Allahın (c.c) əzab qamçısı

Allahın (c.c) əzab qamçısı

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allahın əmrinə müxalifət edənlər başlarına bir fəlakət gəlməsindən və ya dəhşətli bir əzaba uğramalarından çəkinsinlər”. (ən-Nur, 63)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

İlahi iradənin hökmünə müxalif davranma mədəniyyətsizliyi insan övladının varlığını bürümüş olan və onun mənəvi intibahını məhv edən ən şiddətli etinasızlıq xəstəliyidir. Nə qədər çalışsaq belə, ilahi yardımın yer üzərindəki canlı şahidləri, rəhmət elçiləri olan peyğəmbərlərə və onların şanlı davamçılarına bütün varlığımızla diqqət kəsilməsək, Allah (c.c) qorusun, ilahi əzab qamçısının canları yandıran zərbələri qarşısında qorunma imkanlarımız əsla və əsla olmayacaqdır. Rəsulullahın (s.ə.s) bu mühüm məsələdə sərgiləmiş olduğu davranış mədəniyyəti bizim bu təhlükəyə  qarşı həssaslıq ehtiyacımızı daima bəsləyərək onu diri tutmağa yardım edəcək ən önəmli həyat rəhbərimiz olmalıdır:

“Təbuk səfərinə çıxan İslam ordusunun yolu Səmud qövmünün həlak olduğu Hicr adlı yerdən keçərkən Allah Rəsulu (s.ə.s) əshabına: “Biz bu vadidən yüyürə-yüyürə keçməliyik”,- buyurdu. Sonra əshabına və onun haqq kəlamına qiyamətə qədər qulaq verəcək hər bir kəsə yönələn Allah Rəsulu (s.ə.s) bunları söylədi: “Özlərinə zülm edənlərin yurduna ağlayaraq girin, yoxsa onların başına gələnlər sizin də başınıza gələr”. Rəsulullahın (s.ə.s) təlimatını dərhal tətbiq etməyə tələsən səhabə toplumu başlarını örtərək o bölgədən sürətlə uzaqlaşdılar. Oradan götürdükləri suyu yerə tökdülər. İsraf  məsələsinə olduqca həssas yanaşan bu mübarək insanlar hətta oranın suyu ilə yoğrulmuş xəmirləri də atdılar”. (Buxari, Ənbiya, 17)

İlahi əzab qamçısının şiddətli vuruşlarını dadmış olan ağrılı-acılı yerlərdən biri də İtaliyanın məşhur Pompei şəhəridir. İlahi iradəyə qarşı etinasız davranışları ilə qəzəb atəşini üzərlərinə çəkən şəhər əhlinin yatdıqları yerdə daşa dönmüş cəsədləri dünyanın gözləri önündə insanlıq faciəsini sərgiləyən ibrət muzeyinin əsərlərinə çevrilmişdir. Qeyd edək ki, vulkanik çöküntülərdən kərpic-kərpic, divar-divar ustalıqla təmizlənən şəhərin hər bir evində və hər bir məhləsində mənəvi çöküş və şiddətli əzab səhnələrinin üzə çıxması damarlarda axan qanı donduracaq səviyyədədir. Son təmizləmə  çalışmaları zamanı evlərin birində başsız insan sümüklərinin bir yerdə toplanmış halda aşkar edilməsi mütəxəssisləri olduqca narahat etmişdi. Konkret olaraq bu evdə baş vermiş faciənin həqiqətini aşkara çıxarmaq üçün sümük və əşya nümunələri dünyanın ən böyük elmi tədqiqat mərkəzlərinə göndərildi. Lazımi təcrübə işləri aparıldıqdan sonra alimlər inanmaq istəməsələr də, bu etirafı etməyə məcbur oldular: “Nümunə üçün göndərilən sümük fraqmentləri insanların bilinməyən şəkildə bir anda şiddətli bir atəşin təsirinə məruz qaldığını göstərir. Nəticədə sümükləri bürüyən bütün toxumalar və daxili orqanlar bir anda yox olmuşdur. Naməlum atəşin təsiri nəticəsində beyindaxili yarımkürələr də anidən sanki buxarlanaraq yoxa çıxmış və bu zaman beyin nahiyəsində inanılmaz sürətlə artan təzyiq kəllə və çənə sümüklərini parça-parça edərək ətrafa səpələmişdir”.

İlahi əzab qamçısının haqqı danan və ona müxalif davranan qövmləri layiq olduqları cəzaya tabe tutacağı, inkar olunmaz dəlillərlə hər bir kəsin vicdan yaddaşına yazılsa da, insanlıq yenə də bu faciələrdən nəticə çıxartmamaqdadır. Qardaş Türkiyədə baş vermiş bir hadisə bunun ən bariz nümunəsi olmuşdur: “1970-ci ildə mərkəzi Gediz olmaqla Əmət və Simava qədər uzanan geniş bir bölgədə zəlzələ fəlakəti olmuş, minlərlə insan həlak olmuş, çox sayda insan da evsiz-eşiksiz qalmışdı. Musa Topbaş əfəndi o zaman bəzi yaxınlarını ətrafına toplayaraq zərər çəkənlərə maddi yardım edilməsini istəmiş və orada olanların hər birinə sərt bir dillə tənbeh və nəsihət edilməsinə göstəriş vermişdi. Adətən fəlakətə məruz qalanların şirin və yumşaq bir dillə təsəlli edilməsi lazım ikən nədən onları sərt bir dillə tənbeh edək sualına, zəlzələ bölgəsinə gedərkən cavab tapdıq. Gedizdəki zəlzələ xarabalıqlarında İtaliyanın Pompei şəhərində insanların dəhşətli əzabla həlak mənzərələrinə bənzər həlak səhnələrini seyr etdikcə Musa əfəndinin sağ qalmış əhalini sərt bir dillə tənbeh etmək təlimatının nə qədər məntiqli olduğunu anladıq. Varlığımızı sarsıdan bu əzab dolu mənzərələri seyr etmək nə qədər də acı verici idi”.  

Demək ki, Pompei və ona bənzər faciələr bizlərdən əsla uzaqda deyildir. Haqqa aciz, tövbəkar, xidmətkar bir qul olma həqiqətindən məsafə saxlayan insan, Rəbbimizin qəzəb qamçısının dünya və axirət səhnəsindəki rəzil və rüsvayçı qurbanı olma fəlakətinə hər an uğraya bilər. Rəbbimizin əmrlərinə müxalifət bəlasından və onun məntiqi nəticəsi olan fəlakət səhnələrinin ibrət nümunələri olma rəzalətindən Onun  rəhmətinə sığınırıq. Amin! 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz