YERİYƏN ÇİNARLAR

YERİYƏN ÇİNARLAR

İnsan yetişdirmək çinarları yeridə bilmək sənətidir. Ankaradan Bakıya, İstanbuldan Bosniyaya, Qazaxıstana, İndoneziyaya... Çinarlar yeriməsəydi, İslam Məkkənin sərhədlərini aşa bilərdimi?

Çinarları yeridə bilmək üçün yerimək yazımdır. Yeriyə bilməyən yeridə bilərmi? Gülə bilməyən güldürə bilməz, olmayan oldura bilməz. Çinarlar necə yeriyər deyirsiniz? Dağlar necə yeriyirsə, onlar da elə. (ən-Nəml, 88)

124 000 peyğəmbərin davasıdır, çinar olmaq. Təkbaşına qalsan da, ətrafında heç kim olmasa da, ayaqda qalacaqsan, ayaqda öləcəksən. Ömrün boyunca sərin kölgənlə rahatlıq bəxş edəcək, quşlara yuva olacaqsan...

Çinar olmaq, əzəmətli olmaq təkbaşına qalsan da, meydan oxumaqdır. Yayı isti və quraq, qışı ilıq və yağıntılı keçən iqlimlərdə (Aralıq dənizi bölgəsi) “maki” deyilən bitki örtüyü yetişir. Xırda yabanı ağaclardan və çalılardan meydana gələn makilərin hündürlüyü iki metri keçmir, sərt yarpaqlı və tikanlı bitkilərdən ibarət olur. Maki kimi insan olmaq rahatdır. Bunun üçün əziyyət çəkməyə gərək yoxdur. Çinar olmaq isə “la ilahə illallah”ın “la”sı kimi dik və aşmaz olmaqdır. İbn Ömərin (r.a) nəql etdiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsanlar, arasında miniləcək bir dənə də heyvan tapılmayan yüz dəvəlik sürü kimidir”. (Buxari, Riqaq, 35)

Dərdimizi, sirrimizi açacağımız “Bir”dən başqa birimiz varmı? Könül coğrafiyamıza yayılan Yeriyən Çinarlarımızın sayını Allah bilir. “Övliyalarım qübbələrimin altında (gizli)dir. Onları məndən qeyrisi bilə bilməz”. (Hədisi-qüdsi)

Loğman Helvaçı xocamız “Altınoluk” jurnalında nəşr edilən “Bakıdan Batuma uzanan yolda” başlıqlı məqaləsində çinarlar yetişdirən torpaqdan bəhs etmişdi (2007). Biz də Zaqataladan Bakıya uzanan yolda “Çinar”ların kölgəsində kölgələnəcəyik.

Zaqatala şəhər mərkəzində mühafizə altına alınmış yüzillik çinarlar var. Çinardan daha çox o çinarları əkən insanların niyə məhz çinar ağacı əkdiyini düşünmək lazımdır. “İnsan ölər, əsəri qalar...”

Zaqataladan Bakıya gedərkən Əliabad qəsəbəsindən keçirik. Əliabadlı Musabdan Əmrullah dayıya, Darçın əfəndidən Abdurrahman dayıya qədər torpağın altı da, üstü də çinarlarla doludur. Əliabad mədrəsəsinin bağçasında 12 yaşına gəlmiş bir çinar var, Əhməd Bakırkaya xocamızın yadigarı. Ə.Bakırkaya kimdir deyirsiniz? Kim olmadığını deyim, kim olduğunu bir az açıqlamış olaram: “Yayda çalıb qışda oynayan cırcırama kimi deyil”.

Ağdaş şəhəri Azərbaycanın ortasındadır. Xəritədə haradadırsa, könüldə də oradadır. Türyan çayının kənarında təkbaşına dayanan, içi oyuq bir çinar var. Çinarın içinə stol qoyub çay içirlər. Çinar ağacının kölgəsində çay içməyi başa düşürəm, amma çinarın içindəki oyuqda çay içməyi və kölgələnməyi nə başa düşə, nə də başa sala bilərəm. İnsanın istilaçı, xudbin olmasının nəticəsi çinarın içində çay içmək olmasın? İçinin boş olmasına baxmayaraq, çinar yaşamağa davam edir. İçi boş olan insan da xidmət etməyə davam edir.  

Türyan çayının kənarındakı çinarın bizə bir mesajı var: “Çinarları çinar edən yaxınlığından axan sudur”. Çinar kökləri ilə bir su mənbəyinə çatdıqdan sonra böyüyüb sərpilməyə başlayar. Nəhayətində odun olan çinarın suya ehtiyacı varsa insanın ehtiyacı olmazmı? İnsanı çinara çevirən şey bəhrələndiyi mənbənin saf və duru olmasıdır. Quran yağmurdur. “Ağac kökündən, insan qulağından sulanar...”

Ağdaşdan Bakıya doğru getməyə davam edək. Bakıda çinar ağacı varmı, məlumatım yoxdur. Bəlkə də var, mən bilmirəm. Amma bunu bilirəm ki, Bakıda məhşər günü diriləcək bir Çinar var. 13.11.2020 tarixində Əli Çinar xocamızı Musa Topbaş (q.s) kimi mübarək cümə saatında itirdik.

Yavuz Sultan Səlim Misiri aldığı zaman vəziri Sinan paşanın şəhid olduğu xəbərini gətirdilər, o da bu xəbəri: “Misiri aldıq, amma Sinanı itirdik”, - deyərək qarşıladı. Əli Çinar xocam, “Qarabağı aldıq, amma sizi itirdik”. Qarabağa qovuşmağın sevinci Əli Çinar xocamızdan ayrılığın hüznünə qarışdı.

Qurani-Kərim özünü “kitab” (əl-kitab) olaraq təqdim edir. (əl-Bəqərə, 2) Ataya “ata”, anaya “ana” deyərkən adını çəkməyə gərək varmı? Digər kitablardan bəhs edilərkən başına hədis, tarix, coğrafiya kimi açıqlamalar əlavə edilir. İnsan da onlarla, yüzlərlə adla ifadə edilir. Əslində insanı ən açıq dillə ifadə edən bir kəlmə var: fani. Fani, yəni ölümlü.

Dostluq, məhəbbət və qardaşlıq necə də böyük nemətdir. Birimiz axirətdə, birimiz dünyada, birimiz Afrikada, birimiz Asiyada, birimiz keçmişdə, birimiz gələcəkdə olsaq da, “biz”ik, bir-birimizləyik.

Nihat Sami Banarlı: “Türklər getdiyi hər yerə iki şey aparar: bulaq və çinar...” – deyir. Yəhya Kamal: “Bizim mədəniyyətimiz aş və məsnəvi mədəniyyətidir” – deyir. Bulağı, çinarı, məsnəvisi və aşı olmayan insan dünyada da acdır, axirətdə də.
Çinar Əliabadda (1999) bir idi, Bakıda ikincisi oldu (2020). Daha nə qədər olacaq, Allah bilir.

 “Dostlar dualarda varsa baqi, yoxdursa fanidir”, - demişlər. Zaman kimlərin baqi, kimlərin fani olduğunu, əlbəttə, ən həssas dəqiqliklə göstərəcəkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz