Alban tarixi mədəniyyətinə ERMƏNİ TƏCAVÜZÜ
Hər bir ölkənin tarixi onun mədəniyyət abidələrinin mövcudluğu ilə izah olunur. Bu baxımdan böyük bir tarixə sahib olan dövlətimizdə də zəngin mədəni tarixə malik abidələr mövcuddur. Tarixi yaddaşımız olan bu abidələrin öyrənilməsi və qorunması, gələcək nəsillərə çatdırılması olduqca vacibdir.
Tarixi abidələrimiz bir çox hallarda baxımsızlıqla üzləşmiş və təxribatlara, dağılmalara məruz qalmışdır. Bu baxımdan abidələrimiz ən çox ermənilərin qərəzli müdaxiləsindən təsirlənmişdir. Tarixə nəzər salsaq, iki fərqli mərhələdə ermənilərin Alban toplumu və kilsələrinə qarşı basqı və assimilyasiya fəaliyyətlərini görürük. Miladi 705-ci ildə və xüsusilə də 1836-cı ildən etibarən ermənilər tarixi alban mirasını sahiblənmiş, bu məbədlərin mövcud olduğu qədim Albaniya, eyni zamanda bugünkü Azərbaycan torpaqlarını qəsb etmiş və özlərininki kimi qələmə vermişdir. Kilsə tarixi üzərinə aparılan bütün Avropa mənşəli çalışmalara nəzər saldıqda bölgədə əsrlərlə tarixə sahib Albaniya dövləti və onun xristianlıq inancından heç bəhs edilməməkdə, bütün hadisələr erməni kilsəsi üzərinə inşa edilməkdədir. Unutmamalıyıq ki, Albaniyada xristianlıq 313-cü il “Milano” fərmanından öncə yayılmağa başlamış, 313-cü ildən sonra rəsmi dövlət dini elan edilmişdir. Cənubi Qafqazda ilk inşa edilən xristian məbədi Kiş məbədi, ilk bölgə şurası Albaniya hökmdarı III Vaçaqan tərəfindən 488-ci ildə tərtib edilən “Aquen” kilsə şurası olmuşdur.
Azərbaycanda İslamın yayılmasını fürsət bilən erməni kilsəsi xristian azlıqları qriqorianlaşdırma fəaliyyətinə başladı. V əsr etibarilə erməni, gürcü və alban dilində dini mətnlərin və bir çox əsərlərin yazılmasına baxmayaraq, alban dilində yazılan ədəbiyyat nümunəsinin niyə olmadığını S. T. Yeremyan belə izah etmişdir: “V əsrdən bu yana qələmə alınan alban kilsəsinin dini ədəbiyyatı erməni kilsəsinin təzyiq və təqibləri nəticəsində yox edilmişdir”. Digər tərəfdən, erməni işğalçılarının Azərbaycana təcavüzü nəticəsində Qarabağ sakinləri ilə yanaşı, oranın tarixi mədəniyyət və memarlıq abidələri də terrora məruz qalmışdır. İşğal müddətində bu ərazilərdə bir çox tarixi memarlıq abidələrimiz dağıdılıb, bəzilərini də öz adlarına çıxmaq məqsədilə üzərlərində dəyişikliklər apararaq dünyaya erməni abidələri kimi təqdim etmişlər.
Çar Rusiyası bölgədə təsirli olduğu zaman ermənilərin dəstəyini əldə etmək üçün erməni katolikoslarına bəzi imtiyazlar vermişdir. Belə ki, 1836-cı ildə alban katolikosluğu ləğv edilmiş, Eçmiədzin (Üçkilsə) bölgəsində erməni katolikosluğu nəzdində iki yepiskopluq qurulmuşdur. Alban kilsəsi, katolikosluğu və ya yepiskopluğu məqsədli olaraq tamamən silinmişdir. Eyni zamanda xristian alban xalqlarının soyad sonluqları "yan" olaraq dəyişdirilmişdir. 1909-1910-cu illərdə Sankt-Peterburq Sinodu Eçmiədzin kilsəsinin və erməni-qriqorian dini inzibati nəzarətinə tabe olan yepiskopluğun köhnə arxiv sənədlərini məhv etməsinə icazə vermiş, beləliklə, lazımsız sayılan erməni arxivləri ilə birlikdə bütün alban xristian kilsə arxivi erməni kilsəsi tərəfindən məhv edilmişdir.
Ermənilərin Cənubi Qafqazda etnik və mədəni təmizləmə adı altında apardıqları başqa bir fəaliyyət də alban-türk və xristian dövrünün memarlıq əsərlərinin saxtalaşdırılmasıdır. Xüsusilə kilsələrdəki xristianlıq dini simvollarının və divar rəsmlərinin əslini saxtalaşdıraraq alban mədəniyyət tarixi ilə əlaqəni pozmağa çalışmışlar. Xaç daşları yonularaq, parçalanaraq təhrif edilmiş, alban dini simvolları erməni dini simvolları ilə dəyişdirilmişdir. Gürcü tarixçi A. Çavçavadze ermənilərin yerli alban mədəniyyətini qəsb etdiyini və bölgəni Hayk ölkəsinin bir hissəsi kimi xarakterizə etdiyini bildirir. Bu yolla ermənilər alban mədəniyyətini mənimsəmişdir.
Süryani ortodoks kilsəsi Mardin və Diyarbakır metropoliti Saliba Özmen ilə Mardin Deyrulzafaran monastırında görüşümüz əsnasında Azərbaycana səfəri ərəfəsində ermənilərin alban məbədlərini necə təhrif etdiyinə şahid olduğunu bildirmişdi. Ermənilər sadəcə kilsə və xristian dini abidələrinə deyil, Azərbaycan mədəniyyətinin musiqisinə, mətbəxinə də göz dikmiş, özününküləşdirməyə çalışmışlar.
Son dövr Cənubi Qafqaz araşdırmaçıları alban memarlıq əsərlərinin xüsusiyyətləri və tikinti üslublarına görə erməni memarlığından fərqli olduğunu bildirmişlər. Əslində Qarabağ abidələrinin ermənilərə aid olmadığını onların özləri də etiraf edirlər. 1828-ci ildə ermənilər Qarabağa köçürüləndə kilsələrə getməmiş, bu kilsələrin onlara aid olmadığını bildirmişdilər. Həqiqət belə olsa da, ermənilər hələ də Azərbaycana qarşı torpaq iddialarını davam etdirməkdə, mədəniyyət tariximizi saxtalaşdırmağa çalışmaqdadırlar. Bu günə qədər qeydə alınan 367 tarixi abidə, 67 məscid, 140 ziyarətgah, 140 məbəd ermənilər tərəfindən dağıdılmışdır.
Məkrli düşüncələrini həyata keçirməyə çalışan ermənilər 1990-cı illərin əvvəllərində beynəlxalq hüququn prinsiplərini pozaraq sərhədləri rəsmi olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş Azərbaycan ərazilərinin 20 %-ni işğal etmiş, bölgədəki Alban tarixi və mədəni irsini təxrib etmişdilər. Bu il böyük zəfərlə nəticələnən Vətən müharibəmizdən sonra işğal edilmiş torpaqlarımız azad edildi və Cənab Prezidentimizin də ifadə etdiyi kimi, tezliklə hər bir abidə bərpa ediləcək və öz tarixi missiyasına yenidən qovuşacaqdır.
ŞƏRHLƏR