Bir ağacın iki qolu

Bir ağacın iki qolu

Oğuz elinin qədim bir adəti vardı. Oğuz igidlərini, xatunlarını şənliyə, toya çağıranda uca dağın başında bir tonqal qalanardı; bütün el-oba bilərdi, geyinib, bəzənib şənliyə gələrdilər. İki tonqal qalayanda isə bilərdilər ki, elin başında qəza var, təhlükə var, düşmən basqını gözlənir. Onda da igidlər yaraqlanıb, yasaqlanıb köməyə yığılardı. Bir də üç tonqal qalanardı, görəndə digər Oğuz elləri, qəbilələri hamı cütlə, xışla gələrdi, əl birliyi, el birliyi edib torpağın, vətənin dirçəlməşi üçün çiyin-çiyinə verib işləyərdilər. O zaman düşmən də bilərdi ki, Oğuz yurdunun ocağı gur yanır, əhalisi birlik və dirilik içindədir. Bəli, Dədə Qorqud bu şəkildə izah edir, gələcək nəsillərə aşılayır bu həyat verən, həyata bağlayan, həyatı mənalı edən el-oba adətini, əsrlərin, qərinələrin o tayından.

İndi zəmanə dəyişib. Od öz xüsusiyyətini dəyişməsə də, insanlar odu əldə etmə yollarını, istifadə məqsədlərini dəyişiblər. Od ünsiyyət vasitəsi, xəbərləşmə aləti olmaqdan çıxdı, onun yerini müxtəlif kommunikasiya vasitələri aldı – teleqraf, telefon, radio, televizor, kompüter, internet... Hərçənd, bunların hər birinin daxilində də bir od – enerji mənbəyi dayanır ki, o enerji olmadan heç birinin dəyəri olmaz.

Od öz istifadə şəkillərini dəyişdikdən sonra hərb sahəsinə də daxil oldu – odlu silahlar dövrü başladı. Və illər ötdükcə silah sənayesi elə vüsət aldı ki, artıq insanın qol gücündən, əsgər sayından, sipər qurduğu mövqedən daha mühüm və həlledici vasitəyə çevrildi. Əvvəllər qonşu qonşudan od alardı, ocağını qalayardı, indi isə ocağı sönməsin deyə odlu silaha ehtiyac duyur. Nə isə, qayıdaq Oğuz elinin adətlərinə, bir ağacın gövdəsindən budaqlanan Oğuz boylarının qardaşlığına, dar gündə və şad gündə bir-birinə həyan olmasına, yardımına can atmasına.

Deyirlər ki, dostların qapısını dar gündə çal; ya qapı üzünə açılar, ya da gözün açılar. Yəni əsl dostun kim olduğu dar gündə bilinər, dost dar gündə tanınar. Yurdumuzun üstünü otuz ildir bürüyüb bizi azadlıq günəşinin içimizə fərəh bəxş edən hərarətinə hərsət qoyan qara buludlar dağıldı, iki il əvvəl. Daha doğrusu, əl birliyi, el birliyi edib dağıtdıq, çox şükür. 44 günlük şanlı Vətən müharibəsində dörd əllə sarıldıq bir-birimizə, dörd gözlə gözlədiyimiz zəfər xəbəri ilə dünyanın dörd yanına səs saldıq; qisasımızı, ən əsası da, torpağımızı geri aldıq.

Bu səfər televizorlarda, telefon ekranlarında tez-tez Qarabağ torpaqlarından səmaya yüksələn dumanları seyr etdik. İndi bu dumanlar qardaşı yardıma çağırmaq üçün qalanan ocaq deyil, düşməni darmadağın edən qardaşların düşmənin ocağını söndürmək üçün tutduğu divanın tüstüsü idi. Burum-burum yüksələn dumanlar torpağın azadlıq muştuluğu, yenidən üstündə azan səslərinin yüksəldiyinin, təmiz ürəklərin öz yurdlarına qayıdıb torpağı qucaqladığının xəbərçisi idi. Və bu dumanları təkcə qardaş ölkələr deyil, düşmən də gördü, birliyimizə, gücümüzə, iradəmizə, dirayətimizə şahid oldu. Artıq üç deyil, üç minlərlə tonqal qalanmışdı, bütün Oğuz elləri əl birliyi edərək bu torpaqların dirçəlişinə yığışacaqdı (və belə də oldu; bu səpkidəki fəaliyyətlər və tədbirlər bu gün də davam edir).

44 günlük müharibənin Qardaş ölkələr arasındakı əlaqələrin nümayişindəki töhfəsinin ən bariz və görkəmli nümunəsi isə 15 iyun 2021-ci il tarixində Türk dünyasının qədim mədəniyyət beşiyi olan, sal qayaların zirvəsində qartal yuvası kimi əzəmətlə kök salan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan, iki qardaş ölkə arasındakı müttəfiqlik münasibətlərini təsdiqləyən “Şuşa Bəyannaməsi” oldu.

Hansı ki, tarixi köklərimizin əsasında cücərib göylərə sığal çəkən əngin bir çinar kimi geniş və tünd kölgəsini yerə yayıb bu torpaqlara sərinlik, arxayınlıq və hüzur iqlimi bəxş etdi.

Hansı ki, bizə diş qıcıyan nəhəng dövlətləri “mat” vəziyyətinə saldı; yüz il əvvəlki Qars müqaviləsinin beynəlxalq statusuna əsaslanaraq bütün diplomatik təzyiqlərə qarşı hüquqi prinsib və normalar çərçivəsində poladdan daha möhkəm bir qələmlə sipər çəkdi.

Hansı ki, bütün münasibətlərində “Bir millət, iki dövlət” şüarını əsas tutan iki ölkə və onun xalqları arasında ən yüksək səviyyədə müttəfiqliyi - dostluq və qardaşlığı bütün dünyaya bir daha bəyan etdi.  

Maraqlar bir, mənafelər bir. Ürəklər bir, diləklər bir. Qlobal və regional sülhün, rifahın, sabitlik və təhlükəsizliyin məqsəd qoyulduğu bu bəyanat əbədi qardaşlıq möhrü kimi tarixin ən parlaq səhifələrində yer tutdu. Və əlbəttə, dünyada başqa heç bir iki dövlət arasında bənzəri görülməmiş, bir ağacın iki qolu kimi bir-birinə yaxın, bir-birinə bağlı iki ölkə arasında yaşanan dillərə dastan qardaşlığımız!.. Allah həmrəylik duyğularımızla şölələnən tonqalımızı söndürməsin, zəfərimizi və birliyimizi əbədi etsin!

 

 

 

               B.Vahabzadə

“Azərbaycan-Türkiyə”

 

Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət. 
Hər ikisi cümhuriyyət 
Azərbaycan - Türkiyə. 


Bir ananın iki oğlu, 
Bir ağacın iki qolu, 
O da ulu, bu da ulu 
Azərbaycan - Türkiyə. 

 

 Ana yurdda yuva qurdum, 
Ata yurda könül verdim. 
Ana yurdum, ata yurdum 
Azərbaycan - Türkiyə. 

 

Birdir bizim hər halımız, 
Diləyimiz, amalımız, 
Bayraqlarda hilalımız 
Azərbaycan - Türkiyə. 

 

Dinimiz bir, dilimiz bir, 
Ayımız bir, ilimiz bir, 
Eşqimiz bir, yurdumuz bir 

Azərbaycan - Türkiyə.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz