ƏNSAR RUHLU OLMAQ

ƏNSAR RUHLU OLMAQ

Bu mövzu hər əsrdə olduğu kimi, bu günümüz üçün də ən əhəmiyyətli xüsuslardan biridir. Çünki dövrümüzün materialist dünyasında qarşılıqsız sevmək, qarşılıqsız bölüşmək anlayışının olmaması və ya bu anlayışa həyat verən insanların saylarının azalması dünyadakı böhran və anarxiyanın təməl səbəblərindəndir.

Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Sizdən biri özü üçün istədiyini müsəlman qardaşı üçün də istəmədikcə, (kamil mənada) iman gətirmiş sayılmaz”. (Buxari, İman 7; Müslim, İman 71, 72; Tirmizi, Qiyamət 59; Nəsəi, İman 19, 33).

Qardaşlıqdan və ya İslam qardaşlığından söhbət gedərkən ilk ağıla gələn və nümunə olaraq göstərilən ən önəmli hədisi-şəriflərdən biridir bu. Və bu hədisi-şərifin tərif etdiyi dəyərə uyğun ilk qardaşlıq nümunəsi də məhz əshabi-kiramın ortaya qoyduğu mühacir-ənsar qardaşlığıdır.

Mühacir Mədinəyə hicrət edən (dözülməz işgəncələrdən dolayı öz ana yurdlarını tərk etmək məcburiyyətində qalıb köçən) məkkəli müsəlmanlara verilən addır. Ənsar isə Məkkədə hər şeylərini tərk edən mühacirlərə qucaq açan, yardım göstərən mədinəli müsəlmanlara verilən addır.

Hicrət hadisəsi miladi 622-ci ildə baş vermişdi. Elə həmin tarixdə yaşanan “mühacir-ənsar qardaşlığı” da dünya tarixi boyunca misli görülməmiş və görülməyəcək bir dostluq, qardaşlıq və fədakarlıq nümunəsidir.

Peyğəmbərimiz (s.ə.s) mühacirlərlə ənsarı qardaş elan etdiyi zaman ənsar onları Mədinədəki evlərinə, işlərinə, bağ və bağçalarına ortaq edərək doğma qardaşlığın da fövqündə bənzərsiz birlik və yardımlaşma nümunəsi göstərdilər. Ənsarın bu səmimi rəftarını Qurani-Kərim belə mədh etdi: “Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar..”. (əl-Həşr, 9)

Bu ayənin nüzul səbəbi olaraq qeyd olunan bu hadisə ənsarın fədakarlıqlarına gözəl bir misaldır:

Allah Rəsuluna (s.ə.s) aclıqdan zəif düşmüş bir nəfər gələrək kömək istədi. Hz. Peyğəmbər (s.ə.s) xanımlarına xəbər göndərərək yeməyə bir şey göndərmələrini istədi. Lakin möminlərin anaları (r.anhum): “Səni peyğəmbər olaraq göndərən Allaha and olsun ki, evdə sudan başqa heç nə yoxdur", - cavabını verdilər.

Bu dəfə Allah Rəsulu (s.ə.s) səhabələrinə dönərək:

- Bu qardaşınızı kim qonaq etmək istəyər? - deyə soruşdu. Ənsardan Əbu Talha (r.a):

- Mən qonaq edərəm, ya Rəsulallah! - deyərək o yoxsulu evinə apardı. Evə çatanda xanımına:

- Rəsulullahın (s.ə.s) qonağına xidmət edək! Evdə yeməyə bir şey varmı? - deyə soruşdu. Xanımı:

- Xeyr, təkcə uşaqların yeyəcəyi qədər bir şey var, - dedi. Əbu Talha (r.a):

- Elə isə uşaqların başını qat. Süfrəyə gəlmək istəyərlərsə onları yatır. Qonağımız içəri girincə də lampanı bir bəhanəylə söndür. Süfrədə biz də yeyirmiş kimi edək, - dedi.

Süfrəyə oturdular. Qonaq qarnını doyurdu, onlar isə ac yatdılar. Səhər Əbu Talha Peyğəmbərimizin (s.ə.s) yanına getdi. Allah Rəsulu onu görüncə:

- Bu gecə qonağınıza etdiklərinizdən Allah-Təala razı oldu, - buyurdu(Buxari, Mənaqibul-Ənsar 10, Təfsir 59/6; Müslim, Əşribə 172-173)

Allahın rizasını qazana bilmək nə böyük xoşbəxtlikdir! Çünki bu həyat imtahan həyatıdır, hər birimiz imtahan edilirik. İmtahanı qazanmaq üçün maddi və mənəvi cəhətdən əlimizdən gələn hər şeyi etməyə hər an hazır olmalıyıq. Eləcə də yardımsevər, ənsar ruhlu ola bilməyə...

Ənsar ruhlu ola bilmək bu ümmətin əsas xüsusiyyətlərindən biri olmalıdır. Çünki dinimiz İslam paylaşma dinidir, yardımlaşma dinidir. Mühacir-ənsar qardaşlığı günümüzdə də var olması gərəkən bir qardaşlıqdır. Xüsusilə də savaşların və zülmlərin yaşandığı bu zamanlarda hər birimiz köçmək məcburiyyətində qalıb bizlərə sığınan insanlara qarşı özlərini güvəndə hiss edə bilmələri və həyatlarını davam etdirə bilmələri üçün ənsar kimi davranmalıyıq.

İslam tövhid (birlik) dinidir, mənsublarının da birlik və bərabərlik içində olmalarını əmr edir. Və müsəlmanların irq, dil, rəng, bölgə və bənzəri ünsürlərlə bölünüb parçalanmamalarını tövhidin əsaslarından sayır.

Bu hədisi-şərifi də əsla unutmamalıyıq: “Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmətdə və bir-birilərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman digər üzvlər də bu səbəblə yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar”. (Buxari, Ədəb 271; Müslim, Birr 66)

Bəli, biz qardaşlığa bu qədər əhəmiyyət verən bir Peyğəmbərin ümməti, belə bir dinin mənsubuyuq. Mühacir və ənsar bir-birilərini sevib yardım etdikləri kimi, biz də hər daim bu ruhda olmalı, yeri gələndə ənsar olub qardaşlarımıza qucaq açmağı, dərdlərini bölüşüb dərman olmağı bacarmalıyıq. Bu, Rəbbimizin razı olduğu və bizdən gözlədiyi əsil qardaşlıq ruhudur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz