BİR HƏDİS
عَنْ ابْنِ عَبَّاسٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: عَيْنَانِ لَا تَمَسُّهُمَا النَّارُ: عَيْنٌ بَكَتْ مِنْ خَشْيَةِ اللَّهِ، وَعَيْنٌ بَاتَتْ تَحْرُسُ فِي سَبِيلِ اللَّهِ
İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurdu: "İki göz vardır ki, onlara cəhənnəm atəşi toxunmaz: Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkən göz". (Tirmizi, Fəzailul-cihad, 12).
Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə iki kimsədən bəhs etməkdədir. Bunlardan birincisi Allah qorxusundan ağlayan kimsədir. Ağlamaq qəlbin riqqətə gəlməsi nəticəsində gözlərin yaşarması ilə əmələ gələn təbii bir haldır. Allah qorxusuyla ağlamaq insanın öz əməllərinin əskikliyini düşünməsi və özünün Rəbbinə layiq bir bəndə olmadığını bilməsi nəticəsində yaranır. Bu ağlamağın mərkəzi qəlbdir. Çünki qəlb Allaha yönəldikcə yumşalar. İnsan Rəbbinin hüzurunda öz əməllərinin əskikliyini gördükcə kədərlənər və gözləri yaşarar. Ağlamamaq isə qəlbin qatılaşmasının nəticəsidir. Bu haqda İbn Qayyim əl-Cövziyyənin nəql etdiyi gözəl bir kəlam vardır: "Nə zaman göz Allah qorxusundan ağlamasa, bil ki, o gözün ağlamaması qəlbin qatılaşmasındandır. Çünki Allahdan ən uzaq qəlblər qatılaşmış qəlblərdir". (İbn Qayyim, Bədaiul-fəvaid, III, 224).
Qurani-Kərimdə Uca Allah ağlayaraq səcdəyə qapanan insanların üstünlüyündən bəhs edərək belə buyurmuşdur: "Onlar özlərinə mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır". (Məryəm, 19/58). Buna görə də Rəsulullah (s.ə.s) qorxmayan qəlbdən Allaha sığınmış (Tirmizi, Dəavat, 69) və Allah qorxusuyla ağlayan kimsənin axirətdə - kölgələrin olmadığı o gündə Allahın öz kölgəsiylə kölgələndirdiyi kimsələrdən olacağını bəyan etmişdir. (Nəsai, Ədəbül-qudat, 2).
Hədisin diqqət çəkdiyi ikinci kimsə isə Allah yolunda keşik çəkən kimsədir. Allah yolunda keşik çəkmək cihadın ən üstün mərtəbəsi sayılır. Çünki keşikdə duran əsgər düşmən tərəfindən gələn təhlükələrlə hər an qarşı-qarşıya olur. Bu səbəblə də düşməni dəf etmək üçün gecə boyunca gözünü qırpmayan əsgəri Həzrət Peyğəmbər (s.ə.s) belə böyük bir mükafatla müjdələmişdir. Rəsulullah (s.ə.s) Allah yolunda keşik çəkməyin üstünlüyünə başqa hədislərində də diqqət çəkmişdir. Bir hədisində Allah Rəsulu (s.ə.s) belə buyurur: "Allah yolunda bir gün keşik çəkmək dünyadan və dünyanın içindəki hər şeydən daha xeyirlidir". (Tirmizi, Fəzailul-cihad, 26). Salman Farisinin nəql etdiyi bir hədisdə isə Rəsulullah (s.ə.s) bir gün və bir gecə keşikdə dayanmağın gündüzü orucla, gecəsi ibadətlə keçən bir aydan daha üstün olduğunu açıqlamışdır. (Müslim, İmarə, 163)
Nəticə olaraq bu hədis Allah rizası üçün edilən hər bir əməldə olduğu kimi Allah qorxusundan ağlamağın və canını fəda edərək düşmənlə üz-üzə durub keşik çəkməyin böyük mükafatının olduğunu xəbər verməkdədir.
ŞƏRHLƏR