QƏBİR ZİYARƏTİ
Hz. Peyğəmbər (s.ə.s) hələ tövhid və qəza-qədər əqidəsinin yerləşmədiyi və cahiliyyə adətlərinin davam etdiyi dövrdə qəbir ziyarətini bir müddət qadağan etmiş, ancaq bunu daha sonra sərbəst buraxmışdır. Bir hədisdə belə buyurulur:
“Sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq qəbirləri ziyarət edə bilərsiniz”. (Müslim, Cənaiz 106, Ədahi 37; Əbu Davud, Cənaiz 77; Tirmizi, Cənaiz 60; Nəsai, Cənaiz, 100)
İslam dininin məqsədi tövhid əqidəsini (Allahı yeganə xaliq və müəssir bilib yalnız ona ibadət etməyi) ürəklərə yerləşdirmək idi. Əvvəllər Hz. Peyğəmbər (s.ə.s) bu səbəblə təhlükəli gördüyü qəbir ziyarətini qadağan etmişdi. Lakin tövhid əqidəsi qəlblərə yerləşib müsəlmanlar tərəfindən çox yaxşı anlaşıldıqdan sonra qəbir ziyarətinə icazə verilmişdir.
Qəbir ziyarətində həm sağ olanlar, həm də ölülər üçün faydalar vardır. Rəsulullah (s.ə.s) Məkkə səfəri əsnasında anası Əminənin qəbrini ziyarət edərək ağlamış, ona baxaraq ətrafındakılar da ağlamışdı. Bununla da qəbir ziyarətinin artıq qadağan olmadığını şəxsən öz davranışı ilə göstərmişdi. Qəbir ziyarətinin faydalarını İslam alimləri belə müəyyənləşdirmişlər:
-İnsana ölümü və axirəti xatırladar və axirət üçün ibrət götürməyə səbəb olar.
-İnsanı zöhd və təqvaya yönəldər. Həddindən artıq dünya ehtirasına və haram işləməyə mane olar. Adamı yaxşılıq etməyə sövq edər.
-Saleh kəslərin qəbirlərini, xüsusən də Hz. Peyğəmbərin (s.ə.s) qəbrini ziyarət etmək ruhlara rahatlıq verər və ülvi duyğuların meydana gəlməsinə kömək edər. Hz. Peyğəmbərin (s.ə.s) və Allahın vəli qullarının qəbirlərini ziyarət etmək üçün səfərə çıxmaq məndubdur. Bir hədisi-şərifdə: “Kim məni öldükdən sonra ziyarət etsə, sanki həyatda ikən ziyarət etmiş kimi olar”, (Təbərani, Əvsat; Heytəmi, Məcməuz-zəvaid 4/2) - buyurulmuşdur.
-Ziyarət etmək insanın keçmişi, dini, mədəniyyəti və tarixi ilə bağlarının güclənməsinə kömək edər.
Ziyarətin ölüyə faydasını alimlər belə müəyyənləşdirmişlər:
-Xüsusən ata-ana və digər qohum və dostların qəbirləri, ruhları üçün Allaha dua və istiğfar etmək məqsədi ilə ziyarət edilir. Ölülər adına edilən xeyir və həsənatın savabının onlara çatacağı səhih hədis və icma dəlili ilə sabitdir. Ölülər ziyarət edilərkən onların ruhları üçün Allaha dua edilir, Quran oxunur, edilən xeyir işlərin savabı bağışlanır. Qəbrin yanına ağac əkmək savabdır. Əkilən ağac və bitkinin ölünün ruhundan əzabın yüngülləşməsinə səbəb olacağına dair hədislər vardır.
Dua və istiğfarın ölülərin ruhları üçün faydalı olacağına bu ayeyi-kərimə də dəlalət edir: “Ey Rəbbimiz, bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı ürəyimizdə kin-küdurət buraxma!” (əl-Həşr,10) Bu mövzu ilə bağlı bir çox hədislər də mövcuddur.
Qəbirləri ziyarət etmə ədəbi və qaydaları belədir:
Ziyarətçi qəbiristanlığa çatanda üzünü məzarlara tutaraq Peyğəmbərimizin dediyi kimi belə salam verər: السَّلامُ عَلَيكُمْ أَهْل الدِّيارِ مِنَ المُؤْمِنِينَ والمُسْلِمِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ ، أَسْأَلُ اللَّه لَنَا وَلَكُمُ العافِيَةَ “Ey möminlər və müsəlmanlar diyarının əhalisi, sizlərə salam olsun. İnşallah, biz də sizə (qəbrə) qovuşacağıq! Allahdan bizə və sizə əfv diləyirəm”. (Müslim, Cənaiz 104; Nəsai, Cənaiz 103; İbn Macə, Cənaiz, 36)
Tirmizinin İbn Abbasdan rəvayət etdiyinə görə, Rəsulullah bir dəfə Mədinə qəbiristanlığına gəldi və onlar tərəfə dönərək belə dedi:
السَّلامُ عَلَيْكُمْ يا أَهْلَ القُبُورِ ، يَغْفِرُ اللَّهُ لَنا وَلَكُمْ ، أَنْتُم سَلَفُنا ونحْنُ بالأَثَرِ
“Ey qəbirlər əhalisi, sizə salam olsun! Allah bizi və sizi bağışlasın. Siz bizdən əvvəl getdiniz, biz də sizin ardınızdan (gələcəyik)”. ( Tirmizi, Cənaiz, 59) Bir kəs tanıdığı bir kimsənin qəbrinin başından keçərkən salam versə, ölü salamını alar və onu tanıyar. Tanımadığı bir kimsənin qəbrinin yanından keçərkən salam versə, ölü salamını alar.
Qəbir ziyarəti əsnasında məzarda namaz qılınmaz. Qəbir əsla məscid edilməz. Qəbrə tərəf durub namaz qılmaq məkruhdur. Qəbirlərə şam aparmaq və yandırmaq caiz deyil. Qəbrin üstündə oturmaq və məzarları tapdalamaq məkruhdur.
Qəbiristanlığın yaşıl ot və ağaclarını kəsmək məkruhdur. Qəbir yanında qurban kəsmək, Allah üçün kəsilsə belə, məkruhdur. Burada ölünün razılığını qazanmaq və ondan kömək istəmək üçün kəsilməsi qəti şəkildə haramdır. Bunun şirk olduğunu söyləyənlər də vardır. Çünki qurban kəsmək ibadətdir; ibadət isə təkcə Allaha məxsusdur. Qəbirlər Kəbə təvaf edilən kimi təvaf edilməz. Ölülərdən kömək istəmək və bunun üçün məzar daşlarına əski, dəsmal və ip bağlamaq heç kəsə fayda verməz. Şəfa məqsədi ilə qəbirlərə əl sürtmək və öpmək doğru deyil. Bəzi qəbir və türbələrin xəstəliklərə şəfa verdiyinə inanmaq və bunların daş, torpaq və ağaclarını müqəddəs saymaq İslamın tövhid əqidəsinə uyğun gəlmir.
Odur ki, qəbir ziyarətləri əsnasında dinimizin buyurduğu bu incəliklərə diqqət yetirmək, qəbirdəkilərin əfvi üçün dua etməklə kifayətlənmək lazımdır.
ŞƏRHLƏR