MƏNƏVİ TƏSKİNLİK
İnsan yaşadığı ruhi böhran əsnasında mütləq şəkildə təskinliyə ehtiyac duyur. Təskinlik ifadəsi etimoloji olaraq sakitləşdirmək, hüzur vermək mənalarını ifadə edir. Xaotik zamanlarda insanın köməyinə çatan təskinlik predmetlərini ən yaxşı şəkildə özündə ehtiva edən dindir. Belə ki, insan üzləşdiyi müsibət qarşısında həyatın məna və anlamını unutmağa meyillidir. Bu mənəvi böhran vəziyyətində onun yenidən özündə güc taparaq həyata bağlanması, yenidən həyatın anlamını dərk etməsi üçün ona təskinlik verəcək vasitələrə ehtiyac duyur. Dini inanc sistemi isə bunun öhdəsindən layiqincə gələ bilir. Belə ki, inanclı bir insanın hər zaman Rəbbinin onun yanında olduğunu düşünməsi və “Allah varsa dərdim yoxdur” şüuruna sahib olması onun üçün əvəzedilməz bir mənəvi güc qaynağına çevrilir.
Belə demək mümkündürsə, hər insan öz həyatının sənətkarıdır. O, öz sənət əsərini də həyata baxış şəklini müsbətə doğru dəyişməklə ortaya qoyur. Yaxşı baxır, yaxşı görür və yaxşı düşünür. Yaxşı düşüncələr onu yaxşı davranışlara istiqamətləndirir. Bunun üçün ona ən yaxşı dəstək isə dini inanclarından gəlir. Bu mənada din insanlara daha çox Allaha dua etməyi (“Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm”. (əl-Bəqərə, 2/186)), Allahdan heç bir zaman ümidlərini kəsməməyi (“De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir”. (əz-Zümər, 39/53)), çətinliklər qarşısında səbirli olmağı (“Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!” (əl-Bəqərə, 2/155)) və hər işlərində Allaha təvəkkül etməyi (“Allaha təvəkkül et! Vəkil (qoruyan) olaraq Allah yetər”. (əl-Əhzab, 33/3)) tövsiyə edir. Nəticədə isə bütün bu dini təlqinlərin icrası insanın xoşbəxt bir həyat yaşamasında müstəsna rol oynayır.
İnsan imanın yarısının səbir, yarısının da şükür olduğunu anladığı təqdirdə o qarşılaşdığı bəlaya səbir, ona verilən nemətlərə də şükür edir. O, səbir etdikləri ilə kamilləşir və ona bəla ilə verilən ilahi mesajları dərk edir. N. F. Kısakürəyin dediyi kimi:
Səbrin sonu səlamət,
Səbir xeyrə əlamət.
Bəla sənə qəhr etsin,
Sən bəlaya salam et.
- fəlsəfəsinə uyğun olaraq o bəlaya salam etməyə başlayır. Çünki o anlayır ki, bəlaya səbir etməklə birlikdə bir də ona salam verməkdir, əsas vəzifə. Zahirdən bəla kimi görünsə də, batində Allahdan gələn bir dəvadır. Dəvanın dadı acı olsa da, xəstəliyinə şəfadır.
Mövlana Cəlaləddin Rumiyə görə, insan əsas olaraq üç şey haqqında bilgisizliyi və unutqanlığına görə xoşbəxt ola bilmir. Bunlar: Allahı unutmaq, dünya həyatının müvəqqəti olduğunu göz ardı etmək və insanın əsl qiymətini bilməməkdir. İnsan Allahı unutduğu zaman özünü də unudur. “Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar”, (ər-Rad, 13/28) - mesajını unudan insan bir ömür boyu rahatlığa həsrət qalır. Olduğu hər yerdə, gördüyü hər işdə Allahı xatırlaması isə onun mənəvi yüksəlişinə səbəb olur. Hardan gəldiyinin, bu dünyada vəzifəsinin nə olduğunun və hara getdiyinin fərqində olan insan, həm öz həyatını gözəlləşdirər, həm də ətrafındakı insanların.
Digər tərəfdən, Mövlana həzrətləri mütləq xeyrin və şərin olmadığını qeyd edir və hadisələrin nəticələri baxımından dəyərləndirilməsinə diqqət çəkir. O, “Məsnəvi”sində bu həqiqəti belə izah edir: “Sən burnunu qanatmaq istəmirsən, amma burnun qanayır. Bu qanama hadisəsi isə sənə sağlamlıq verir”. Və ya bir xəstənin içmək məcburiyyətində qaldığı acı bir dərmanın daha sonra ona sağlamlıq və şəfa olaraq qayıtmasına diqqət çəkir. Bu və buna bənzər misallarda Mövlana həzrətləri mahiyyətcə bizə İslam inancının təməl prinsipini, yəni gözəllik və yaxşılığın pis və pis görünən bir təcrübədən sonra gələcəyinə olan inancı xatırladır. Belə olan halda insan öz ilahi mənşəyinə güvənməli, Allaha təvəkkül etməli, yaşadığı çətinliklərin onu üzməsinə imkan verməməlidir.
Son olaraq İbrahim Haqqı həzrətlərinin böyük bir ustalıqla qələmə aldığı dərin məna yüklü beyti ilə mövzunu xülasə edək. Dərdi dünyadan böyük olan kəslərə təskinlik mesajı olması ümidi ilə:
Haqq işləri xeyr eylər,
Zənn etmə ki, qeyr eylər,
Arif onu dərk eylər,
Mövla görəlim neylər,
Neylərsə, gözəl eylər.
ŞƏRHLƏR