İslam bayraqdarları

İslam bayraqdarları

Bayraqdar: bayraq tutan, bayraq daşıyan adama deyilir. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş bayrağını daşıyan əsgərlər mövcud olmuşdur. Müasir dövrdə də bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır.

Allah Rəsulu (s.ə.s) öz ordusunu döyüşə hazırlayarkən mütləq bayraqdar təyin edərdi. Hətta bəzi döyüşlərdə bir neçə bayraqdar olurdu.

Tarixçilərin qeyd etdiyinə görə, İslamın ilk bayraqdarı Allah Rəsulunun (s.ə.s) əmisi Hz. Həmzə (r.a) olmuşdur. Belə ki, Məkkə müşrikləri müsəlmanları öz yurd-yuvalarından çıxarmış, var-dövlətlərini əllərindən almış, hətta onları öldürmək üçün yollar axtarırdılar. Bu səbəbdən Uca Allah cihada, döyüşə icazə vermişdi. Hicrətin ikinci ilində məkkəlilərin ticarət məqsədi ilə Şama göndərdikləri karvana hücum edilməsinə qərar verildi. Bununla da, düşmənlərin müsəlmanların üzərinə hücuma keçmələrinin qarşısı öncədən alınacaq, qüvvət və cəsarətləri qırılacaqdı. Allah Rəsulu (s.ə.s) altmış nəfərlik süvari dəstəsi ilə bu karvanı təqib etmək üçün yola çıxdı. Müsəlmanlar “Bəni Dəmrə” qəbiləsinin məskunlaşdığı yerə qədər getdilər. Ancaq karvana rast gəlmədilər. Burada “Bəni Dəmrə” qəbiləsi ilə qarşılıqlı yardımlaşmaq əsası üzərində müqavilə imzalayıb Mədinəyə geri qayıtdılar. Bu səfər əsnasında Allah Rəsulu (s.ə.s) əmisi Hz. Həmzəni ağ rəngdə bir bayraq verərək bayraqdar təyin etmişdi.

Döyüş bayraqdarlığı mənasında ilk olaraq Hz. Həmzənin (r.a) adı qeyd olunsa da, ümumi olaraq Hz. Peyğəmbər (s.ə.s) adına ilk bayraq qaldıran şəxsin Hz. Büreydə olduğu da nəql olunur. Belə ki, hicrət əsnasında Hz. Peyğəmbəri ələ keçirən şəxsə Qüreyşin böyük məbləğdə mükafat vəd etdiyini öyrənən Büreydə öz ərazisindən keçən şəxslərin kimliyini müəyyən etmək üçün yollarını kəsir. Bu zaman Hz. Peyğəmbərin (s.ə.s) danışığından təsirlənərək müsəlman olur. Adamları ilə birlikdə onun arxasında dayanıb namaz qılır. Sonra belə böyük bir şəxsin Mədinəyə bayraqsız girməsinə könlü razı olmur və öz sarığını çıxardıb nizəsinin ucuna bağlayır. Mübarək qafilənin önündə gedərək əmniyyət içində getmələri üçün onlara bayraqdarlıq edir.

Müsəlmanlara Uca Allah tərəfindən döyüşmək üçün icazə verildikdən sonra Məkkə müşrikləri ilə aparılan ilk böyük döyüş Bədr döyüşü olmuşdu. Allah Rəsulu (s.ə.s) yenə ağ rəngdə bir bayraq seçmiş və mühacirlərin (Məkkədən Mədinəyə köçən müsəlmanların) bayrağını Əli ibn Əbu Talibə (r.a), ənsarın (mədinəli müsəlmanların) bayrağını isə Səd ibn Muaza təqdim etmişdi.

İslam tarixində müsəlmanların Məkkə müşrikləri ilə apardığı ikinci böyük döyüş Uhud döyüşü olmuşdu. Allah Rəsulu (s.ə.s) düşmənlə meydan döyüşü etməyə qərar verərək ordusunu üç alaya ayırmışdı. Mühacirlər alayı: Bu alayın bayrağını Musab ibn Ümeyrə (r.a),  Evs qəbiləsi alayının bayrağını Üseyyid ibn Hudeyrə (r.a), Xəzrəc qəbiləsi alayının bayrağını isə Həbbab ibn Münzirə təqdim etmişdi.

Peyğəmbər dövründə digər bir döyüş Mutə döyüşüdür. Bu döyüş rumlarla olmuşdu. Allah Rəsulu (s.ə.s) özü şəxsən bu döyüşdə iştirak etməmişdir. Ancaq ordusunu döyüşə göndərmədən öncə onlara bəzi təlimatlar verdi və bayraqdarları təyin etdi. Bayrağı öz oğulluğu və sadiq xidmətçisi olan Zeyd ibn Harisə (r.a) verdi, o şəhid olacağı təqdirdə bayrağı Cəfər ibn Əbu Talibin (r.a) götürməsini, əgər o da şəhid olarsa Abdullah ibn Rəvahanın (r.a) almasını tapşırdı. Sanki Allah Rəsulu (s.ə.s) bu ifadələri ilə adlarını qeyd etdiyi bu mübarək səhabələrin şəhid olacaqlarını müjdələyirdi. Bəli, belə də oldu. Əvvəlcə bayrağı əlində tutan Zeyd (r.a) şəhid oldu. Bunu görən Cəfər (r.a) bayrağı əlinə aldı. Zalım düşmən tərəfindən bayrağı tutan sağ əli kəsilincə onu sol əlinə götürdü. Bu səfər düşmən tərəfindən sol əli də kəsildi. Sol əlinin kəsilməsi ilə Cəfər (r.a) bayrağı kəsilmiş iki qolunun qalan qismi ilə sinəsinə sıxdı. Nəhayət, o da şəhid oldu. Bundan sonra Allah Rəsulunun (s.ə.s) əmrinə əsasən bayrağı səhabənin şairlərindən olan Abdullah ibn Rəvaha (r.a) götürdü. O, şeirlər söyləyərək müsəlmanları döyüşə ruhlandırdı və sonda şəhadət şərbətini içdi. Başsız qalan İslam ordusu dağılmaqda ikən, demək olar ki, əsgərlərin hamısının istəyi ilə Xalid ibn Vəlid (r.a) ordunun idarəsini və bayrağı əlinə aldı. Onun böyük qabiliyyəti, döyüş bacarığı və şücaəti nəticəsində İslam ordusu bu döyüşdən üzüağ qayıtdı. Gördüyümüz kimi, bu ağır döyüşdə Allah Rəsulunun bayraqdar kimi təyin etdiyi üç gözəl insanın üçü də çox böyük məziyyətləri olan böyük səhabələrdən idi.

Xeybərdə Hz. Əlinin (r.a) bayraqdarlığı isə dillərə dastan ayrı bir yazının mövzusudur. Nəticə olaraq, bayraqdarlıq çox mühüm bir vəzifədir və bayrağın dəyərini, buradakı ləyaqətin əhəmiyyətini ifadə edir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz