XUDAFƏRİN KÖRPÜLƏRİ
Dünya memarlıq sənətinin nadir incilərindən olan Xudafərin körpüləri Cəbrayılın ən əsas memarlıq abidələrindən biri kimi məşhurdur. Araz çayının üzərində qurulmuş bu körpülərin həm ölkədaxili, həm də dünya miqyasında böyük əhəmiyyəti olmuşdur. Belə ki, bu körpülər hesabına Yaxın və Orta Şərqin Qafqaz və Dərbənd vasitəsi ilə Rusiya, o cümlədən Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinin inkişafı, tarixi İpək yolunun müntəzəm fəaliyyəti təmin edilmişdir.
Araz üzərində çoxlu körpülər inşa olunsa da, onlardan bizə məlum olanı Xudafərin körpüləridir. Xudafərin körpüləri Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olmuşdur. Belə ki, burada genişlənən çay yatağında iri qayalıq sahələri mövcuddur və körpü üçün bu təbii dayaqlardan istifadə edilmişdir.
Xan Arazı "möcüzəli çay" adlandıran Yaqut Həməvi qeyd edir: "Aranda, Araz boyunca min şəhər var". Azərbaycanın bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə doğru kəsərək iki hissəyə bölürdü. Bu səbəblərə görə Arazın üstündə çoxlu körpülər tikilmişdir.
Xudafərin qəsəbəsi və Xudafərin körpüləri tarix boyu bir çox ağır döyüşlərə şahidlik etmişdir. Burada olmuş döyüşlərdən biri və ən maraqlısı Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücum edərkən İbrahimxəlil xanın qoşunu ilə qarşı-qarşıya gəldiyi döyüşdür. Belə ki, İbrahimxəlil xanın əmri ilə Xudafərin körpüsü dağıdıldığından İran qoşunları Araz çayını qayıqlarla keçməli olur. Çay çox güclü axdığı üçün qayıqların bir qismi çevrilərək aşır. Buna rəğmən düşmən çayı keçməyə müvəffəq olur.
Düşmənin çayı keçdiyini görən İbrahimxəlil xanın əmrinə əsasən döyüşçülər külli miqdarda qayığı araba hesabına çayın yuxarı başına daşıyırlar. Qayıqları çoxlu daş ilə yükləyib axşam vaxtı Araz çayına buraxırlar. Qayıqlar ağır olduğu üçün suda çox üzə bilməyib batır. Daşla dolu qayıqlar bir-birinin ardınca batdığı üçün Araz çayının qarşısı kəsilir. Bu səbəbdən də Araz çayı öz məcrasını dəyişib düşmənin düşərgə saldığı əraziyə doğru axmağa başlayır. Düşmən qüvvələri çaşqınlıq içində qalır. Çünki hava sakit, göy üzü çox aydın idi. Axı bu sel necə gələ bilər, deyə düşünməyə belə vaxtları olmur. Sel yalnızca onların hündürdə qurduğu toplarına toxunmur. Səhər açılan kimi şah süni bəndləri görüb onları toplarla dağıtdırır və çay əvvəlki yatağı ilə axmağa başlayır. İranlılar bunun qarşılığını kasıb əhaliyə zülm etməlkə alırlar. İran sərbazları əhalini qarət edirlər.
Xudafərin körpülərindən biri 11, digəri isə 15 aşırımlıdır. Bu körpülər arasında 800 m məsafə var. Xudafərin körpülərindən 15 aşırımlı olanı kərpicdən inşa olunmuşdur. Bu körpünün dayaqları süni oturacaqlar yox, çayın içində olan qayalar üzərində qurulmuşdur. Elə buna görə də körpünün aşırımları təbii qayalar arasındakı məsafəyə görə müxtəlif ölçülü olmuşdur. Bu körpünün hündürlüyü 10 m, eni 4,5 m, uzunluğu 200 metrdir. Həmin bu körpü eramızın I əsrində tikilmiş və XII əsrdə Əhəmənilər tərəfindən bərpa edilmişdir.
Xudafərin körpüləri Azərbaycan memarlıq sənətinin ən ecazkar nümunələrindən sayılır. Azərbaycan torpaqları işğal edilən zaman Xudafərin körpüsü bizdən ayrı düşdü və illərlə düşmən əsarətində qaldı. Buna görə də mahnılar bəstələndi, şeirlər oxundu.
18 oktyabr 2020-ci il. Necə də gözəl səslənir bu cümlə. Axı bu ilin, ən əsası da bu günün özəlliyi nədir? Bu il və bu gün bizim zəfər tariximizin parlaq hərflərlə yenidən yazıldığı günlərdəndir. Həm də qəhrəman əsgərlərimizin canıyla, qanıyla yazıldı bu tarix. Məhz 18 oktyabr 2020-ci ildə “Həsrət körpüsü” adlandırılan Xudafərin körpüsünün həsrətinə son qoyuldu. Artıq Xudafərin əsirlikdə deyil, artıq Xudafərin düşmən tapdağında deyil. İndi Xudafərin körpüsündə Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır. Biz artıq Xudafərinə baxıb kədərlənməyəcəyik, əksinə, qürur duyacağıq. Bundan belə Xan Araz bizim həsrət göz yaşımızı deyil, sevinc göz yaşlarımızı bağrına basacaq. Artıq Xudafərin körpüsünü real həyatda öz gözlərimizlə görüb, üstündə addımlayıb tarix qoxan daşlarına toxuna biləcəyik.
ŞƏRHLƏR