QARDAŞLIQ

QARDAŞLIQ

Allah-Təala insan üzərinə bir çox məsuliyyətlər qoymuşdur. Bu məsuliyyətlərdən biri də qardaşlıq haqqına riayətdir.

Qardaşlıq deyəndə bu bağlılığı bioloji, ümumi və xüsusi qisimlərə bölmək olar. Bioloji qardaşlıq nə qədər dünyada faydalı və lazımlı görünsə də, axirətdə çox da faydalı kimi görünmür. Hətta insan qiyamət günü ata-anasından əvvəl öz doğma qardaşından qaçıb uzaqlaşmaq istəyər. Uca Allah Qurani-Kərimdə belə buyurur: “O gün (Qiyamət günündə) insan öz qardaşından qaçacaq”. (Əbəsə, 34)

Ümumi qardaşlığa gəlincə, dünyadakı yaxın dostluğu, qardaş kimi davranmağı misal verə bilərik. Belə dostluqlar bəzən ömür boyu davam edə bilir. Bəzən də bir neçə illə yekunlaşır. Bu dostluğun həqiqi dostluğa, qardaşlığa çevrilə bilməsi üçün bəzi əsaslara diqqət etmək tələb olunur. Əks təqdirdə bu növ dostluqlar da axirətdə xəyal qırıqlığı ilə nəticələnər.

Qardaşlıq xüsusunda insan üçün ən faydalı yol “iman qardaşlığı”na sahib olmasıdır. Həm bioloji, həm də ümumi qardaşlığın xüsusi qardaşlıq dediyimiz “iman qardaşlığı”na çevrilməsi üçün Rəbbimiz bizə belə yol göstərir: “Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə  belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz”. (Ali-İmran, 103)

İman, Allahın insana lütf etdiyi ən böyük nemətdir. Bu nemət sayəsində illərlə, hətta on illərlə bir-birinə düşmən olanlar öz doğma qardaşından daha doğma, daha əziz olur. İmanda qardaş olanlar bir-birinin öhdəliyinə keçir, məsuliyyət duyğuları dərinləşir. İmkanı olanlar olmayanları düşünür. İmkanlı qardaş malı ilə, yoxsul olan qardaş isə duası ilə bu qardaşlığı möhkəmləndirir. Çünki qardaşlıq fədakarlıq tələb edir.

Bir vaxtlar Avropadan Afrikanı istismar etməyə gələn zalımlar işğal etdikləri məmləkətlərin müsəlman xalqını kölələşdirərək müstəmləkələrində zorla işlətmək üçün gəmilərə doldurub Haitiyə aparacaqdılar. Afrikalı alimlər də könüllü olaraq o kölələrin arasına qarışdılar. Alim olduqlarını bildirmədən özlərini zəncirlərə vurdurdular. Getdikləri yerdə müsəlman qardaşlarının rəhbərsiz qalmamaları və dindən uzaqlaşmamaları üçün: “Bu əsirlər mənim din qardaşımdır. Oralarda imanlarını itirməsinlər, dindən uzaqlaşmasınlar!” - deyərək onlarla getməyə razı oldular.

Tarixdə bənzəri olmayan fədakarlıq nümunələri İslamın ilk illərindən bəri yaşanmaqdadır. Məkkədəki ilk qığılcımdan etibarən elə hadisələr var ki, sinəsində ürək daşıyan və bu ürəyi göz yaşları ilə davamlı tər-təzə tutmaq istəyənlər oxuduqca qəhərlənir, dinlədikcə gözləri dolur. Ənsar və mühacirin qardaşlığı isə Quranda zikr edilərək mədh edilmişdir. Onların yolu ilə getmək bizə əmr olunmuşdur. “Mühacirlər və ənsardan ilk önə keçənlərlə yaxşı işlərdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün altından çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur”. (ət-Tövbə, 100)

Nəticə etibarı ilə qardaşlıq məfhumu İslamla daha geniş sərhədlərə çatmışdır. Müəyyən bir ailəni və ya bir irqi təmsil etməkdən daha ülvi bir məqama yüksəlmişdir. Hədisi-şərifdə iman qardaşlığının güclənməsi üçün belə buyurulmuşdur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu düşmənə təslim etməz. Kim bir müsəlman qardaşının ehtiyacını qarşılayarsa, Allah da onun bir ehtiyacını təmin edər. Kim bir müsəlmanı sıxıntıdan qurtararsa, Allah da onun bir sıxıntısını ortadan qaldırar. Kim bir müsəlmanın eybini örtərsə, Allah da qiyamət günündə onun bir eybini örtər”. (Buxari, Məzalim, 3)

Bu günlərdə şanlı tariximizi yenidən yazan şanlı ordumuzun qəhrəman əsgərləri davranışları ilə hədisdə  təmas edilən bəzi məqamları bizə xatırlatdılar. Xarici medianın yazdığı bu sətirlər çox sevindiricidir: “Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir! Dağ yuxarı, şəhid olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı, Azərbaycan ordusu. Nə yaralını, nə şəhid olanı əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxırdılar...”

Qardaşlar daim bir-birilərinin qeybində dua edərlər. Qəlblərində kin tutmazlar. Allah-Təala buyurur: “Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı qəlblərimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər. (əl-Həşr, 10)

Qardaşının arxasından edilən dualar həm də mələklərin dua edənə xeyir-dua etməsinə səbəb olur. Həyat təkcə bu dünyadan ibarət olmadığı kimi, qardaşlıq da təkcə bu dünyaya aid deyil. Hər iki dünyada qardaşlığın davam etməsi təqvaya bağlıdır. Dünya fani olduğu üçün içindəkilər də fanidir. Əbədi həyata inananlar qardaşlığı da əbədiləşdirərlər.

Odur ki, kiçik qüsurlara və fərqliliklərə baxmadan müsəlman bu böyük “qardaşlıq” nemətindən faydalanmalı, bütün qardaşlarını sevgi və səmimiyyətlə bağrına basmağı bacarmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz