İnsanlıq məsuliyyəti

İnsanlıq məsuliyyəti

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, biz Adəm övladlarını şərəfli və hörmətli elədik, suda və quruda onları daşıyacaq vasitələr nəsib etdik, (Adəm övladlarına cürbəcür nemətlərdən) ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik”. (əl-İsra, 70)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Dünyadayıqsa, yaşayırıqsa, deməli, böyük bir imtahan vəsiləsi ilə unutduğumuz, lakin bizə ilahi kəlamın dili ilə israrla anladılan qulluq əhdimizə sahib çıxmanın nəhəng məsuliyyəti ilə qarşı-qarşıya durmaqdayıq. Bu məsuliyyətin dəyərləndirmə ölçüsü məhz ilahi kəlamın dili ilə bizə belə bildirilməkdədir: “O gün nə mal-dövlət, nə də övlad bir fayda verər. Ancaq səlim (təmiz) bir qəlb ilə Allahın hüzuruna gələnlərdən başqa!”. (əş-Şuəra, 88-89)

İnsanlıq məsuliyyətinin ən önəmli vəzifəsi olan hər cür pisliklərdən arınmış, saflıq nuruna qərq olmuş səlim bir qəlbə sahib olma əndişəsi imtahan dünyasında keçən hər günümüzü, hər anımızı qəflətə yol vermədən ciddi şəkildə məşğul etməlidir. Dünyəvi məşğuliyyətlər üzündən xəstə düşmüş qəlbin mütləq şəkildə onun əlacını bilən kamil bir Haqq dostunun təmiz qəlb aynasında cilalanması lazımdır. Qəlb mütəxəssisi olan kamil insan xəstə qəlbin əlacını bilməkdədir. Çünki Allahın (c.c) izni ilə bu elm ona ehsan edilmişdir. Haqq yolçusunun xəstəliyi bəllidir və şəfası da vardır. Ruh sahibi yaradılışındakı kamal zirvəsinə çıxmaq üçün qəlbini arındırmazsa, nəfsin əsirinə çevrilər. Nəfsin insan vücuduna hakimliyi isə ruhun məhəbbətini dünya sevgisinə çevirər. İnsanda bu üzdən mal-dövlət, məqam və rütbə sevgisi meydana gələr. Əgər insan kamil bir Haqq dostunun sayəsində nəfsin əsarətindən qurtularsa,  qəlbində Allahın (c.c) məhəbbəti hasil olmağa başlayar. Kamil insanın verdiyi elmlə qəlb aynasında Haqqa məhəbbət nurları  parlayan kimsənin mənəvi aləmində dünya bütün çirkinliyi, axirət isə bütün gözəllikləri ilə görünməyə başlayar. Əbədi qurtuluş fürsətinin xoş sədalarını varlığında hiss edərək yaşayan bir əbədiyyət yolçusunun yüksəlişinə vəsilə olan Allah dostu ilə qəlb bərabərliyi, şükrünü ifa etməkdə tam aciz qaldığımız Rəbbimizin ecazkar lütflərindən biridir. Bu böyük lütfdən məhrum qalmaq da məhrumiyyətlərin ən böyüyüdür desək, yanılmarıq.

Zamanında Avropanın məşhur alimlərindən olan, riyaziyyat, fizika, mexanika, ədəbiyyat və dini elmlərin bilicisi kimi tanınan, Napoleonun fəxr etdiyi, Lev Tolstoyun ən ağıllı insan hesab etdiyi, Turgenevin isə pərəstiş etdiyi Blez Paskalın ilahi qədərin ona biçmiş olduğu 40 illik ömrünün sonuna yaxın elmi rütbələrin çoxluğuna rəğmən insanlıq məsuliyyətini tədris edən mərifət təhsilindən uzaq qalmasına işarə edən dünya görüşü hamımızı ciddi şəkildə düşündürməlidir. Blez Paskal deyirdi: “Mən, məni bu dünyaya kimin göndərdiyini bilmirəm. Nə bu dünyanı, nə də özümü anlamıram. Nə bədənim, nə hisslərim, nə də fikirlərimi ifadə edən orqanım haqqında bir bilgiyə sahib deyiləm. Ətrafımda kainatın qorxuducu və nəhəng əhatəsini hiss etməkdəyəm. Lakin mən bu ehtişamın bir küncünə sıxılaraq burada belə nə üçün olduğumun fərqində deyiləm. Hər tərəfdən sonsuzluğun məni bir qum dənəsi kimi əhatə etdiyini  hiss edirəm. Bir onu bilirəm ki, öləcəyəm, lakin bu ölüm haqqında da ən az məlumatlı olan elə mən özüməm”.

 Blez Paskalın bu dünya görüşü, zamanında həm onun, həm də dövrümüzdə hər birimizin kamil bir insan sərrafının könül tərbiyəsinə girərək  dünya və axirət səhnəsində bizdən tələb edilən qulluq məsuliyyətinin həqiqətinə bütün varlığımızla qucaq açmağımızın önəmini şiddətlə vurğulamaqdadır. Məruf Kərxi həzrətləri buyurur ki: “İnsanların ən bədbəxti nə üçün yaradıldığını və dünyaya nə üçün göndərildiyini bilmədən ölən kimsədir”.  Bu bədbəxtçiliyə uğramamaq naminə insanlıq məsuliyyətini Haqqın bizə bəxş etmiş olduğu İslam dininin bəşəriyyəti aydınladan bütövlüyündə, ziyasında axtarmağa təşviq edən Osman Nuri Topbaş əfəndi buyurur:

“Varlıqların ən şərəflisi insandır. İnsan nədən əşrəfi-məxluqatdır? İnsana məxluqatın şərəflisi deyilməsinin səbəbi nədir? Bütün sərmayəsi heçlikdən ibarət olan saysız-hesabsız məxluqatı yoxdan var edən, bizi heç bir əvəz ödəmədiyimiz halda bu qədər yaradılmışlar içərisində varlıqların ən şərəflisi vəsfində insan olaraq yaratma lütfkarlığına layiq edən, göndərdiyi hidayət rəhbəri kitablar və Peyğəmbərlərlə haqqa və xeyrə istiqamətləndirən, Peyğəmbər varisi alim və ariflər karvanı ilə mənəvi irşad silsiləsinin kəsintisiz davamını lütf edən və biz aciz qullarını imanın hüzuruna qovuşduran Allaha (c.c) sonsuz həmd-sənalar olsun. İnsanlığı imansızlıq və cəhalət qaranlıqlarından qurtarıb əbədi səadət nuruna qərq edən, dünyada tərbiyəçimiz, axirətdə isə şəfaətçimiz olan kainatın fəxri-əbədisi Hz. Muhamməd-Mustafaya, onun əhli-beytinə və əshabına sonsuz salətu-salam olsun! Amin!”          

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz