YANMAYAN GÖZ
İnsanın doğulub boya-başa çatdığı yer millətindən, irqindən, dilindən, dinindən asılı olmayaraq orada yaşayan hər biri üçün vətən sayılır. Vətənini düşmənlərdən qorumaq, yad təsirlərdən mühafizə etmək istisnasız hər bir vətəndaşın borcudur. Hər fürsətdə vətən sevgisinə diqqət çəkən və müdafiəsinin önəminə vurğu edən İslam dini bu məsələdə də müsəlmanlar üçün işıq saçan tövsiyələr vermişdir. İslam dini insanların haqq, mənfəət və dəyərlərini bölüşərək yaşadıqları yer olan vətəni və ölkəni sevməyi, qorumağı təşviq etmiş və onu müdafiə etməyi bir vəzifə saymışdır. Vətəni sevmək nemətə şükür etməkdir. Ən böyük nemət dinimizi, dilimizi, mədəniyyətimizi azad vətəndə yaşaya bilməkdir.
Həyatımızın hər bir anına rəng qatan Hz. Peyğəmbərin (s.ə.s) hədislərində vətənin müdafiəsi məsələsində unudulmayacaq nəsihətlər yer alır. Vətən təkcə “xəyali xətt” ilə sərhədləri müəyyənləşdirilən torpaq sahəsi deyil. Bu “xəttin” arxasında bir millətin, vətənin qədəri yerləşir. Məhz buna görə də sərhəddə yerinə yetiriləcək vəzifə həm çox məsuliyyətli, həm də ayıq-sayıqlıq tələb edən mənəvi bir borcdur. Bu mənada Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət edilən: “Vətən üçün (sərhəddə) bir gün və bir gecə keşik çəkmək, bir ay (nafilə) oruc tutub gecələri namaz qılmaqdan daha xeyirlidir. O keşik çəkən şəxs keşik çəkdiyi əsnada ölərsə (şəhid olarsa) gördüyü işin savabı da, ruzisi də davam edər və qəbirdəki sorğu-sual mələklərinə qarşı güvəndə olar”.(Müslim, İmarə, 163) hədisi vətəni qorumağa çalışanların aliliyini göstərir. Vətəni uğrunda maddi və mənəvi keşik çəkən hər bir şəxs: “İki cüt göz var ki, cəhənnəm odu onlara zərər verməz: Allah qorxusu ilə ağlayan və gecə boyu Allah yolunda keşik çəkərək sübhü açan göz” (Tirmizi, Fəzail əl-cihad, 12) hədisini unutmamalı, həyat rəhbəri etməlidir. Necə də gözəl bir müjdədir! Bu hədisin tələbini dərk edən əsgərin, vətən aşiqinin gözünə yuxu getməz. Gecə-gündüz vətəni və dəyərləri üçün çalışar. Xainlik etməz, vətən mühafizəsini bir əmanət bilərək canı bahasına sahib çıxar.
Vətən sevgisi və mühafizəsi ilə əlaqəli Hz. Peyğəmbərdən (s.ə.s) iyirmidən çox hədis rəvayət edilmişdir. Ümumi məzmunlarına nəzər yetirdikdə hədislərdə bir günlük vətən keşiyinin dünya nemətlərinin ən dəyərlisi olduğu, Allah yolunda bir gecə yuxusuz qalmağın min gecə (nafilə) namaz qılmaqdan daha fəzilətli olduğu və cəhənnəm alovunun toxunmayacağı, vətən müdafiəsinə özünü həsr edənlərə Allah tərəfindən xüsusi ruzilərin veriləcəyi, şeytan və qəbir əzabından qorunacağı qeyd olunur. Ümumi məzmuna nəzər yetirdikdə vətən uğrunda müqəddəs borcunu yerinə yetirənlər həm bu dünyada, həm də axirətdə Allah tərəfindən xüsusi qiymətləndirilir. Odur ki, İslam dini nöqteyi-nəzərdən vətən və vətən müdafiəsi çox ülvi bir vəzifədir. Uca Allah müsəlmanlara Qurani-Kərimdə vətəni qorumaq üçün ordu hazırlamağı və döyüşə hazır olmağı əmr etmişdir. (əl-Ənfal, 60) İkinci Qarabağ müharibəsində bu ayənin verdiyi mesajın nə qədər əhəmiyyətli olduğunu hər kəs gördü.
Əlbəttə ki, vətəni yağı düşmənlərdən qorumaq, sərhədlərində keşik çəkmək əhəmiyyətlidir. Ən azı bunun qədər önəmli bir digər məsələ də vətənimizi, övladlarımızı görünməyən mənəvi təhlükə və xəstəliklərdən də qorumağımızdır. Vətən sərhədlərini qorumaq üçün milli və mənəvi dəyərlərimiz əsas meyardır. Mənəvi dəyərləri yox sayaraq maddi sərhədləri qorumaq mümkün deyil. Çünki dəyərlərimizin əlimizdən alınması, əslində, vətənimizin əlimizdən alınması mənasına gəlir. Keşik çəkərkən göstərdiyimiz ayıq-sayıqlığı dəyərlərimizi mühafizə etməkdə də, həm də artıqlaması ilə göstərməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur. Bu mənada yuxarıda qeyd olunan rəvayətlər milli və mənəvi dəyərlərini mühafizə edən vətəndaşlar üçün də keçərlidir. Elm öyrənmək, tarix şüurumuzu yaymaq, mədəniyyətimizi mənimsətmək ən ümdə vəzifələrimiz arasında hər daim öz yerini almalıdır.
Övladlarımız mədəniyyətimizə yad şəkildə yetişməməli və yetişməsinə fürsət verməməliyik. İnternet, televiziya, media kimi vasitələrlə yetişməməlidir gələcəyimizin təminatçıları olan gənclərimiz. Başda ailə olmaqla fundamental milli və mənəvi ənənəmizə və dəyərlərimizə sahib çıxmalı, bu səpkidə maarifləndirmələr aparmalıyıq. Dəyəri olmayan biri üçün vətənə xəyanət etmək, sərvətlərini düşmənlərə peşkeş çəkmək heç də çətin bir şey deyildir.
Vətənin vətən olaraq qala bilməsi ancaq onu vətən edən amillərin bilinməsi, qorunması və yeni nəsillərə ötürülməsi ilə mümkün olacaq.
ŞƏRHLƏR