Könül coğrafiyamızda BİR ULU ÇİNAR TORPAĞA DÜŞDÜ
“Getdin, nə qaldı bilsən, könlümdə firqətindən
Karvan köçən qonaqda qalmaz, atəşdən özgə...”
Sədi Şirazi
Noyabr ayı səssiz yağan yağmurlarla ulu çinar yarpaqlarının torpağa düşdüyü, hicranın vüsala döndüyü bir mövsümdür. İlahi təqdir öz hökmünü icra etdi. Könül coğrafiyamızda ulu çinar olan Əli Çinar abimiz də təbliğ və irşad yolunda bütün imkansızlıqlara rəğmən qitələrarası səfərlərə çıxan əshabi-kiramın əsrimizdəki davamçılarından biri olaraq təbliğ və irşad eşqi ilə xidmət etdiyi Qafqaz torpaqlarında ruhunu Haqqa təslim etdi. Əli Çinar bizim üçün dəyərli bir abi, yaxın dost və 20 ildən bəri birlikdə xidmət etdiyimiz fədakar bir dava adamı idi. Bu fani dünyada ondan ayrılışın dərin hüznünü yaşayırıq. Onun yürüdüyü eşq yolçuluğu və həyat məktəbi gələcək nəsillərə nümunə olacaqdır.
Tarixi gedişata baxanda Türk-İslam coğrafiyasının XX əsrin başlarında kədərli günlər yaşadığını görürük. Amma Allahın lütfü ilə 1990-cı illərin başında Sovet imperiyasının dağılması bu kədərli günləri sevinc və coşquya çevirdi. Hər çətinliyin ardından bir asanlığın, hər gecənin ardından da bir səhərin doğacağı mütləqdir. Bəli, o gün gəldi, dəmir pərdələr dağıldı. Qardaş torpaqlar azadlığa qovuşdu.
Can Azərbaycandan Hacı Səlim əfəndinin İstanbul ziyarətindən sonra Hüdayinin eşq çırağı artıq təkcə Anadolunu deyil, bütün könül coğrafiyamızı işıqlandırmağa başlamışdı. Eşqlə yaşamaq böyük sevdaya qurşanmaqdır. “Dayanmaq, yoxsa səfər?” deyə soruşulduqda “Səfər vaxtıdır” deyə bilməkdir. Həyatı eşqlə yaşamaq səhər vaxtında ölümü hiss etmək, böyük ruhlarla görüşmək, yeni həyəcanlara yelkən açmaq və hər günə yeni eşqlə başlamaqdır. Dərdli könüllər əzəldən işığa həsrət pərvanələr kimi Anadoludan və könül coğrafiyamızın hər yerindən buraya axın etməyə başlamışdı. Əli abimiz də onlarla könül kimi bu ülvi çağırışa qəlbən “ləbbeyk” deyərək səs verənlərdəndi.
Bu yolçuluğun ilk addımı Hüdayi vəqfimizin himayəsində seçilmiş bir qrupla 2004-cü ildə Balkan yarımadası ziyarəti əsnasında atılmışdı. Könül coğrafiyamızdakı qardaş ölkələrlə siyasi, strateji, iqtisadi, mədəni və sosial əlaqələrimizin tarixi qədimlərə söykənir. Bu coğrafiya ilə irfani bağlar könül körpülərimizlə daim canlı olmuşdur. Prof. Dr. Həsən Kamil Yılmazın ifadəsinə görə, bu birlik “Mərmərə dənizi ilə Qara dəniz arasında ikitərəfli və qarşılıqlı axın kimi tarix boyunca daima var olmuşdur. Azərbaycanla Anadolu arasında qurulan könül körpüləri gah Azərbaycandan Anadoluya, gah da Anadoludan Azərbaycana yollanan könül insanlarının gediş-gəlişini və iki qardaş xalqın könül birliyini təmin etmişdir”.
XVI əsrin böyük təfsir və təsəvvüf alimi Nemətullah Naxçıvani həzrətləri Azərbaycanın Naxçıvan bölgəsində doğulub elm, irşad yolunda Əli abimizin məmləkəti olan Konyanın Akşehir bölgəsində Allahın rəhmətinə qovuşmuşdu. Bu gün də Əli abimiz gənclik illərində feyzyab olduğu həmin ruhani iqlimlə elm, mərifət, məhəbbət və eşq üçün eyni irfan yolunu təqib edərək, böyük vəfa örnəyi göstərərək can Azərbaycanda uzun illər xidmət edərək ruh əmanətini Rəbbinə məhz bu könül coğrafiyamızda təslim etmişdir.
Əli abimiz “mərkəz ürəyin” qəlb ritmini könül coğrafiyamıza daşımağa çalışırdı. “Möhtərəm Ustadımızla rabitəsi güclü, qardaşları ilə də irtibatı (əlaqəsi) sağlam” olan bir “Anadolu dərvişi” idi. Könül insanı olmaq zəriflik, nəzakət və həssaslıq tələb edir. Abimiz bu gözəl vəsflərin hər birini özündə cəm etmişdi. Söhbəti, azan oxuması və Qurani-Kərim tilavətindəki məlahətli səsi ilə sanki məhəbbət çeşməsi olub qəlblərə axırdı.
Uzun illər Azərbaycanda milli-mənəvi dəyərlərimizə bağlı gənclərin yetişməsi üçün gecə-gündüz çalışdı. Azərbaycanda, Gürcüstanda, hətta Afrikanın Tanzaniya, Uqanda kimi bəzi ölkələrində də elm, irşad və təbliğ səfərlərinə çıxdı. Onunla gecə yolçuluqlarımız oldu. Biz sonradan, yəni indi anladıq ki, “əsas olan yolun sonu deyil, yolun özü və o andır”.
Bir Qurban bayramının Ərəfə günündə yol qəzasında vəfat edən mərhum Hafiz Emin Kürşat Yetər (Əliabadlı Musab) qardaşımız kimi könlünü və ömrünü bu eşq coğrafiyasına vəqf etmişdi o da. Əli abimizin vəfat xəbərini alan Möhtərəm Ustadımız: “Qardaşımız Əli bəy Hafiz Emin Yetər qardaşımızdan sonra Can Azərbaycanda ikinci şəhidimizdir. Səfəri və şəhadəti mübarək olsun. Əli bəy o insanları və oraları çox sevirdi. Mümkünsə orada dəfn edilsin, bərəkətə vəsilə olar, inşallah”, - buyurmuşdu.
Türkiyədən Azərbaycana son gəlişində övladlarına: “... Bildiyim bir şey yoxdur, amma haqq Azərbaycanda vaqe olarsa, orada qalmağıma izin verin, bərəkət olar”, - deməsi də ilahi sirrin təcəllisi idi. Həmin görüşdə övladlarının timsalında bütün qardaşlarına və tələbələrinə də belə vəsiyyət etmişdi: “Övladlarım, sizə iki miras qoyuram: təhəccüdüm və təsbehim”. Ruhunu təslim etdiyi mübarək cümə günü müxtəlif yerlərdə qiyabi cənazə namazları qılındı. Azərbaycanın hər bölgəsindən, Türkiyədən və onlarla ölkədən gələn Fatihələr, Yasinlər və xətmi-şəriflər bir məna ərinin vəfatı ilə “ölümsüzləşdiyi və sirr olduğu”nun işarəsidir.
Anadoluda olarkən mərhum Hacı Rasih əfəndi kimi gözəl insanların könül tədrisindən keçən, Əthəm Cəbəcioğlu kimi dəyərli elm və irfan əhli ilə uzun illər birlikdə addımlayan Əli abimiz Azərbaycanda da könül dünyası səmimi, saf və bərraq Zöhrab dayı, Hacı Səlim əfəndi, Abdussaməd baba kimi gözəl insanlarla könül birlikdəliyi yaşadı. Bu eşqi, məhəbbət və mənəvi birlikdəliyi axirət aləminə də daşıdığına şahidik.
Dünyaya göz açdığı vətəndən uzaqda, Allah yolunda canını fəda edənlər haqqında dinimizdə bildirilən müjdələrdə gedilən yolun və görülən işin ülviliyi göstərilir. Prof. Dr. Ömər Çelik xocamızın Əli abimizin vəfatından sonra bizə göndərdiyi qısa çalışması bunu necə də gözəl bir şəkildə ortaya qoyur.
“Allah yolunda hicrət edib sonra öldürülən, yaxud ölən kimsələrə gəldikdə, əlbəttə, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir. Həqiqətən, Allah onları razı qalacaqları bir yerə daxil edəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi biləndir, həlimdir”. (əl-Həcc, 58-59)
Allah-Təala öz yolunda hicrət edən, bu uğurda öldürülən və ölənlərin fəzilətinə diqqət çəkir. Onlar digər ölülərdən daha fəzilətlidirlər. Haqq-Təala onları gözəl nemətlərlə ruziləndirəcək və cənnətdə razı qalacaqları məqama yüksəldəcəkdir.
Çünki bu haqda Rəbbimiz belə buyurur:
“Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun Peyğəmbəri yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir”. (ən-Nisa, 100)
Allah Rəsulu (s.ə.s) də belə buyurur:
“Hər kim Allah yolunda hicrət edərək evindən çıxar və miniyindən yıxılıb ölərsə, yaxud ilan vurub öldürər və ya ölüm gəlib haqlayarsa, onun əcrini vermək Allaha aid olar. Hər kim aldığı zərbə ilə olduğu yerdə ölərsə, o da Allaha gözəl dönüşə layiq olar”. (Əhməd b. Hənbəl, Müsnəd, IV, 36)
Qədim Azərbaycan torpağı olan Qarabağı işğalçı ermənilərdən azad etdiyimiz bu günlərdə qazanılan zəfərlərin sevinci ilə şəhidlərimizin və Əli abimizin vəfat hüznünü birlikdə yaşadıq. Əli abimiz bölgələrə son ziyarətində iştirak etdiyi şəhid cənazələrinin dərin təsirində qalmışdı. Bir dost məclisində etdiyi son söhbəti tamamən şəhidlər və şəhidliyin fəzilətinə aid idi. Qeyri-ixtiyari göz-gözə gəldiyimiz zaman bu söhbətin adi bir söhbətdən daha çox ürəkdən və cəzbə halında edildiyini hiss etdim. Bu, eşq yolçuluğunun və şəhidlik mesajının incə bir sirri idi, bəlkə də... Məhz bu sirlə “Şəhidlər Karvanı”na qoşuldu sanki... Eşq şairi Nizami bu sirri necə də gözəl ifadə edir:
“Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?”
Ömür boyu elm, irfan, xidmət və eşqlə dolu olan Əli Çinar abimizə Allahdan rəhmət diləyirik. Rəbbimiz Əli abimizin məkanını cənnət etsin, ona rəhməti ilə rəftar etsin. Haqq-Təala bütün könüldaşlarımıza, sevənlərinə, ailəsinə və bütün övladlarına səbri-cəmil, əcri-cəzil lütf etsin...
Onun sayəsində eşq və məhəbbətlə atılan toxumlar tumurcuqlayıb fidan olsun, qiyamətə qədər ulu çinar – ALİ ÇİNAR – lar olsun.
ŞƏRHLƏR