İslam qardaşlığı
Allah-Təala insan övladını tək yaratmayıb, onu cəmiyyətlə əhatə etmişdir. Hər şeyin bir qaydası və nizamı olduğu kimi, cəmiyyətin rifah və əmin-amanlıq içində yaşaya bilməsi üçün, əlbəttə ki, tabe olunması zəruri olan bəzi şərtlər vardır. Dinimiz bunu nəzərə alaraq bizə bu yöndə bir qardaşlıq müəssisəsi qurmağımızı əmr edir. Əks təqdirdə kin-küdurətin çoxaldığı bir cəmiyyətin uzun müddət ayaqda durması mümkün deyildir. Ali-İmran surəsinin 103-cü ayəsində belə buyurulur: “..Allahın sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi..”
Qardaşlıq bağlarının qopduğu cahiliyyə dövrü Qurani-Kərimdə atəş çuxuruna bənzədilmiş və müsəlmanların bir daha o dəhşətli və dözülməz təhlükəyə düşməməsi üçün qardaşlıq bağlarını poza biləcək hər cür hərəkət və davranış, hətta düşüncə belə qadağan olunmuşdur. İslam dini qiyamətə qədər gələcək insanlığa ən son din olaraq göndərilmiş və bu haqq dinə inanan insanlar arasında mənəvi bir qardaşlıq meydana gətirilmişdir. İnananlar Hucurat surəsinin 10-cu ayəsində buyurulan: “Şübhəsiz ki, möminlər qardaşdırlar” ifadəsi ilə bir-birilərinə iman və könül bağı ilə bağlanmışdırlar.
İslam dini gəlişi ilə insanlığı bir çox zülmət bataqlığından qurtarıb ən mükəmməl sistemi qurarkən qardaşlıq cəhətindən də çox üstün və nümunəvi bir ünsiyyət sistemi qurmuşdur: bir-birini düşünən qardaşlıq bağı. Buna çox sayda misallar mövcuddur. Ən gözəl və göz yaşardan nümunələrdən biri Yərmuk döyüşündə yaşanan hadisə olmuşdur. İkrimə (r.a.) anladır ki: “Çətin keçən Yərmuk savaşından sonra yaralılar arasında gəzərkən əmim oğlunu ölümcül vəziyyətdə tapdım. Məni görən kimi su istədi. Ona su verməyə çalışarkən, bir az aralıda “su!” deyib inləyən başqa bir yaralının səsi eşidildi. Əmim oğlu başı ilə işarə edib suyu ona verməyimi istədi. Suyu tez ona çatdırdım. O, suyu içəcəyi vaxt başqa bir yaralının su istədiyi eşidildi, o da suyu ona aparmağıma işarə etdi. Həmin yaralının yanına çatdıqda isə artıq o, şəhid olmuşdu. Öncəkinə su verim deyə geri qaçdım, o da vəfat etmişdi. Əmim oğluna çatdıqda isə, təəssüf ki, o da suyu içə bilmədən gözlərini həyata yummuşdu”. Necə möhtəşəm bir qardaşlıq nümunəsidir!..
Qurani-Kərimin hər əmrinə “Eşitdik və itaət etdik!” (əl-Bəqərə, 285; ən-Nur, 51) deyən, “Bir-birinizi sevmədikcə iman gətirmiş sayılmazsınız!” (Müslim, İman, 93-94) hədisi-şərifinə sidq ürəkdən inanan və bu əmrləri/düsturları daim göz önündə tutan əshab, onların arxasından gələn tabeun və təbəi-tabeun əfəndilərimiz, hər şeyini bir-biriləri ilə paylaşan bu sələflərimiz, eləcə də bu yolun ən gözəl davamçıları olan İslam böyükləri hər zaman örnək nümunələrimiz və vəli-nemətlərimizdir. Çünki biz də eyni dinin mənsubları, eyni peyğəmbərin ümmətiyik.
Məkkədən hicrət edən mühacirlərlə Mədinədə olan ənsar arasında qurulan İslam qardaşlığı yer üzündə ikincisi olmayan bir qardaşlıq nümunəsidir. Belə bir İslam qardaşlığına bu gün daha çox ehtiyac var. Eyni dinə inanan, eyni qibləyə yönələn, eyni peyğəmbərə ümmət olan və eyni kitabı müqəddəs olaraq qəbul edən bizlərin bir-birimizdən ayrılması əsla düşünülə bilməz. Namaz qılmaq üçün məscidə gəlib, eyni səfə durub çiyin-çiyinə bağlanaraq necə Rəbbimizə yönəliriksə, həyatımızın digər anlarında da bir-birimizə belə bağlı olmalıyıq. İslamı və müsəlmanları, İslam qardaşlığını pozmağa çalışan qüvvələrin son sürətlə çalışdığı bu zamanda bir-birimizin arxasında durmalıyıq, bir-birimizdə ayıb və qüsur axtarmamalıyıq, bir-birimizi sıxıntıya salacaq, üzəcək davranışlar və sözlər əvəzinə, içimizdəki sevgini möhkəmlədəcək, qəlbimizi bir-birinə yaxınlaşdıracaq, bağlayacaq qaydaları həyatımıza əks etdirməli, təfərrüat məsələlərdəki bəzi fərqlilikləri əsla nifrətə çevirmədən dinimizi və ömrümüzü qardaşca yaşamağa çalışmalıyıq.
Necə ki, Vətən müharibəsi ərəfəsində xalq ilə ordu, ön cəbhə ilə arxa cəbhə olaraq birləşib düşmənə qalib gəldiksə, bir və birlik olduğumuz hər zamanda qalib biz, məğlub isə düşmən (eləcə də şeytan və nəfs) olar.
Ali-İmran surəsinin 103-cü ayəsində Rəbbimiz buyurur: “Hamılıqla Allahın ipinə (İslama möhkəm) yapışın və parçalanmayın (firqələrə bölünüb bir-birinizdən ayrılmayın)!..” İslamdakı bu sevgi və qardaşlığa böyük əhəmiyyət verən Peyğəmbərimizin (s.ə.s): “Siz iman gətirmədən cənnətə girə bilməzsiniz; bir-birinizi sevmədən də iman gətirmiş sayılmazsınız!” (Müslim, İman, 93-94) şərəfli kəlamı da dinizimin əsas hədəflərindən birinin barış və əmin-amanlıq, sevgi, sayğı və qardaşlığın hakim olduğu xoşbəxt bir cəmiyyət meydana gətirmək olduğunu göstərir.
Allah Rəsulunun (s.ə.s) bu hədisi-şərifi də eyni məqsədin açıq ifadəsidir: “Bir-birinizlə əlaqəni kəsməyin! Bir-birinizə arxa çevirməyin! Bir-birinizə kin saxlamayın! Bir-birinizə qarşı öyünüb lovğalanmayın, bir-birinizə qısqanclıq etməyin! Başqalarının ayıblarını araşdırmayın, danışıqlarını (gizlincə) dinləməyin! Ey Allahın qulları, qardaş olun!” (Müslim, Birr, 28)
ŞƏRHLƏR