HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 12
Yunus Əmrə həzrətləri buyurur:
Ehsan olur onun işi.
Neylərlər qeyri təşvişi,
Allah sevgisi var ikən.
Haqq-Təalanı həqiqətən sevən bir mömin harada olursa olsun, daima Allahla bərabərlik (məiyyət) şüuruna sahibdir. Belə bir insan hər an ilahi kameraların nəzarəti altında olduğunun fərqinə vararaq ehsan duyğusu ilə yaşayar. Ona görə də heç vaxt zikr, fikir və şükürdən uzaq qalmaz. Qəflətə və gərəksiz işlərə dalmaqdan, Allahın sevmədiyi şeylərdən uzaq olar.
Həmçinin Allahla bərabərlik və ehsan şüuru daim möminə “əcməl, əkməl və əhsən” dərəcəsində, yəni İslamın nəzakət və zərafətinə yaraşan şəkildə ən gözəl, qüsursuz və kamil surətdə yaşamaq həssaslığı qazandırar.
Bunun ən gözəl misallarından biri belədir:
Allah dostlarından biri gözləri görməyən qonağı üçün gözəl bir süfrə açaraq ziyafət hazırlıqları görür. Yanındakılar:
“Əfəndim, qonaq gələn adamın gözləri görmür, nə üçün bu qədər əziyyət çəkirsiniz? O, sizin nəzakət və zərafətlə açdığınız süfrəni görmür axı”, - deyirlər.
O arif könül insanı bu möhtəşəm cavabı verir:
“Doğrudur, hazırladığım süfrəni o görmür, amma onun Rəbbi görür!”
Xülasə, Allahı sevən bəndə hər işində Onun sevib razı qalacağı şəkildə davranmağa çalışar. Hər an ilahi kameraların nəzarəti altında olduğunu bilən insan heç bir zaman gəlişigözəl hərəkətlər etməz, bütün hal və davranışlarına həddən artıq diqqət edər.
Yunus Əmrə həzrətləri buyurur:
Anıb qiyamət gününü,
Ağlaşalım ol gün üçün.
Ol gün məlamət[1] günüdür,
Ağlaşalım ol gün üçün…
Allah-Təala Qiyamə surəsinin ilk ayələrində belə buyurur:
“And içirəm qiyamət gününə! And içirəm özünü qınayan nəfsə (ki dirilib hesaba çəkiləcəksiniz)!”. (əl-Qiyamə, 1-2)
Həqiqətən, qiyamət günündə hər insan dünyada işlədiyi günahlara və səhlənkarlıq edib işləmədiyi saleh əməllərə görə dərin peşmanlıq hissi keçirəcək, özünü qınayaraq heyfsilənəcək.
Bu peşmanlıq hər bir insanın fərdi qiyaməti demək olan son nəfəsdə də baş verəcək. Hədisi-şərifdə buyurulduğu kimi, ehsan sahibi olan qullar bu müsibət hallarını daha da artırmamış olduqlarına görə, pis əməl sahibi olan günahkar qullarsa pislikdən çəkinib hallarını islah etmədiklərinə görə peşman olacaqlar.[2]
Mövlana həzrətləri bu gün fürsət var ikən ağlımızı başımıza toplamağı ifadə edərək belə xəbərdarlıq edir:
“Ağıllı kəslər əvvəldən ağlar, sonda təbəssümə qərq olarlar. Axmaqlarsa əvvəldən qəhqəhəyə qərq olar, sonda başlarını daşa döyüb ağlarlar.
Ey insan, fərasətli ol, işin sonunu bəri başdan gör ki, qiyamət günü peşmanlıq alovunda yanmayasan!”
Həqiqətən son nəfəsdə, qəbirdə və qiyamət günü keçirilən peşmanlıq hissinin heç bir faydası olmayacaq. O peşmançılığı bu gündən hiss edərək tövbə və istiğfar ilə halımızı islah etməli, xətalarımızdan vaz keçərək axirət azuqəsi olan saleh əməllərimizi artırmağa çalışmalıyq.
“İnsan yaşadığı hal üzrə ölər, öldüyü hal üzrə də həşr olunar”[3] sözü məşhurdur.
Hədisi-şərifdə də:
“Hər bir qul öldüyü hal üzrə dirilər”, - buyurulur. (Müslim, Cənnət, 83)
Unutmayaq ki, dünya gülüb əylənmək və qəflət içində ömür sürmək yeri deyil. Lakin insanların əksəriyyəti müvəqqəti olaraq yaşadıqları bu fani qonaq evində yerli ədası ilə oturaraq özünü aldadır. Qarşılaşacağı ölüm, qəbir, qiyamət, diriliş, hesab, sirat kimi çətin mənzilləri unudaraq əsl dərdini çəkəcəyi məsələlərdən qafil yaşayır. Allah-Təala insan oğlunun bu ümumi qəflətinə diqqət çəkərək Qurani-Kərimdə belə xəbərdarlıq edir:
“(İstehza ilə) gülürsünüz və (oradakı təhdidlərə görə) ağlamırsınız. Siz qəflət içində əylənirsiniz”. (ən-Nəcm, 60-61)
İmam Qəzzali g belə bir qissə nəql edir:
Bir nəfər çılğıncasına gülən qardaşından:
“Xeyir ola! Yoxsa cəhənnəmdən qurtulacağına dair bir xəbər almısan?” - deyə soruşur. Qardaşı “xeyr”, - cavabını verdikdə:
“Elə isə necə (belə çılğınlıqla) gülə bilirsən?” - deyərək heyrətini dilə gətirir. (Ehya, III, 288)
Muhamməd bin Vasi g də belə deyir:
“Cənnətdəki bir adamın ağlaması nə qədər qəribədirsə, gedəcəyi yeri bilməyən dünyadakı adamın da həddən artıq gülməsi bir o qədər təəccüb doğurur”. (Ehya, III, 289)
Peyğəmbərlər və onların müjdələdiyi insanlar xaricində heç bir insanın cənnətə girmək xüsusunda təminatı yoxdur. Elə isə bu fani dünyada əsas həyat olan axirətin əbədi səadət, yoxsa – Allah qorusun – sonsuz fəlakət gətirəcəyini bilmədən qəflət içində yaşamaqdan çəkinməliyik. Axirətdə getmək istədiyimiz ünvana yaraşan istiqamət, əzm və fədakarlıq içində olmalıyıq.
Yunus Əmrə həzrətləri buyurur:
Ah o günün qorxuları,
Qoca qılar məsumları,[4]
Necə olar mücrimləri,
Ağlaşalım ol gün üçün...
Bu gün virus pandemiyası, zəlzələ, sunami kimi fəlakətlərlə qarşılaşdığımız zaman qorxuya düşürük. Halbuki bu müsibətlərin ən ağır nəticəsi belə onsuz da bir gün gələcək olan “əcəl”dən başqa bir şey deyil. Ən pis ehtimal zatən fani dünyanın zəruri köç qanunu olan “ölüm”dür...
Halbuki iman etdiyimiz, yəni gerçəkləşəcəyinə yəqin surətdə inandığımız qiyamət bununla müqayisə edilməyəcək dərəcədə dəhşətli hadisədir. Haqq-Təala ayeyi-kərimədə belə buyurur:
“Əgər haqqı inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən özünüzü necə qoruyacaqsınız?!” (əl-Müzzəmmil, 17)
Qiyamət günü məsum uşaqları belə qorxu və dəhşətdən ağ saçlı qocalara çevirəcək bir gündür. Zalımların gözlərini hədəqəsindən çıxaracaq,[5] qəlblərin və gözlərin alt-üst olacağı bir gündür.[6] Əmzikli anaların körpələrini unudacağı, hamilə qadınların uşaqlarını düşürəcəyi, insanların dəhşətdən sərxoş olacağı[7] və qaçacaq bir yer axtaracaqları,[8] çətin və bəlalı[9] bir gün…
Üstəlik “يَوْمُ الْخُلوُدِ” yəni bitmək bilməyən, sabahı olmayan əbədi bir gün!..[10]
O gün Allahın rəhməti yetişməzsə, can yandıran əzablar, insanın belini qıracaq müsibətlər var!..
Ona görə də insan qəlbindəki fani qorxu və təlaşları o günə həsr etməlidir. Bu fani dünyada başına gələn əza və cəfalardan daha çox əbədi həyatını məhv edəcək hadisələr üçün göz yaşı tökməlidir.
Yəni möminlər olaraq bu dünyada əsl qorxu və təlaş keçirməli olduğumuz xüsus fani müsibət və fəlakətlər deyil, əbədi həyatı -Allah qorusun- əzaba çevirəcək olan üsyanlar, naşükürlüklər, günahlar, qəflətlər, nankorluq və nəfsani ehtiraslardır.
Qiyamət gününün qorxu və təlaşından əmin ola bilmək üçün bu gündən iman, təqva, ixlas və saleh əməllərə möhkəm sarılıb haram, günah, üsyan və qəflətdən oddan qaçan adam kimi uzaqlaşmalıyıq.
Rəsuli-Əkrəm r -in nəbəvi tərbiyəsində yetişən əshabi-kiram elə bir qəlbi riqqətə sahib idilər ki, gördükləri hər şey onlara dünyanın faniliyini, qəbir, qiyamət, hesab və əzabı xatırladırdı. Tabeun nəslinin böyük şəxsiyyətlərindən olan Əbu Vail g belə nəql edir:
“Abdullah ibn Məsud t ilə yola çııxmışdıq. Yanımızda Rəbi bin Heysəm g də vardı. Bir dəmirçinin yanından keçirdik. Abdullah t dayanıb közün içindəki dəmirə baxmağa başladı. Rəbi də yanan alova baxıb səndələdi, az qala yerə yıxılacaqdı. Sonra Abdullah t oradan ayrıldı. Fərat çayının sahilində rastımıza içində ocaq qalanan kürə çıxdı. Abdullah t kürənin içindəki ocağın alov tutub yandığını gördükdə:
“(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar”. (əl-Furqan, 12-13) ayələrini oxudu.
Bu zaman Rəbi g özündən getdi. Onu evinə apardıq. Abdullah bin Məsud t günortaya qədər başında gözlədi, amma Rəbi ayılmadı. Axşama qədər gözləyəndən sonra nəhayət Rəbi özünə gəldi...” (Əbu Ubeyd, Fəzailul-Quran, s. 23)
Unutmayaq ki, axirət təlaşı ilə bu dünyada göz yaşı tökənlər son nəfəsdə, qəbirdə, qiyamətdə, hesabda və sirat körpüsündə üzü gülənlərdən olacaqlar. Dünya həyatını sanki axirət pəncərəsindən seyr edərək saleh əməllərlə zinətləndirən bəxtiyar qullar son nəfəslərində pərdələrin qalxıb ilahi rəhmətlə müjdələndikləri zaman ən xoş təbəssümə nail olarlar. Yəni “son gülən yaxşı gülər” sözünün həqiqətini yaşayarlar.
Uca Rəbbimiz saleh və müttəqi bəndələrini son nəfəsdə, qəbirdə və qiyamətdə qorxu və təlaşdan qurtaran əbədi səadət müjdələri ilə sevindirəcəyini Qurani-Kərimdə belə xəbər verir:
““Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!”. (əl-Fussilət, 30)
“Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər. Onlar iman gətirib (pis əməllərdən) çəkinən kimsələrdir. Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!” (Yunus, 62-64)
Nəticə olaraq bu gün fürsət var ikən Allahla dostluğumuzu təmin etmək üçün ciddi səy göstərməliyik. Bunun üçün də iman, ibadət, əxlaq və davranışlarımızın daim Allahın riza, məhəbbət və dostluğuna yaraşan keyfiyyətdə olmasına can atmalı, əlimizdən gələni əsirgəməməliyik.
Yunus Əmrə həzrətləri buyurur:
Varacağız təraziyə,
Haqq kəndi baxar yazuya,[11]
Görücek dağlar əriyə,
Ol zəbanilər ondadır…
Hesab günü savab və günahların ölçüləcəyi “mizan” adlı tərəzilər qurulacaq. Necə olacağını yalnız Rəbbimizin bildiyi bu tərəzilər zərrə qədər də olsa haqsızlıq etmədən hər kəsin dünyada işlədiyi əməlləri zərgər tərəzisi ilə belə müqayisə edilməyəcək həssaslıqla ölçəcək.
Məhz həmin gün mizanda bəlkə də bu gün o qədər də əhəmiyyət vermədiyimiz və ya fərqində olmadığımız zərrə qəbilindən məsuliyyətlər belə hesaba çəkiləcək. Allah-Təala bizə xəbərdarlıq edərək belə buyurur:
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ ﴿7﴾ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ ﴿8﴾
“Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək, kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir”. (əz-Zilzal, 7-8)
Bir bədəvi Rəsulullah r -dən bu ayeyi-kərimələri eşitdiyi zaman böyük heyrətlə:
- Ey Allahın Rəsulu, zərrə ağırlığındamı? – deyə soruşmuşdu.
Peyğəmbərimiz r:
- Bəli, - buyurduqda bir anda bədəvinin halı dəyişdi və:
- Vay mənim xətalarım!.. - deyib iztirabla inildəməyə başladı. Bu sözü dəfələrlə təkrar etdi. Sonra ayağa qalxıb eşitdiyi ayələri təkrar edə-edə getdi.
Rəsulullah r onun arxasınca:
“İman bu bədəvinin qəlbinə girdi”, - buyurdu. (Süyuti, əd-Dürrül-Mənsur, VIII, 595)
Deməli, bu gün əhəmiyyət verilməyən zərrə qəbilindən qüsurların belə mizanda hesaba çəkiləcəyi axirət gününü düşünmək və bunun dərdi ilə məşğul olmaq həqiqi imanın şahididir.
Unutmayaq ki, bəzən kiçicik bir zərrə tərəzinin bir gözünün digərinə qarşı ağır gəlməsinə səbəb olur. Ona görə heç bir savabı da, günahı da kiçik və ya əhəmiyyətsiz görməmək lazımdır.
Necə ki, bir hədisi-şərifdə pişiyinin ac qalmasına əhəmiyyət verməyib ölməsinə səbəb olan bir qadının bu mərhəmətsizliyi səbəbi ilə cəhənnəmə düşdüyü bildirilir. Bunun əksinə, səhrada susuzluqdan qumu yalayan köpəyə çarığı ilə quyudan su çıxarıb onu sulayan günahkar bir qadının da əfv edildiyi bildirilir.[12]
Deməli, Allahın rəhməti də, qəzəbi də bəzən böyük, bəzən adi, bəzən də kiçik kimi görünən şeylərdə təcəlli edir. Ona görə də Bilal bin Sad g belə buyurur:
“Günahın kiçikliyinə baxma! Kimə üsyan etdiyinə, kimə qarşı günah işlədiyinə bax!”
Yunus Əmrə həzrətləri buyurur:
Bitik[13] sunula əlinə,
Etdiyin gələ yoluna,
Tanıklar bilə buluna,
Dostun düşmənin ondadır…
Qiyamət günü hər insana əməl dəftəri verilərək:
اِقْرَاْ كِتَابَكَ كَفى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
“Kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün-özünə kifayətsən”. (əl-İsra, 14) buyurulacaq. İnsanın özü ilə ən dəhşətli üzləşməsi də məhz o anda olacaq. Dünyadakı qulluq təhsilimizin nəticəsi olan əməl dəftərlərimiz ən kiçik xırdalıqlarına qədər həyatımızı yenidən seyr edəcəyimiz bir ekran kimi gözümüzün qabağına gələcək.
Həyatda işlədiyimiz bəzi əməlləri özümüz də unuduruq. Lakin əməl dəftərimiz unutmayacaq. Çünki hər anımız Kiramən-katibin olan mələklər tərəfindən qeyd olunaraq axirət dosyemizə tikilir. Bu həqiqətdən qafil qalmamaq xüsusunda Loğman Həkimin xəbərdarlığı necə də mənalıdır:
“İki şeyi unutma: Allahı və ölümü.
İki şeyi də unut: başqalarına etdiyin yaxşılığı və sənə edilən pisliyi”.
Zaman-zaman nəfsimiz işlədiyimiz kiçik xeyirləri gözümüzdə böyüdərək vicdanımızı arxayın salır, əməllərimizi kifayət göstərir. “Sən bu qədər yaxşılıq etdin, başqaları heç etmir” kimi pıçıltılarla dini səylərimizi qırır, ruhumuza zəhər saçır.
Digər tərəfdən də işlədiyimiz xəta və qüsurları, günahımızı gözümüzdə kiçildərək yenə vicdanımızı arxayın salır. Beləcə tövbə, istiğfar və islah kimi xeyirlərdən bizi məhrum edir. “Nə də olsa, Allah bağışlayar” düşüncəsi ilə bizi şeytanın gizli tələsinə salır.
Halbuki Allah-Təala bu xüsusda bizə belə xəbərdarlıq edir:
“Ey insanlar, Rəbbinizə qarşı gəlməkdən çəkinin! Nə atanın oğula, nə də oğulun ataya fayda verə biləcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!”. (Loğman, 33)
Bəlkə də zaman-zaman hamımız nəfsimizi hesaba çəkirik. Lakin bu mühasibələr axirət hesabına nə qədər müvafiq gələcək? Qeyd edəcəyimiz qissə saleh bəndələrin bu xüsusdakı təlaşını necə də gözəl izah edir:
Salehlərdən bir nəfər bazara getmişdi. Lazım olan bəzi şeyləri alacaqdı. Alacaqları üçün xərcləyəcəyini evdə hesablamış və əlindəki pulun kifayət edəcəyi qənaətinə gəlmişdi. Lakin bazarda gördü ki, əlindəki pul almaq istədiklərinə kifayət etmir. İş belə olduqda için-için ağlamağa başladı və bu halı uzun müddət davam etdi.
Ətrafındakılar onun bu halına təəccüb etdilər. Pulu çatmadığı üçün bu qədər ağlamasının yersiz olduğunu söyləyərək ona təsəlli verməyə çalışdılar. Bir az sakitləşəndən sonra boğazında düyünlənən hıçqırıqlarla ətrafındakılara belə dedi:
“Elə düşünməyin ki, dünya üçün ağlayıram. Öz-özümə düşündüm ki, bu gün evdəki hesab bazardakı ilə düz gəlmir. Bəs bu dünyada etdiyimiz hesablar sabah axirətə necə uyacaq?”.
Bəli, qiyamət günü əməl dəftərimiz verildiyi zaman nəfsimizin və şeytanın bizə əhəmiyyətsiz kimi göstərdiyi xətalarımızın, qəflət və səhlənkarlıqlarımızın əslində nə qədər mühüm olduğunu, zərrə qədər xeyrin də, şərin də əməl dəftərimizə bir-bir qeyd edildiyini heyrətlə müşahidə edəcəyik.
Fərqində olduqlarımız qədər fərqində olmadığımız bir çox xətalarımızı da o axirət ekranında seyr edəcəyik:
Ola bilsin, dedi-qodu etdik, bir qardaşımıza kəm baxdıq, bir adamı məsxərəyə qoyduq, qaş-göz hərəkəti ilə kiminsə arxasından əyləndik, evimizin pəncərəsindən çırpdığımız xalça ilə aşağıdakı qonşumuzu, yaxud evimizin önündən keçən bir adamı narahat etdik. Qapımızdakı itin, pişiyin ac-susuz qalmasına laqeyd yanaşdıq. Maşın sürərkən irəli keçmək üçün xətalı ötmə etdik, su gölməçəsindən sürətlə keçib səkidəki piyadanı islatdıq, qayda pozuntusu edərək insanların həyatını təhlükəyə atdıq və s...
Bəli, fərqində olduğumuz qədər fərqində olmadığımız bütün günahlarımızın da ağır nəticəsi ilə qarşılaşmamaq üçün tövbə və istiğfarı artırmalıyıq. Çünki biz bəzi xətalarımızın fərqində olmasaq da, onlar Kiramən-katibinin diqqətindən yayınmır. Biz unutsaq da, ömrümüzün hər anının nöqtə-vergülünə qədər qeyd olunduğu əməl dəftəri unutmur. Ona görə də insan əməl dəftərində yazılanların dəqiqliyi qarşısında dəhşətə düşəcəkdir. Ayeyi-kərimədə bu həqiqət belə xəbər verilir:
“Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, - deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz”. (əl-Kəhf, 49)
Xülasə, məsələ bu qədər həssas olduğu üçün biz də daha diqqətli olmalıyıq. Ona görə, haqqını yediyimiz adamlar varsa, dərhal hesablaşıb halallıq almalıyıq. Əgər halallaşmaq imkanı qalmayıbsa, yəni haqq sahibi bu dünyadan köçübsə və ya tapmaq mümkün deyilsə, onun adına sədəqə verərək xətamızı düzəltməyə çalışmalı, Allahdan bağışlanma diləməliyik. Xüsusilə də unutduğumuz və fərqində olmadığımız qüsurlarımızdan ötrü:
رَبَّنَا لَا تُؤاخِذْنَا اِنْ نَسينَا اَوْ اَخْطَاْنَا
“…Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma!..” (əl-Bəqərə, 286) duasını artırmalıyıq.
Bilməliyik ki, axirətdə insanın əməl dəftərində gördüyü heç nəyi inkar etmə imkanı da olmayacaq. Çünki kafirlər və günahkarlar eynilə dünyada olduğu kimi, ilahi hüzurda hesaba çəkilərkən də inkar və etirazlarına davam edəcəklər. O zaman Rəbbimiz onların ağızlarına möhür vuracaq və digər əzalarına danışmağı əmr edəcək. Bu hal ayeyi-kərimələrdə belə bəyan edilir:
“O gün dilləri, əlləri və ayaqları etdikləri əməllərə görə onların əleyhində şahidlik edəcəkdir”. (ən-Nur, 24)
“Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində Bizimlə əlləri danışar, ayaqları da şahidlik edər”. (Yasin, 65)
“Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” - deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. İlk dəfə sizi O yaratdı və Ona qaytarılırsınız”, - deyə cavab verəcəklər”. (əl-Fussilət, 20-21)
Bir sözlə, bu dünyada bir dilimiz var, hesab günündə isə bütün üzvlərimiz dilə gəlib şahidlik edəcək. Hətta üzərində gəzdiyimiz məkanlar da şahidlik edəcək. Ayeyi-kərimədə buyurulduğu kimi:
“O gün yer şahid olduğu hər şeyi xəbər verəcək. Çünki bunu ona Rəbbin vəhy etmişdir”. (əz-Zilzal, 4-5)
Demək ki, bu dünyada hər şey qeyd olunur... Kiramən-katibin mələkləri qədər məkanlar da, ilahi kameralar da hər an bizi çəkir. Ona görə də bu dünyada başıboş buraxılmadığımızı, dünyaya nə üçün gəldiyimizi, buradan hara gedəcəyimizi əsla unutmamalıyıq. Son nəfəsimizə qədər qulluğumuza davam edib hər an Allaha sığınmalı, Ona yalvarmalıyıq.
Haqq-Təala qəlblərimizi axirət təfəkkürünün feyzi ilə canlandırsın. Hər birimizi fani dünyanın saxta çiçəklərinə, bayağı bər-bəzəyinə və nəfsani ilğımlarına aldanmaqdan hifz etsin. Lütf-kərəmi ilə bizə “Əsas həyat axirət həyatıdır”[14] həqiqətinin təfəkküründə dərinləşərək hüzuruna ağ üzlə çıxan saleh bəndələrindən ola bilməyi ehsan etsin.
Amin!..
1.spot
Peyğəmbərlər və onların müjdələdiyi insanlar müstəsna olmaqla heç kəsin cənnətə girmək xüsusunda təminatı yoxdur. Bəziləri bu həqiqəti unudaraq “Mən filan zatın ətəyindən yapışaram, o məni qurtarar” şəklindəki sözlər sərf etmək surəti ilə qəflətə düşürlər. Bəli, şəfaət haqdır, lakin yalnız Allahın izin verdiyi kəslər şəfaət edər ki, onlar da məchuldur. Zahid və abid səhabələrdən olan Osman bin Məzun t vəfat etdikdə bir qadın: “Ey Osman, şahidəm ki, bu dəqiqə Allah sənə ikram edir”, - dedi. Hz. Peyğəmbər r qadına xəbərdarlıq etdikdən sonra belə buyurdu:
“Mən Peyğəmbər olduğum halda mənə və sizə nə ediləcəyini (başımıza nəyin gələcəyini) bilmirəm”. (Bax. Buxari, Təbir, 27)
2. spot
Axirət qorxusu ilə bu dünyada göz yaşı tökənlər son nəfəsdə, qəbirdə, qiyamət günü, hesabda və siratda üzü gülən bəxtəvərlərdən olarlar. Şair Necip Fazıl saleh insanların son nəfəsini belə dilə gətirir:
O dəmdə ki pərdələr qalxar, pərdələr enər,
Əzrailə “xoş gəldin” deyə bilməkdə hünər...
3. spot
Unutmayaq ki, bəzən kiçicik bir zərrə tərəzinin bir gözünün digərinə qarşı ağır gəlməsinə səbəb olur. Ona görə heç bir savabı da, günahı da kiçik və ya əhəmiyyətsiz görməmək lazımdır.
Bilal bin Sad g belə buyurur:
“Günahın kiçikliyinə baxma! Kimə üsyan etdiyinə, kimə qarşı günah işlədiyinə bax!”
4. spot
Haqq-Təala kainat kitabında sərgilədiyi saysız-hesabsız ayələri qarşısında insanın qəflətdən oyanmasını istəyərək belə sual edir:
“Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı. Səni istədiyi şəkildə yaratdı”.
[1] Məlamət: Özünü qınamaq, peşmanlıq hissi keçirmək.
[2] Bax. Tirmizi, Zöhd, 59/2403.
[3] Münavi, Feyzul-Qədir Şərhul-Camiis-Sağir, V, 663.
[4] Məsum: Günahsız uşaq.
[5] Bax. İbrahim, 42.
[6] Bax. ən-Nur, 37.
[7] Bax. əl-Həcc, 1-2.
[8] Bax. əl-Qiyamə, 10.
[9] Bax. əl-İnsan, 10.
[10] Bax. Qaf, 34.
[11] Yazu: Günah, suç.
[12] Bax. Buxari, Ənbiya, 54; Müslim, Salam 151, 154, Birr 133.
[13] Bitik: Yazılı şey, fərman, məktub, kitab, əməl dəftəri.
[14] Buxari, Riqaq, 1.
ŞƏRHLƏR