44 GÜN, 44 AN

44 GÜN, 44 AN

Hadisələrin başlanğıc nöqtəsi olan, Tovuzdakı postlarımıza erməni hücumu zamanı tovuzluların və ətraf rayonların camaatının sərhədə yürüyüşünün başlaması ilə bir anda bütün Azərbaycan xalqı yumruq kimi birləşdi və düşmənə nifrət dağ kimi böyüdü. Əsgərini qardaş bilən, postda əsgəri ilə birgə vətənin keşiyini çəkən, səngər generalı, şəhadətiylə milli ruhumuzu canlandıran Polad Həşimovun şəhid edilməsi artıq səbir kasasını daşırmışdı...

44 gün davam edən bu şanlı Vətən müharibəsinin 44 unudulmaz anını bir daha sizinlə bölüşmək istədik:

- Düşmənin azğınlaşaraq yenidən torpaqlarımıza işğalçılıq niyyəti ilə hücum etməsi,

- Gecə yarısı yatağında qanına qəltan edilən günahsız vətəndaşlarımız,

- Hərbi komissarlıqlara axın edən qəhrəman vətən övladları,

- Cibinin, bəlkə də, son manatı ilə əsgər qardaşlarına corab, əlcək, sovqat alıb yollayan, aparan oğullarımız,

- Öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızlarımız,

- Türkiyədə həkim işləyən, əks-hücum əməliyyatlarının başlaması xəbəri ilə dərhal döyüş bölgəsinə yollanan həkimlərimiz,

- Eyni səngərdə döyüşən ata və oğullar,

- Oğlunun qəbrinə girib "oğlumla yatmaq istəyirəm, üstümü torpaqlayın" deyən ana,

- Bərdəyə raket düşəndə körpə qızının bağırsaqlarını yerdən toplayan ata,

- “Birdən gecə raket atarlar, ölümə hazırlıqsız yaxalanarıq”,- deyib gecələr paltarlı yatan xalqımız,

- Şəhid həyat yoldaşının cənazəsini çiynində daşıyan, şəhid qardaşını məzara endirən xanım,

- Oğlunun birini dəfn edib, qayıdanda o biri oğlunun nəşini qarşılayan ana, 

- Yaralı döyüş yoldaşını çiyninə alıb, bir əlində silahla döyüşərək irəliləyən əsgər,

- Planşet almaq üçün yığdığı pulu döyüşçü qardaşlarına göndərən vanlı İsranur,

- Oğlunun məzarı üstə: "Sən Xocalı qisası almısan, buna görə ağlamıram, oğul", - deyib məğrur dayanan ana,

- Son nəfəsində: "Təkcə qızım üçün darıxıram", - deyib şəhadətə qovuşan əsgər,

- Cərrahiyyə əməliyyatı zamanı keyləşdirici vurulmasına baxmayaraq, “AZƏRBAYCAN!” deyə hayqıran əsgər,  

- Oğlunun tabutunu xonça ilə qarşılayan, bəy otağından yola salan ana,

- Bütün xarici təzyiqləri dəf edərək, siyasi gücləri susduran Ali Baş Komandanımız,

- Döyüş yoldaşlarını qorumaq üçün yanlarına düşən qumbaranın üstünə atılan əsgər,

- Canından keçməyə hazır könüllü cəsur qadınlar, 

- Şuşa uğrunda döyüşdə yaralanıb son nəfəsində: "Axı niyə Şuşanı görə bilmədim mən? Ən böyük arzum idi",- deyən əsgər və onun cansız bədənini Şuşaya qədər özləriylə aparan döyüş yoldaşları, 

- Bütün çətinliklərə rəğmən canını hər dəqiqə təhlükəyə ataraq haqq səsimizi dünyaya çatdıran media nümayəndələri və şəhid jurnalistlərimiz, 

- Yırtıq ayaqqabıları ilə Asan xidmətə gələrək, bütün təqaüdünü əsgərlərə hədiyyə göndərən Hikmət baba,

- Oğlunun cənazəsi gələn yolu əyilib öpən və: "Südüm sənə halal olsun oğul",- deyən ana,

- “Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et!”- deyə telefonda nəvəsinə ruh verən nənə, 

- Türkiyə mediasına verdiyi müsahibəsində: “Biz qan görəndə qorxmuyoruz, naoborot qızışıyoruz”, - deyən gəncəli qardaşımız,

- Əməliyyatların başladığı ilk günlərdən etibarən cəbhədə mərmi partlayışları altında əsgərlərimiz üçün hər gün isti şorba qaynadan QHT-lər (GYF kimi təşkilatlar) və əməkdaşları,

- Oğlunun tabutunun qabağında gəlin gətirirmiş kimi qol qaldırıb oynayan ana,

- Ağır döyüşlərdən əvvəl mahnı oxuyaraq döyüş əhvali-ruhiyyəsi yaradan igidlər,

- Üz-gözü qan içində kameraya gülümsəyən yaşı kiçik, ürəyi böyük qəhrəmanlar,

- Günlərlə yuxusuz qalıb əsgər övladları üçün yemək hazırlayan analar,

- Erməni generalını boğaraq Polad Həşimovun qisasını alan əsgər,

- Anasının evdə hazırladığı kompotları qucağına yığıb, yol kənarında dayanan, yoldan keçən əsgərlərə paylayan balaca uşaqlar,

- Atasızlığı yenicə dadmış, şəhidlərimizin körpə balalarının məğrur duruşu,

- Market, aptek sahiblərinin hərbçilərdən pul götürməməsi, əsgərlər üçün “əsgər payı” adlı sovqat bağlamalarının piştaxtalara düzülməsi,

- Dəfələrlə qızına elçi göndərən, qızını o oğlana verməyən və həmin oğlanın qazi olduğunu eşidəndə: "Oğlana deyin, gəlsin, qız onundur", - deyən qız atası,

- Arazın o tayından qardaşları üçün dua edən, sanki əllərini uzadaraq yardım edən qardaşlarımız,

- Döyüş meydanında topçularımızın, siyasi meydanda siyasətçilərimizin cəsarətli duruşu,

- Əkiz qardaşların əkiz məzarı, 

- Xüsusi təyinatlılarımızın yazdığı dastan; bıçaqla, süngüylə, qol gücüylə azad edilən Şuşamız, 

- Şəhid oğlunun nəşi tapılsın, torpağa tapşıra bilsin deyə qurban deyən valideynlər,

- Əl-qolunu vətənə qurban verən, “Mən vətən üçün heç nə edə bilmədim”, - deyib, Şuşa sevincini xəstəxana pəncərəsindən insanları salamlayaraq yaşayan qəhrəman qazimiz,

- Havalar bir azca soyuyanda, yağış yağanda “əsgərim soyuqdadır, islanar”,- deyib, yatağında ilan kimi qıvrılan xalqımız...

Və nəhayət, yumruq kimi birləşmiş milyonlarla vətən övladı, haqq işimizdə bizə dəstək olan qardaş ölkələr…

 Vətən müharibəsində bunlara və sadalamadığımız bir çox məqama şahid olduq. Vətən müharibəsinin hər anı, hər saniyəsi bir qəhrəmanlıq salnaməsi olaraq şanlı tariximizdə öz yerini aldı.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz