VƏTƏN MÜHARİBƏSİNƏ APARAN YOLLAR

VƏTƏN MÜHARİBƏSİNƏ APARAN YOLLAR

Azərbaycan ictimai şüurunda Qarabağ məsələsinə müxtəlif cür yanaşmalar olub. Açığı, işğal olunan torpaqların nə vaxtsa azad olunacağına ümidini itirənlər elə də az olmayıb. Çoxlarımız etiraf edərlər ki, “Lazım gələrsə, torpaqlarımızı hərbi yolla azad edərik” cümləsi bəzən insanlarda qıcıq və ya ironik təbəssüm doğurub.

İctimai şüurda uzun illər belə bir fikir dominantlıq təşkil edib: düşmənlərimizin xarici havadarları çox güclüdür, bu səbəbdən, bizim nə vaxtsa qələbə çalmağımız hələ çox abstrakt görünür.

Məncə, azərbaycanlılarda işğal olunmuş ərazilərimizi azad etməyə ümid işığı yandıran ilk hadisələrdən biri dövlətin hərbi quruculuq sahəsinə ayırdığı xüsusi diqqət oldu. Ölkəyə gələn neft pulları həm də ordu quruculuğuna, müasir silahların alınmasına, eyni zamanda hərbi sənaye sahəsinin güclənməsinə xərcləndi. Azərbaycan silahlanma sahəsində çox ağıllı strategiya seçə bildi: o, eyni zamanda bir yox, bir neçə ölkədən (Rusiya, İsrail, Türkiyə və s.) müasir silah və texnika almaqla hərbi ticarət strategiyasını düzgün qurmuş oldu. Bu silahların, eləcə də ordu birləşmələrinin “Ordu günü” Azadlıq meydanında nümayiş etdirilməsi istər-istəməz xalqda müəyyən ruh yüksəkliyi yaradırdı. Üstəlik, Azərbaycan istehsal etdiyi silahları başqa ölkələrə satmağa başladı.

44 günlük Vətən müharibəsinə qədər baş verən ikinci mühüm hadisə fikrimcə, 2016-cı ilin aprelində baş verən dörd günlük döyüşlər (Aprel döyüşləri) oldu. Bu döyüşlərin nəticəsində Azərbaycan ordusu böyük ərazilər əldə etməsə də, düşmənə sarsıdıcı zərbələr endirdi, bir yaşayış məntəqəsi və bir neçə strateji yüksəkliyi ələ keçirməklə döyüşməyə qadir olduğunu göstərmiş oldu. Həmin dövrdə ermənilərin məşhur hərbçilərindən biri general A.Ter-Tadevosyan erməni mətbuatına verdiyi intervülərin birində etiraf etmişdi ki, Azərbaycan uğurlu “döyüş öncəsi kəşfiyyat əməliyyatı” həyata keçirib. Aprel döyüşlərində Raquf Orucov kimi zabitin və əsgərlərin şücaət göstərərək şəhid olması xalqda qələbəyə olan inamı yavaş-yavaş özünə qaytarmağa başladı.

Nəhayət, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhrəmanlıq və general Polad Həşimovun şəhid olması, bunun ardınca on minlərlə insanın küçələrə axışaraq düşmənlə müharibədə iştirak etməyə hazır olduqlarını bildirməsi ruh yüksəkliyinin sanki son akkordları idi.

Əgər biz qəhrəmanların adını çəkdiksə, 2010-cu ilin iyununda Ağdərə istiqamətində yerləşən postların birində baş verən döyüş zamanı işğalçıları məhv edən və şəhid olan milli qəhrəmanımız Mübariz İbrahimovu da unutmamalıyıq.

Bu ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük Vətən müharibəsinə qədər baş verən hadisələrə nəzər salanda belə bir nəticəyə gəlirik. Həm dövlət, həm də xalq artıq bu müharibəyə hazır idi. Bu hazırlığın kökündə həm ruh, həm də real gücə söykənən resurslar var idi ki, sonucda dövlət bunların hər ikisindən istifadə edə bildi. Növbəti yazılarımızda sırf Vətən müharibəsinin vacib məqamlarını işıqlandırmağa çalışacağıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz