərə, regionlara, ictimai və iqtisadi quruluşlara görə müxtəlif formaları mövcud olmuşdur. Bu mənada geniş və nüvə ailə formaları təşəkkül tapmışdır.

Bundan əlavə ailədəki hakimiyyətin ata və anada olmasına görə də ailənin iki - patriarxa və matriarxa - forması olduğunu bilirik. Bir də ailədə həyat yoldaşlarının tək evlilik (monoqami) və çox evliliyinə (poliqami) dayanan ailə formaları da vardır.

İslam dini ailə birliyinə böyük əhəmiyyət verilmiş müxtəlif ayə və hədislərlə insanlar ailə qurmağa həvəsləndirilmişdir. Çünki ailə həm nəslin davamına xidmət, həm də dinən günah sayılan bəzi əməllərə mane təşkil edir. Qurani Kərimin Rum surəsinin 21-ci ayəsində belə buyrulur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir. Həqiqətən bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır". Həzrət peyğəmbər isə bir Hədisi Şərifində belə buyurur: "Nikah mənim sünnəmdəndir. Kim mənim sünnəmi tətbiq etməzsə bizdən deyildir. Evlənin, mən digər ümmətlərə qarşı sizin çoxluğunuzla iftixar edirəm".

Dini etiqad əsasında formalaşan bir sıra cəmiyyətlərdə olduğu kimi müsəlman ailəsinin prototipi patriarxaldır. Lakin Yəhudilikdə, Roma və qədim Ərəb cəmiyyətlərində mövcud olan ailənin bu formasından məzmun və mahiyyətcə fərqlidir.

İslama qədərki dövrdə ictimai vəziyyəti ağır olan qadın, istər Asiyada, istərsə də Avropada öz hüquqlarından məhrum idi. Kişi istədiyi zaman onu boşayıb istədiyi vaxt ala bilərdi. Ümumiyyətlə qadın bir əşya kimi düşünülürdü. Yəhudi qızları ata evində belə xidmətçi kimi hesab olunur, İrandakı Məzdək və Zərdüştlük dini ana və bacı ilə evlənməyə icazə verirdi. Belə bir tarixi şəraitdə nazil olan müqəddəs İslam dininin təbliğatçısı həzrəti Muhəmməd (ə.s.): "Cənnət anaların ayaqları altındadır" deyərək qadına laiq olduğu dəyəri vermişdir.

İslam şəriət qaydaları (konkret İslam hüququ) qadın və kişi münasibətlərində tarazlığı təmin edərək ahəng qurmuş, gətirdiyi yeniliklər və qoyduğu əsaslarla qadının ictimai mövqeyini yüksəltmişdir. Bu yeniliklərə bir nəzər salaq:

1) İslam qadını kişiyə tay hesab etmiş, qız uşağını da oğlan uşağı kimi Allahın lütfu olduğunu, Allahın dilədiyinə qız, dilədiyinə oğlan uşağı verdiyini vurğulamışdır.

2) İslam hər iki cinsi Allaha qulluq baxımından bərabər saymışdır. Müqəddəs kitabımız Qurani Kərim qadınla kişinin bir-birini tamamladığını və insanlıq baxımından aralarında hər hansı bir fərqin olmadığını qeyd edər.

3) İslama görə qadın da kişi də dindar olmaq və ibadət nöqteyi nəzərindən laiqli hesab olunur və edəcəyi əməllərə görə mükafatlandırılacaq vəya cəzalandırılacaqdır. Cinsiyyət fərqi savab əksikliyinə səbəb təşkil etmədiyi kimi, eyni zamanda Allaha qulluq baxımından da bu fərqin heç bir əhəmiyyəti yoxdur. Çünki İslamda kişilərə fərz olunan qadınlara da fərz olunmuş yaxud da kişilərə yasaq edilən əməllər qadınlara da yasaq edilmişdir.

4) İslam hüquququnda boşanma haqqı yalnız kişilərə verilməmişdir. Bu işdə qadınlar da haq sahibidir.

5) İslam çox arvadlılığı məhdudlaşdıraraq dördə endirmiş, lakin bunu əmr etməmişdir.

6) İslam, bir çox cəmiyyətlərdə və islam öncəsi Ərəblərdə olmayan mirasçılıq haqqını qadına bəxş etmişdir. Artıq o varis olma haqqına sahibdir.

7) İslam hüququna görə ər, arvadın və uşaqların nəfəqəsini onların qidasını və yaşayış yerini təmin etmək məcburiyyətindədir. Buna müqabil qadın da uşaqların tərbiyəsi və ev işlərinlə məşgul olmalıdır. İslam bu hökmləri ilə ailə nizamını qurduğu kimi, həm də ailə bağlarını daha da möhkəmləşdirmək üçün fərdlərin bir-birlərinə qarşı münasibətlərində səmimiyəti və qarşılıqlı sevgini təlim etmişdir.

Fikirmizi həzrəti Muhəmməd (ə.s.)'ın ömrünün sonuna doğru etdiyi vida xütbəsəindəki bu sözləri daha dolgun təsdiq edir və eyni zananda İslamın ailə formasının mahiyyətini ifadə edir: "Ey insanlar! Sizin qadınlar üstündə bir sıra haqlarınız vardır ki, onlar sizin haqlarınıza əməl etməlidirlər... onların da sizin üstünüzdə haqları vardır. Onlara yaxşı davranın və Allahdan qorxun. Həyat yoldaşlarınıza şəfqətlə münasibət göstərin. Siz onları Allahın əhdi ilə aldınız, onlar sizə Allahın əhdi ilə halal olmuşdur."

Bəşəriyyətin ən şərəflisi, kamil insan həzrət Muhəmməd (s.a.v.) qadın haqqında belə söz edərkən Avropa fikir tarixində özünəməxsus yeri olan, Avropa tarixində mədəniyyət və hürriyyət uğrunda mübarizənin liderlərindən Volter, Russo, Didero, Montesquei kimi şəxslərin qadın və onun hüquqları haqqında dediyi sözləri burada hallandırmaqdan ar edirik.

Bu mənada Müsəlmanın kiçik Cənnəti olan ailə yuvasının səadəti üçün həyat yoldaşlarının bir-birini sevməsi, hörmət göstərməsi, hüquqlarına riayət etməsi, namus və şərəfini qoruması lazımdır. Şübhəsiz ki, bunlara riayət edilərsə, ailə Cənnətdən bir parça olar.

Əks halda, yəni ailə fərdlərinin bir-birlərini başa düşməməsi, hörmət göstərməməsi, saymaması hallarında  ailə, cəhənnəm çuxurlarından bir çuxur halına gələr. Bir də unudmamaq lazımdır ki, ailə sevgi, məhəbbət, səmimiyyət kimi ülvi duyğuların bölüşüldüyü dünya evidir. Öz növbəsində İslam dini də həm bir qurum olaraq ailəyə, həm də bəşər olaraq onun nümayəndələrinə böyük dəyər vermişdir. Məhz buna görə bu dinin əsasından hesab olunan Quranda "ana-ataya of belə deməyin" (İsra 21) buyrulur. Məhz elə buna görə İslam Peygəmbəri "kim yaxşılıq edilməyə daha laiqdir" sualına üç dəfə "ana" dedikdən sonra "ata"deyir

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz