SUAL? - CAVAB!
Sual: Kərahət vaxtlarının istisnası varmı? Məsələn, günəş tam təpədə ikən cümə günü məscidə girərkən təhiyyətül-məscid namazı qıla bilərikmi?
Cavab: Əvvəla qeyd edək ki, kərahət vaxtları, yəni Həzrət Peyğəmbərimiz (s.ə.s) tərəfindən namaz qılmağın qadağan olunduğu vaxtlar: günəşin doğmasından bir az yüksəlməsinə qədər – günəş doğduqdan sonrakı hardasa 45 dəqiqəyə yaxın müddət, günəş tam təpədə ikən keçən bir müddət (zöhr azanı oxunmadan əvvəlki 40-45 dəqiqə) və günəş batan zaman batmadan əvvəlki bir müddətdir. Təhiyyətül-məscid namazı da, hənəfi alimlərinə görə, cümə günü olsa belə, kərahət vaxtında qılına bilməz. Bu vaxtlarda namaz qılmağın qadağan edilməsinin səbəbi İslam dininin Allahdan başqasına ibadət etməyi və buna oxşar bütün hərəkətləri, digər din mənsublarına bənzəməyi qadağan etməsidir. Qeyd edilən vaxtlarda namaz qılmağın qadağan edilməsi məhz bu anlayışa söykənir. Çünki günəş tam doğarkən, təpədə olarkən və batarkən məcusilərin ibadət vaxtlarıdır. Məhz bu səbəbdən atəşpərəstlərin sitayiş vaxtlarında müsəlmanların ibadət etmələri qadağan edilmişdir. Beləliklə də, müsəlmanlarda şəxsiyyət və ibadət şüurunun formalaşması məqsədi güdülmüşdür. Həzrət Peyğəmbərimizin (s.ə.s) qadağan etdiyi bu üç vaxtın qəza namazları da daxil olmaqla bütün namazlara şamil olduğunu qəbul edən alimlər olduğu kimi, yalnız nafilə namazlara şamil edən alimlər də vardır. Xüsusilə Şafei məzhəbinə mənsub olan alimlər qəza namazları, rəvatib sünnələr, təhiyyətül-məscid namazı kimi müəyyən səbəbə görə qılınan namazları da bu qadağadan istisna etmişlər.
Sual: Video zənglə nikah kəsdirmək mümkündürmü?
Cavab: Məlumdur ki, zəmanəmizdə fərqli yerlərdə olan insanlar video zəng vasitəsilə bir-birini görərək və eşidərək görüşə bilirlər. Beynəlxalq münasibətlərdə və ticarətdə görüntülü və ya görüntüsüz telefon və internet vasitəsilə müxtəlif növdə əqdlər bağlanır və çox mühüm məsələlər haqqında qərarlar verilir. Qeyd edilən bu kimi yeniliklər qarşısında evlənəcək cütlər şahidlərin də iştirakı ilə internet vasitəsilə görüşə bilir və nikah müqaviləsini bağlaya bilirlərsə, eyni zamanda bu nikah müqaviləsi qeydə alınırsa, sözügedən nikah müqaviləsi etibarlı olar. Ancaq bununla belə vurğulamaq lazımdır ki, rəsmi nikah olmadan dini nikahın kəsdirilməsi məqsədəmüvafiq deyildir. Çünki rəsmi nikah olmadan dini nikahın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də belə bir müqavilə etibarlı deyildir. Nikah müqaviləsi tərəflərə dini və hüquqi baxımdan müəyyən hüquq və öhdəliklər yükləyən bir müqavilədir. Ona görə də nikah ən mükəmməl şəkildə kəsilməli, onda hər hansı bir şübhəyə, nöqsanlığa və istismara yol verilməməlidir.
Sual: İki bayram arasında evlənmək olarmı?
Cavab: Bəzi yerlərdə Ramazan və Qurban bayramları nəzərdə tutularaq “iki bayram arasında toy etmək və ya nikah kəsdirmək olmaz” deyə bir anlayış var. Qeyd edək ki, bu anlayışın dini baxımdan heç bir əsası yoxdur. Belə ki, Həzrət Peyğəmbərimiz (s.ə.s) ilə Həzrət Aişə anamız iki bayram arasında olan şəvval ayında evlənmişlər. (Müslim, Nikah, 73) Odur ki, şərtlər və imkanlar əl verdiyi müddətdə ilin bütün günlərində nikah kəsilə və toy edilə bilər. Yəni nikah üçün müəyyən bir vaxt və saat yoxdur. Belə olan halda iki bayram arasında toy etməkdə və nikah kəsdirməkdə dinimizə görə hər hansı bir qəbahət yoxdur.
Sual: İslam dini gizli nikaha icazə verirmi?
Cavab: Tərəflərin şahidlərin hüzurunda iradə ifadə etmələrinə baxmayaraq ailələrindən və ətraflarındakı digər insanlardan gizlədərək bağladıqları nikah müqaviləsi “gizli nikah” adlanır. Belə müqavilə nikahda vacib olan elan etmə xüsusiyyətini daşımadığına görə dinin nikah və ailə həyatı ilə bağlı ümumi prinsiplərinə ziddir. Yalnız iki şahidin bildiyi bir nikah müqaviləsindən ailələr, qohumlar və qonşular xəbərdar olmadığı üçün bu, gizli bir müqavilə hesab olunur və elan etmək şərtini daşımadığı üçün etibarsız nikah sayılır. Bununla əlaqədar olaraq Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Nikahı elan edin!..” (İbn Macə, Nikah, 20) Başqa bir hədisi-şərifdə isə belə buyurulmuşdur: “Haram olan nikah ilə halal olanı ayırd edən dəf çalmaq və onu elan etməkdir”. (Tirmizi, Nikah, 6) Məhz bu məzmunlu hədisi-şəriflərdə Həzrət Peyğəmbər (s.ə.s) nikah müqaviləsinin həm elan edilməsinin (toy kimi məclis təşkil edilməsinin), həm də dolayısı ilə rəsmi qeydiyyatın olmasının vacibliyinə diqqət çəkmişdir.
ŞƏRHLƏR