Əsgəran qalası

Əsgəran qalası

Bir qala düşünün; tarixin sirrini özündə gizləyən, əsrlərə meydan oxuyan, neçə-neçə xanlara sığınacaq, yağı düşmənə sipər olmuş bir qala.  Tarixi keçmişi və ecazkarlığı ilə göz oxşayan Əsgəran qalası bu mənada ən gözəl nümunələrdən biridir.

Azərbaycan memarlığının inciləri içərisində Əsgəran qalası mühüm yer tutur. Azərbaycanda cəmiyyət içərisində "Əsgəran qalası" adı ilə məşhurlaşan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhədində inşa etdirmişdir. Dərbənd səddi Şirvanın şimal qapısı hesab edilirdisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.

 Tarixə nəzər salsaq, ən qədim zamanlardan Azərbaycan torpaqlarının daim yadellilərin hücumlarına məruz qaldığını görürük. Elə buna görə də Azərbaycan ərazisində  müdafiə məqsədi ilə tikilən bir çox istehkam və qalalara rast gəlinir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Xocalının təxminən 5, Şuşanın  24 km-liyində və Ağdamdan  12 km cənubda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə, əlverişli strateji coğrafi mövqedə yerləşir.

 Əsgəran qalasının inşa olunması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olmuşdur. Qala Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik bir keçid yaratmaq məqsədini güdürdü. Qalanın şərq istehkamı bürclərlə möhkəmləndirilmiş və daş divarlardan inşa olunmuşdu. Bu divarlar ikiqat daşdan tikilmişdi. Qalanın bütün bürcləri ikimərtəbəli idi və aralarında ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdi.

Ermənilər bir çox memarlıq abidələrimizdə olduğu kimi, Əsgəran qalasında da saxtakarlığa əl ataraq bu qalanın onlara  aid olduğunu söyləməyə cəhd etmişlər. Lakin qalanın bizə aid olduğunu sübut edən mənbələr onların bu saxtakarlığının qarşısını almaqdadır. Möhtəşəm memarlıq abidəsinin adı Əsgəran adlı ərazi ilə bağlıdır.

Tarixçilər və dilçilər Əsgəran toponiminin Azərbaycan dilində olan “əski – qədim, köhnə” sözündən və Arran etnonimindən ibarət olduğunu qeyd edirlər: "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə, qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".

 Haqqında danışdığımız qalanın ətrafı  möhkəm dağlar, meşələr, daşlar və qayalardan ibarət olmuşdur. Qalanın təşəbbüskarı və tikilmə tarixi nisbətən mübahisəli olsa da, onun Azərbaycan xanları tərəfindən inşa etdirildiyi dəqiqdir. Belə ki, tarixçilər qalanın inşasını Pənahəli, Mehrəli və İbrahimxəlil xanla əlaqələndirirlər. Məsələn, mənbələrdə İbrahimxəlil xanın da birini şərq, digərini isə qərb tərəfdə daş və əhənglə iki qala tikdirmiş, möhkəm bürc və barı çəkdirmiş olduğu deyilir. Mirzə Vəli bəy Baharlı "Əhvalati-Qarabağ" əsərində qalanın salınmasının Pənah xanın adı ilə bağlı olduğunu qeyd edir. Bu mənada mənbələrdə bu üç Qarabağ xanının adları qeyd edilir. Adları çəkilən xanların hər biri Azərbaycan memarlığında özünəməxsus yeri olan bir neçə tikilinin səbəbkarlarıdır. Elə məhz Şuşa məscidinin inşasında da həm Pənahəli, həm də İbrahimxəlil xanın iştirakı olub. Onlar xanlıq etdikləri dövrlərdə idarə etdikləri ərazinin abadlaşmasına daha çox fikir verirdilər. Nəticə olaraq qala Qarabağ xanları tərəfindən tikdirilmişdir.

O dövrdə müdafiə məqsədi ilə inşa edilən tikililər indi Azərbaycanın memarlıq irsi hesab olunur və dövlət tərəfindən qorunur. İllərdir işğal altında qalan bu nadidə tikili dağılıb məhv olmaqla üzləşmişdi. Qüdrətli Azərbaycan ordusunun 27 sentyabr 2020-ci ildən başlayan uğurlu əks-hücum addımı hesabına yeni bir tarix yazıldı. Bu memarlıq nümunələrinə tarixən sahib olmuş xalq uzun illərin həsrətindən sonra yenidən onlara qovuşdu. Artıq Azərbaycanın incisi olan Şuşa məscidindən azan səsləri eşidilir. Qalalarımız, körpülərimiz, məscidlərimiz azadlıqdadır. Və çox yaxın bir tarixdə bütün mədəniyyət abidələrimiz bir-bir bərpa ediləcək, öz tarixi görkəminə qovuşacaqdır. Xalqımız əcdadının mirasına sahib çıxmaq və onu gələcək nəsillərə ötürmək iqtidarındadır. İndi bu torpaqlarda Azərbaycan bayrağı məğrur bir şəkildə dalğalanmaqdadır.

Qeyd: tarixi faktlar Qiyasəddin Qeybullayevin “Azərbaycan türklərinin təşəkkülü tarixi” kitabından götürülmüşdür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz