TƏBLİĞ VƏFADIR
İnsanları “ölümsüz”ləşdirən bəzi xarakter və davranışları var. Bu xislətlər cəmiyyətlərə, əqidə və düşüncə sistemlərinə görə dəyişir. Çünki hər bir məfkurənin özünəməxsus dəyərlər sistemi vardır.
İslam dini nöqteyi-nəzərdən insanları “ölümsüzləşdirən” davranışlardan biri də digər insanlara nümunə olması, insanların könüllərini məhəbbət duyğuları ilə fəth etməsidir. Bu bir növ insanların ruhuna toxunmaq kimidir. Belə ki, insanlara dəyərlər aşılamaq, əbədi səadət səbəbi olan mənəvi duyğulara qovuşdurmaq onlara unudulmaz anlar bəxş edir. Bu mənəvi iqlimi yaşatmaq üçün yorulmadan çalışan fədakar şəxsiyyətlər insanların zehnində uzun müddət, hətta axirətə qədər yaşayırlar.
Tarixə nəzər yetirdikdə xatirələrdən silinməyən şəxslərin əksəriyyətinin öz bildiyini, öyrəndiyi gözəllikləri dünyanın ən ucqar nöqtəsinə qədər çatdırmaq üçün canlarını fəda edən könül insanları olduğunu görürük. “Allahın adını ucaltmaq” missiyasını yerinə yetirmək mənasına gələn təbliğ vəzifəsi hər bir müsəlman üçün alidir. Sözün əsl mənasında müsəlman olmağın əsas meyarıdır. Çünki Uca Allah: “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...”(Ali-İmran 110) ayəsi ilə inananlara bu vəzifəni yükləmişdir.
Təbliğ anlayışı Hz. Peyğəmbərin (s.ə.s) səhabələrindən bizə mirasdır. Hələ Hz. Peyğəmbər həyatda ikən səhabələri Yəmən, Mədinə, Nəcd bölgəsinə gedərək təbliğ vəzifələrini icra etmişdilər. Hz. Əbu Əyyub əl-Ənsarini qocalmış olmasına baxmayaraq İstanbula, “Ya Rəbb! Bu ucsuz-bucaqsız dəniz qarşıma çıxmasaydı, səni təbliğ etməyə davam edərdim”,- deyən Üqbə ibn Nafini Afrikaya, bütün əziyyətlərə sinə gərərək Vəhb ibn Kəbşəni Çinə aparan bu anlayış Hz. Peyğəmbərin vəfatından sonra da dünyanın bütün bölgələrində davam etmişdir. Bu fədakar insanlar Allah dərgahındakı dəyərinə görə hələ də hər kəs tərəfindən yad edilir və nümunə alınırlar.
Sərhədləri aşan təbliğ ruhu bəzən bumeranq kimi dönüb ilk başladığı yerə qayıdır. Məlum olduğu kimi, İstanbul boğazı Mərmərə ilə Qara dənizi bir-birinə birləşdirir. Hər nə qədər üzü sakit kimi görünsə də, mütəxəssislərin ifadə etdiyinə görə, boğazın üst və altı bir-birinin əksinə axır. Yəni boğaz vasitəsilə Qara dəniz suyu Mərmərəyə, Mərmərə suyu da Qara dənizə qarışır. Məhz bunun kimi, təbliğ edilən bölgə bəzən əldə etdiyi gözəllikləri yenidən təbliğ edən bölgələrə bir vəfa borcu kimi geri ödəyir.
Əsrlər əvvəl İsmail Siracəddin Kürdəmiri, Mir Həmzə Nigari kimi könül ərləri Türkiyə Anadolusunda elm və irşad vəzifələrini icra edərək oradakı müsəlmanların mənəvi dirçəlişinə vəsilə olduğu kimi, Azərbaycanın müstəqilliyindən sonra da Anadolunun bağrından qopmuş saf könüllü insanlar uzun illər öz dini dəyərlərindən uzaq qalmış həmyerlilərimizin dəyərlərinə yenidən sahib çıxması üçün əllərindən gələni əsirgəməmişdir. İşindən, evindən, ailəsindən uzaqda və bütün çətinliklərə baxmayaraq yorulmadan bu vəzifəni icra etməyin adı fədakarlıqdır. Bu elə bir fədakarlıqdır ki, Allah qarşılığını cənnətlə verir. Bu elə bir fədakarlıqdır ki, bu yolda vəfat edənə şəhid savabı yazılır. Bütün könül insanlarının arzuları bu yolda canını fəda edə bilmək olmuşdur.
Yaxın günlərdə aramızdan ayrılan və tanıyan hər kəsin könlündə taxt quran Əli Çinar bəyin də həyəcanı, fədakarlığı və amalı yuxarıda sadaladığımızdan fərqli deyildi. Onu tanıyan hər kəs buna şahidlik edir. Anadolunun Akşehir vilayətində yetişən bağrı yanıq bir könül adamı idi o. Bir növ Akşehirdə dəfn olunan Baba Nemətullah Naxçıvani həzrətlərinə vəfa borcunu ödədi. XVI əsrdə Azərbaycandan Akşehirə gedərək elm-irşad vəzifəsini icra edən Baba Nemətullah Naxçıvanidən aldığı ruh ilə XXI əsrdə ondan öyrəndiyi gözəllikləri Azərbaycana geri gətirdi. Baba Nemətullah Naxçıvani Türkiyə üçün nə ifadə edirsə, heç şübhəsiz ki, Əli Çinar bəy də Azərbaycan üçün eyni şeyi ifadə edir. Çünki hər iki fədakar insan dünyada ən dəyərli nemət olan canlarını öz doğma vətənlərindən kənarda öz dəyərlərini insanlara çatdırmaq üçün fəda etmişdir. Onlar bilirdilər ki, insanlara Allahı sevdirmək Allaha qarşı vəfa borcudur, insan olmağın gərəyidir.
“Su qabı su yolunda qırılar” deyilib. Xoş o kəslərə ki, xeyirli yolda canını verir, xoş təəssürat, xoş xatirələr miras qoyub gedir. Onlar əsrlər sonra da yad edilir və nümunə alınırlar.
Hz. Əli (ə.s) belə buyurur: “Elə bir həyat yaşa ki, öləndə sən gül, başqaları ağlasın”. Allah bütün şəhidlərimizə və könül ərlərimizə rəhmət eləsin.
ŞƏRHLƏR