HAQQIN DAVASI

HAQQIN DAVASI

İnsanlar və cəmiyyətlər dövlətlərin müəyyən etdiyi ideologiya ətrafında birləşər və onunla idarə olunarlar. Tarix boyu bəşəriyyət onlarla, yüzlərlə ideologiyanın şahidi olmuşdur. Bunlardan bəziləri yaddaqalan, unudulmayan üstün cəhətləri ilə bəşəriyyətin xilasına xidmət etdiyi kimi, bəziləri də, çox təəssüf ki, insanları uçuruma aparmış və özündən sonra göz yaşı, nifrət və kədərdən başqa bir şey qoymamışdır. Ermənilərin yüz illərdir qurmuş olduqları və əsasını “türk düşmənçiliyi” təşkil edən ideologiyaları da yuxarıda qeyd etdiyim ikinci qrupdan olanlardandır. Bu ideologiya yaxın tariximizdəki otuz illik bir zamanda bir milyondan çox insanı öz doğma yurd-yuvasından didərgin salmışdı. Minlərlə gənclərin şəhid olmasına, anaların övladsız, uşaqların yetim, ailələrin başsız qalmasına səbəb olmuşdu. Lakin bir həqiqət də var ki, yalan və nifrət ayaq alar, amma yeriyə bilməz və bilmədi də...

İllərdir dövlət və xalq birliyi ilə gənclərimizin milli-mənəvi ruhda yetişməsi üçün atılan addımlar və həyata keçirilən tədbirlər, seminarlar və digər layihələr, nəhayət ki, öz bəhrəsini verməyə başladı. 27 sentyabr 2020-ci il tarixini hər bir azərbaycanlı kimi, həqiqətin və doğrunun tərəfində olan heç bir bəşər övladı unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev müzəffər ordumuzun özünümüdafiə əməliyyatını xalqımızın haqq davası və əsgərlərimizin haqq yolunda olduğunu ifadə edərək bütün dünyaya çatdırdı.

Haqq nazilər, amma qopmaz deyiblər. Yaşından asılı olmayaraq hər bir kəs bunun gec-tez bir gün gerçək olacağına əmin idi. Çünki qanımız türk qanı, mayamız İslam dini, düşüncələrimiz hər nə olursa olsun, ədalət tərəzisi üzərində qurulmuşdur. “Biz haqq yolundayıq. Biz özümüzü müdafiə edirik. Bizim heç kimin torpağında və malında gözümüz yoxdur” ifadələrinin qədim tarixi kökləri vardır və əcdadlarımızın keçmiş mirasından qidalanaraq söylənmişdir. Bu ruh halının arxasında Həzrət Muhammədin İslam ordusunun üzərinə qoyduğu döyüş prinsipləri, Hz. Ömərin ədaləti, Hz. Əlinin düşməndən qorxmazlığı və döyüş meydanına bir cəngavər və aslan kimi atılması, Hz. Həsənin nəzakəti və mərhəməti, Hz. Hüseynin haqsızlıq qarşısında canından olmaq bahasına belə olsa haqq yoldan dönməzliyi, Salman Farisinin döyüş taktikası, Xalid bin Vəlidin şəhid olmaq arzusu ilə döyüşdən-döyüşə atılması şəhidlərimizin bir an belə özlərini düşünmədən vətən, namus, torpaq və gələcəyimiz üçün canlarını fəda etməyə hazır olmaq şüuru dayanmaqdadır.

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət idarələrinin qarşısında və cəbhə bölgələrində görüşdüyüm hər bir gəncimizin və əsgərlərimizin cəsarəti, mərdliyi, bir an öncə otuz illik həsrəti bitirmə istəyi, tariximizdəki bu ləkənin təmizlənməsində öz varlığını göstərmə əzmi, ölmək üçün deyil, öldürmək üçün hazır olmaları, gözlərində hiss etdiyim qorxmazlıq ruhu və şəhadət şərbətini hər an içməyə hazır əhvali-ruhiyyələri məni çox qürurlandırmışdı. Belə bir motivasiya və ruhla döyüşə gedən bir ordunun qarşısında heç kim dayana bilməzdi. Hərbi xidmətə yola salmadan əvvəl rastlaşdığım bəzi tanışlarımla və bir tələbəmlə möhkəm-möhkəm sarılıb halallaşdıq. O gün o qədər düşüncəli idim ki, yuxumda da onları görmüş və aramızda belə bir dialoq keçmişdi...

“Salam Əsgər!

Hər saniyə səninlə danışıram deyə bu gecə yuxumda da səni görmüşəm. Haqqını halal et dedim, amma sən dedin ki, üzərimdə olan vətən haqqını bəs kim ödəsin? Ona olan haqqımızı heç vaxt ödəyə bilmərik!

Dedim ki, canını bizə görə təhlükəyə atırsan. Cavab verdin ki, can mənimdirmi ki?! Can vətən yolunda, Allah uğrunda fəda olsun!

Dedim ki, Qarabağa gedən yol çətindir. Şərəfsizlərlə və pusqularla doludur. Diqqətli və ehtiyatlı ol, qardaşım. Dedin ki, yolumuz haqq yoludur. Haqqını almağa gedirsənsə, hara gedəcəyin heç önəmli deyil.

Dedim ki, gözü yolda olan anana, atana, səni sevənlərə nə deyim? Dedin ki, mən ölməyə yox, öldürməyə gedirəm. Onlar məni bir aydır görmürlər. Qarabağ isə məni otuz ildir görmür. Hansı həsrət daha çətindir?”

Elə buna görə də müzəffər ordumuzun haqq yolu və haqq davası qarşısında dayana bilməyən mənfur düşmən qırx dörd gün keçmədən təslim olmaq məcburiyyətində qaldı. Nəsimi demişkən: “Doğru və haqq yolunda kimsəyə minnət belə etmədik”.

Beləcə haqq davamızda yanımızda olmayan, haqq qarşısında sədd olmağı tərcih edənlər Allahın izni ilə məğlub oldular. Onlar tarixin unudulmaz səhifələrinə qara bir ləkə olaraq düşdülər, bizlər də dostumuz, qardaşımız və düşmənimizin kim olduğunu bir daha müəyyən etmiş olduq.

Azərbaycan, sən qalib gəldin! Qarabağ, sən azadsan! Şuşa, sən azadsan! Biz qayıtdıq!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz