Vətən dəyəri

Vətən dəyəri

Millətin birliyini qoruyan, fərdləri eyni qayə ətrafında birləşdirən elə dəyərlər var ki, o dəyərlər əlimizdən alınsa, ortada nə millət, nə də kimlik qalar. Yurduna bağlı insanlar yurdunun varlığına, sabitliyinə, müstəqilliyinə, sərhədlərinə, mədəniyyət kimi ali dəyərlərinə möhtacdır. Vətən, ana yurd, torpaq, namus, millət, xalq, dövlət, birlik kimi milli dəyərləri bu qisimdə dilə gətirə bilərik. Bu dəyərlərin hamısı eyni hədəfə istiqamətlənsə də, hər biri haqqında kitablar, məqalələr yazılacaq qədər dərin məna daşımaqdadır.

Vətən – insanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhumdur. Vətənə bağlılıq isə insanlarda vətənpərvərlik duyğusu ilə səciyyələndirilir. Vətənpərvərlik yalnız sağlam bir vətəndaşlıq ilə mümkün olar. Vətəndaşlıq isə bir şəxsin evinin içində ailəsinə bəslədiyi sevgi, ehtiram və məhəbbət hisslərini  həmvətənlərinə də bəsləməsi ilə mümkün ola bilər. Sevmədiyi toplumda yaşamaq bir insan üçün əzablı həyata dönər və belə bir insandan vətənpərvərlik gözləmək doğru olmayacaqdır.

Allah-Təala belə buyurur: “Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir”. Mümtəhinə surəsinin 8-ci ayəsində, bizimlə dindaş olmasa da, vuruşmayan və vətənimizə təcavüz etməyənlərlə vuruşmayıb, mərhəmət və ədalətlə davranmağımız tövsiyə olunur. Qonşu olan, ya da olmayan ölkələrlə iqtisadi, mədəni, hərbi əlaqə və əməkdaşlıq qurmaq dini dəyərlər nisbətində də normal qarşılanır. Ancaq yuxarıda bildirildiyi kimi, insanı soykökündən, mədəniyyət və dəyərlər toplusundan ayıracaq hər bir bənzəmə və dəyişmə yurdunda baş verərsə, bu, elə yurdsuz qalmağa taydır. Bəzən ölkəmizdə “dəyərlər şüurumuzu” zədələyən, öz mənafeləri üçün çalışan digər ölkələrin, həm də qeyri din mənsublarının fəaliyyətlərinin şahidi oluruq. Elə isə bunlara və mənfur niyyətlərinə qarşı nə cür tədbirlər görülməlidir, fərd və cəmiyyət olaraq necə qorunmalıyıq?

Bir sonrakı ayə bunun cavabını bizə təqdim edir: “Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları və sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsl zalımlardır”.

“Dost tutmaq” - Bizi əsas maraqlandıran hissə buradır. Dini və milli dəyərlərinə hiss olunmayacaq qədər səssiz hücum edənlər, hiss olunacaq qədər dost görünə bilərlər. Bunlara qarşı bu dəyərləri müdafiə edəcək qədər vətəninə bağlı şəxsiyyətlər yetişməz, formalaşmazsa, dost görünən şeytani ünsürlərə qapıların açılması qaçınılmazdır. Heç kim vətəni satdım deməz, danışanda vətənpərvərlikdən söz açar, ancaq özünü və düşmənini tanımayan bu cür insanların gətirəcəyi fəlakətin nəticəsinə günahsız xalq məruz qalar. Proqramlı olaraq vətən satan görülməzsə də, proqramlı olaraq dəyərlərini zədələyənlər bu prosesi həyata keçirərlər.

Vətən qarşılıqsız sevilən və qorunan bir dəyər olduğu üçün uğrunda qarşılıqsız ölümə gedənlər əfsanə şəxsiyyətlər kimi tanınar. Hətta yüksək əxlaq sahibləri: “Mən bu vətən üçün can qoydum”, - deməkdən belə utanar, həya edərlər.

Vətənini satan insan nə əldə edəcəyini umur? Sataraq qarşılığında əldə edəcəyi lüks həyat ona zövq verərmi, həzz alarmı insan şərəfdən yoxsunluqla, başqasına qul, kölə olmaqla? Əsla! Öz nəsli onu lənətləyər, övladları onun nəslindən olmaqdan həya edər. Dünyanın heç bir yanında özünə və sülbünə rahatlıq tapmaz. Şeytan dünyanın hər yerində lənətləndiyi, haqq içərisində özünə yer tapmadığı, sevgidən və hörmətdən yoxsun qaldığı kimi, belələri də yersiz, yurdsuz, vətənsiz olaraq yox olarlar.

İslam fərqli din mənsublarını düşmən olaraq qəbul etməz, ta ki, İslama və müsəlmanların yurdlarına zərər verməyə çalışdıqları zamana qədər. Bu hal istisna olmaqla, onlara qarşı davranışlarda yaxşı və ədalətli davranmaq Quran ayəsi ilə tövsiyə olunur. Bir müsəlman bunu dərk edər ki, keçmişinə, elinə, vətəninə bağlı qalmadan müqəddəs dəyərlər bütününü qorumaq mümkün deyil. Allahın işarələrindən olan azanın oxunduğu, namazların beş vaxt qılındığı yerlər dinimizin yaşandığı məkan olaraq qəbul edilir və əsla o yer bir daha düşmənə təslim edilməz. Qəhrəmanların şəhadətində sarılacağı kəfən İslam rəmzi daşıyan bayrağı, qoynunda yatacağı torpaq da ana yurdu olar. Tarix bu cür yüksək, ali duyğular ilə dünyadan ayrılan kimsələri yaddaşlarda saxlayar, lakin süfli və keçici dünyalıqlar uğrunda ölənlərə aid izlərdən əsər-əlamət qalmaz. Bu eşq ilə yaşadığı dövrlərdə “heç kim” sayılan neçə-neçə insanın adı Vətən uğrundakı fədakarlığı səbəbilə gələcəkdə də rəhmətlə anılar. Onları bir vaxtlar “heç kim” sayan ətrafındakılar isə yaddaşlardan silinib gedərlər...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz