MÜBARİZƏ
Sarışın, cılız bir uşaq həyətin bir kənarına tökülən qumun üstündə oturub oyun oynayırdı. Boş kibrit qutusunu maşın kimi sürür, doldurub boşaldırdı. Hərdənbir maşın kimi səs də çıxardırdı: “Vınnn, vınnn...” Onun diqqətini heç nə yayındırmırdı, hətta qonşuluqda oynayan uşaqların hay-küyü də. Anası işdən – tarladan qayıdanda balaca oğlunun hələ də həmin yerdə oturub oynadığını gördü. Beyninə qoyduğu bir işi bitirmədən nə qalxıb yeməyini yeyər, nə də gedib yatardı.
O böyüdükcə çox şeylər dəyişdi; bir çox haqsızlıqlar, qırğınlar törədildi, Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyinə qovuşdu, Qarabağdakı münaqişə müharibəyə çevrildi, ard-arda fəlakətlər, soyqırımlar, işğallar... O məktəbə başlayanda, 1994-cü ildə birinci sinfə gedəndə artıq müharibə dayanmış, atəşkəs elan edilmişdi. Buna baxmayaraq, müharibənin ağrı-acısı hələ də vətənin hər bir bucağı kimi, məktəbin də hər bir sinfində, hər bir dərsində hiss edilirdi. Haqsızlığa qarşı haqqın səsi olmaq sevdası onun iliklərinə işləyirdi.
Vətən namusdur, vətən şərəfdir. Vətənin hər bir qarış torpağı müqəddəs bir əmanətdir. Bu şüurla boy atan, sinifdən sinfə adlayıb böyüməyə davam edən Mübariz haqqa tapmaqdan, namus pərəstişindən heç vaxt güzəştə getmədi. Sinif qızlarının yanında küçə sözlərinin işlədilməsinə belə laqeyd qala bilməyən, müdaxilə edərək söhbəti bağlayan o heysiyyət mücəssiməsi gənc vətən torpaqlarının düşmən tapdağında qalmasına, düşmən tərəfindən kirlədilməsinə göz yuma bilərdimi? Dərsdə söhbət Xocalıda və digər rayonlarda törədilən qırğınlardan, itkilərdən açıldığı zaman: “Müəllim, o sayları, rəqəmləri bir də təkrar edin, yaddaşımıza həkk olsun! Bir gün bizə lazım olacaq!” - deyərək hamılıqla zehinlərə, yaddaşlara işlənməsi üçün səy göstərərdi. Və bir gün bunun hesabının soruşulacağına inanırdı. Ən azı öz adına bunu qət etmişdi.
Vaxt gəldi, vədə yetişdi. Vətən övladı hərbi öhdəliyini yerinə yetirmək yaşına çatdı. Böyük bir sevinclə hərbi komissarlığa üz tutdu və Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başladı. Boyuna-buxununa, enli kürəyinə, əzələli qollarına baxan komandirlər özləri seçmişdilər onu, Daxili Qoşunlara. Qısa müddətdə çavuş rütbəsi aldı. Hərbiyə həvəsi və bacarığı ilə seçilirdi. Hərbin sirlərini və silahlardan istifadə qaydalarını öyrəndikcə içindəki fırtına şiddətlənir, düşməndən qisas arzusu qarşısıalınmaz ehtiras hissi kimi gündən-günə onu sarıb alovlandırırdı.
Hərbi xidməti başa vurduğu zaman bir çoxları sevindiyi halda Mübariz böyük bir həsrət və doyumsuzluq hissi ilə evinə qayıtmışdı. Əsgərlik illərində müharibənin yenidən başlamasını və öz məharətini döyüş meydanında ortaya qoyaraq Vətəninin başını ucaltmağı çox arzulamışdı. İndi mülki vətəndaş olaraq nə əlinə silah dəyir, nə də istədiyi kimi hərbi vərdişlərini inkişaf etdirə bilirdi. Çox dözə bilmədi. İkicə il sonra yenidən müraciət etdi, könüllü olaraq qayıtdı vətəninin vuran əli olan Silahlı Qüvvələrə. Bu səfər təlim-tədris mərkəzində gizir hazırlıq kursunda təhsil aldı. Sonra da ehtiyat hərbi hissələrdən birinə göndərildi.
Göndərildiyi hərbi hissə cəhbə bölgəsində deyildi. Amma o, öz gücünü düşmən üstündə sınamaq arzusundan heç vaxt vaz keçməmişdi. Tez-tez ərizə yazırdı ki, onu cəbhə bölgəsinə göndərsinlər. Və bir neçə ay sonra onun istəyi qəbul edildi.
İyirmi il əvvəl utancaq, azdanışan, ürəyiyumşaq zəif uşaq kimi bilinən Mübariz indi Vətən eşqi və Allaha bağlılığı ilə böyük hörmət qazanmış cəsur bir gizir olmuşdu. “Məzlumun dostu, zalımın düşməniyəm” prinsipini isə həyat tərzi halına gətirmişdi.
"Mənin üçün bol-bol dua edin, namazlarınızı vaxtında qılın, çoxlu sədəqə verin, qardaşlarımı evləndirin..." – bu, Mübarizin evinə son zəngindəki son istəkləri olmuşdu; şəhadətindən bir gün əvvəl. Eyni sözləri bir də məktuba yazdı, şübhə yeri qalmasın deyə. Cəbhə bölgəsində atəşkəsin gündəlik pozulma halları onun səbrini tükədir, lap tarıma çəkirdi. Düşmənin dərsini verəcəyi gün artıq gəlib çatmışdı.
2010-cu il, 18 iyun, saat 23:30. Bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizi atəşə tutmuş və düşmən layiqli cavabını alaraq susdurulmuşdu. Lakin daxilindəki intiqam hisslərini cilovlaya bilməyən, qınından sıyrılan qılınc kimi özünə yer tapa bilməyən biri var idi: Gizir Mübariz İbrahimov. Təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçdi. Özü ilə apardığı silahları işə saldı. Qarşısına keçən düşmən əsgərlərini bir-bir haqlayıb irəliləməyə başladı. Ölən əsgərlərin silahlarını da götürüb təkbaşına girdiyi döyüşü saatlarla davam etdirdi...
Dan yeri sökülürdü. Gecədən bəri çaşbaş düşən düşmən beş saatdır onlarla vuruşan qüvvənin bircə igid Azərbaycan hərbiçisindən ibarət olduğunu hələ indi anlamışdı. Və xain bir snayper gülləsi açıldı... Beş saatdır davam edən mübarizə dayandı.
Həmin anlarda Azərbaycan yeni bir günə oyandı. Sanki haqq uğrunda mübarizə yeni bir mərhələyə qədəm qoydu. Bütün mübarizlər düşmənin zəif və aciz olduğunu bir daha xatırladı və Qarabağa qayıdış üçün oyanış qığılcımları yavaş-yavaş alovlanıb yanmağa, Lələtəpəni, Murovu, Suqovuşanı və bütün Azərbaycanı sarmağa başladı...
ŞƏRHLƏR