BİR ÇİNARIN KÖLGƏSİNDƏ

BİR ÇİNARIN KÖLGƏSİNDƏ

Bu dünyada hər şeyi dəyərli edən insandır. Quru daşların, böyük dağların, axan çayların nə dəyəri vardır insan olmadan? İnsanın görüb dəyər vermədiyi heç nə dəyərli deyil, bəlkə də. Bir də hər şeyə dəyər qazandıran insanların içərisində ən dəyərli ola bilməkdir hünər. İnsan olmaq nə qədər dəyərə sahib olmaqdırsa, dəyərli insan olmaq da bir o qədər əlzəmdir. İnsanı insana bağlayan sadəcə qan bağı deyil, könül bağıdır, iman bağıdır, ruh bağıdır. Könüldən bağlandığı birini unuda bilməz insan. Çünki bir ali çinarın kölgəsi altında könüldən könülə içilər eşq şərbəti.

Bir ali çinar idi Əli Çinar xoca. Onlarla, yüzlərlə, bəlkə də, minlərlə insan onun kölgəsindən faydalandı. Öz dərdini danışıb, yaralarına məlhəm tapdı. Qaranlıq dünyalarına işıq oldu. Təbəssümü ilə bütün biçarə qəlblərə sevgi toxumları əkdi. Kiminin həyat eşqinə iman şərbəti qatdı, kiminin də elm dünyasına doğru istiqamət üfüqü qazandırdı. Ona çatıb, onunla görüşüb, ondan faydalanmayan olmadı. Çoxlarının üzlərinə belə baxmağa tənəzzül etmədiyi biçarə könülləri öz qanadları altında mühafizə etdi. Ona açılan heç bir əli geri çevirmədi. Sadəcə özünü yox, hamını düşündü. Özünü birəbir başqalarının yerinə qoyub onların da dərdlərini öz dərdləri ilə birlikdə yaşadı. Öz sevdiklərindən, yaxınlarından, qohumlarından uzaqda saysız-hesabsız insanların ürəklərində taxt qurub onların sevdiyinə çevrildi. Doğma övladlarından çox Azərbaycandakı mənəvi övladlarına səfərbər etdi həyatını.

Uşaqla uşaq, böyüklə böyük oldu. Uşaqlar da üzüldü onun yoxluğuna, qanmadan, dərk etmədən. Sırf onlara verdiyi dəyərə görə, iki mərtəbə aşağı enib hər uşağın sevdiyi şəkərli konfetlə onların könüllərini xoş etdiyinə görə... Bəzən onlarla top oynayıb, onlara bir Əli baba qayğısı bəxş etdiyinə, bəzən “vay benim kel kafam” deyərkən onların üzlərinə təbəssüm qondurduğuna, bəzən də  “Azizim” qoyaraq hər xitabının başına uşaqların onun üçün əziz olduğunu göstərdiyinə görə...

Doyulmadı söhbətlərinə. Alimindən cahilinə hər kəsin başa düşəcəyi dildən danışdı. Alimin sualları, cahilin bilgisizliyi qarşısında aciz qalmadı. Sevərək, sevdirərək çatdırdı Allahın kəlamını, Peyğəmbərin sünnəsini insanlara. Heç yorulmadı haqqı insanlara çatdırmaqdan. Hamının doğru bildiyi yoldan yürüməsi üçün çalışdı. Bir dəfə ilə kifayətlənmədi, olmadısa dəfələrlə  könülləri irşada çalışdı. Onu ziyarət edənləri mənəvi yöndən zənginləşdirdiyi kimi, əliboş da geri qaytarmadı. Çəkinmədən ovuc-ovuc verdiyi şəkərlər çox acı dillərə bal-şəkər oldu.  Mənəvi yorğunluq yaşayanlar yorğunluqlarını, bu həyatın dərdini çəkə bilməyənlər ağır dərd yüklərini onun otağından çıxarkən unutdular.

Otağında oturduğu iş masasının tam qarşısındakı divarın üzərində gözəl bir şəkildə Osmanlı əlifbası ilə yazılmış və çərçivələnmiş  Ömər Şövkət Ərzuruminin “Cihan bağında ey Aqil, budur məqbulu-insu-cin, Nə kimsə səndən incinsin, nə sən kimsədən incin”  beyti onun həyatının əsas qayəsini təşkil edən bir nümunə oldu.  Həyatını sanki o beytdə yer alan hikmətli həyat prinsipi ilə yaşadı. Nə kimsəni incitdi, nə də kimsədən incidi.

Heç bu dünya üçün çalışmadı. Bütün var-dövləti insanların könülləri oldu. Onu heç bir zaman unutmayacaq könüllər. Özünün də dediyi kimi: “Həqiqi sultanlıq Allah-Təalanın sevdiyi qulları üçün könüllərdə xəlq etdiyi məhəbbətdir. Çünki fani sultanlıqlar mütləq bir gün sona çatır. Fəqət mənəvi sultanlıq ölümdən sonra belə eyni ehtişamı ilə könüllərdə davam edir”.

Otağı heç bir zaman boş olmayan Əli xocanın bu gün məzarının başı da boş deyil. Yenə dərdini onunla bölüşmək istəyənlər, onu sevənlər, onsuzluğu qəbul edə bilməyənlər, bir nəbzə belə Əli xocamız tək qalar deyə düşünənlər indi də onun məzarı başında göz yaşları içərisində növbə çəkir. Ziyarətçiləri azalan məzarlar da onun ziyarətçilərinin dualarından öz payını alır. Əli xoca məzarlıqda da öz işini görür yüz canlıya bədəl olaraq, ölümüylə ölmüş qəlbləri dirildərək. Bir ulu çinar da yüksələcək o mübarək məzarın başında. Ziyarətinə gələnləri həyatda olduğu kimi, məzarı başında da kölgələndirmək üçün...

İnsan var evdən gedər, insan var eldən gedər. Əli Çinar xocamız da sadəcə ev əhlinin deyil, bütün ümmətin itirdiyi bir insan oldu. Ancaq unutmayaq ki, insanlar da iki cürdür. Yaşadıqdan sonra ölüb gedənlər, bir də öldükdən sonra da yaşayanlar. Danışan həyatı, səssiz səda olan məzarı və hər sevdiyinin qəlbində yandırdığı eşq atəşi ilə...

Məkanın cənnət olsun, gözəl insan!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz