BİR AYƏ
بسم الله الرحمن الرحيم
فَاسْتَبِقُوا الْخَيْرَاتِ
“… Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın!” (əl-Maidə, 5/48)
Uca Allah bütün insanları yaxşı işlər görməyə dəvət edir və bizdən faydalı işlər görməyimizi, bu yolda başqalarına da nümunə olmağımızı, eləcə də bu işdə bir-birimizlə yarışmağımızı istəyir.
Ayədəki “yaxşı işlər” ifadəsi insanın ağlına gələn hər növ yaxşılıq, gözəllik, faydalı əməl və gözəl davranışları əhatə edir. Beləcə, Qurani-Kərim həyatdakı əsas məqsədlərimizdən birinin məhz yaxşı və xeyirli əməllərdə yarışmaq olduğunu bildirir. Quranın digər bir ayəsində Allah-Təala bununla bağlı olaraq: “Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar”,[1] – buyurur. Digər bir ayədə də: “Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə yaxşı işlər görməkdə yarışın!”[2] – buyurularaq bu işin əhəmiyyətinə diqqət çəkilir.
Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Din xeyirxahlıqdır!”[3] – buyuraraq İslam dininin ən əsas xüsusiyyətlərindən birinin məhz yardımlaşma olduğunu vurğulamışdır. Həzrət Peyğəmbərin (s.ə.s) yetimləri, kasıbları, darda qalanları, maddi və mənəvi köməyə ehtiyacı olanları necə bağrına basdığı və onlar üçün necə can yandırdığı hər birimizə məlumdur. Onun (s.ə.s) əməlləri ilə Quranın yuxarıda qeyd etdiyimiz ayələrini həyatda tətbiq etməsi də həm o ayələrin təfsirinə, həm də bu şüurun müsəlmanlarda formalaşmasına yardımçı olmuşdur. Məhz bunun nəticəsində İslam coğrafiyasında məscidlər, mədrəsələr, aşxanalar, vəqflər və müxtəlif növ xeyriyyə cəmiyyətləri ortaya çıxmışdır.
Dünya və axirət səadətinə aparan yol da yardımlaşma və xeyirxahlıqdan keçir. Dünyada insanlara yaxşılıq etmək, əslində, axirətdə də insana səadət gətirən bir amildir. Çünki Uca Rəbbimiz: “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!”[4] – buyuraraq nicat yolunun Allaha ibadət və xeyirxahlıqdan keçdiyini xəbər verir. Peyğəmbərimiz (s.ə.s): “Mömin cənnətə girənə qədər etdiyi xeyirxahlığa doymaz!”[5] - buyuraraq bu həqiqətə diqqət çəkmişdir. Yeri gəlmişkən qeyd edək ki, Həzrət Əbu Bəkr (r.a) və Həzrət Ömərin (r.a) infaq etməkdə bir-biri ilə yarışdıqları və Ömərin (r.a) bu xeyirxahlıq yarışında Əbu Bəkri (r.a) keçə bilmədiyini etiraf etməsi də hədis mənbələrində qeyd olunan ibrət lövhəsidir.
Möminlər həyatları boyunca xeyirli işlərdə bir-biriləri ilə şirin bir rəqabət içində olmalıdırlar. Çünki kamil möminlər dünyəvi bir fayda əldə etmək və ya insanlar arasında təkəbbürlənmək üçün deyil, yalnız Allahın əmrlərini yerinə yetirmək və bəşəriyyət üçün faydalı işlər görmək sahəsində yarışarlar. Unutmayaq ki, bu yarışda heç kim məğlub deyildir.
[1] əl-Muminun, 23/61.
[2] əl-Bəqərə, 2/148.
[3] Müslim, İman, 95.
[4] əl-Həcc, 22/77.
[5] Tirmizi, Elm, 19.
ŞƏRHLƏR