Türk dünyasının birlik sədası
Bu ifadələri hər dəfə eşitdiyimiz zaman, düşüncələrimizi ifadə edərkən cümlənin tərkib hissəsində istifadə etdiyimiz zaman damarlarında türk qanı axan hər bir kəsin çox fərqli həyəcan duyğuları yaşadığını deyə bilərik.
“Gücün birliyi, birliyin gücünə bağlılıq” fəlsəfəsini həyata keçirmənin astanasında olmanın verdiyi həyəcanı yaşadıqca gələcəyə daha ümidlə baxaraq, xüsusən xarici auditoriyalar tərəfindən sistematik olaraq məruz qaldığımız haqsızlıq, ədalətsizlik, istismar kimi hərəkətlərə gələcək zamanın yaxın dilimlərində son qoyulacağına doğru daha əmin addımlarla irəliləyə biləcəyik.
2 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə ilk olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə təsis edilən təşkilat 12 noyabr 2021-ci il tarixində İstanbulda təşkil edilən Türk cümhuriyyətlərinin dövlət başçılarının görüşündə qurum adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilərək, adı ilə amalını daha da birləşdirmə hədəfi ilə fəaliyyətini inamla davam etdirir.
Türk Dövlətləri Təşkilatının fəaliyyət çərçivəsi və hədəfləri ilə bağlı, əlbəttə, çox geniş fikir və təhlillər aparmaq mümkündür. Ancaq xüsusən 19-21 oktyabr 2022-ci il tarixlərində təşkilata üzv ölkələrin Müsəlman Dini Liderlərinin Şurasının Bakıda və Şuşada keçirilən toplantılarının mahiyyət və məzmunu təhlil edildikdə dil, din, mədəniyyət kimi təməl sütunlarımızın tək bir zəmin üzərinə qurulmuş olmasının nə qədər böyük bir güc və enerji ehtiva etdiyini açıqca ifadə etmək mümkündür. Zəngin tarix və mədəniyyət, sağlam inanc və mənəviyyatdan qidalanan insan resursları ilə bərabər hər cür maddi zənginliyin təşkil etdiyi geniş imkan ve perspektivlər Türk Birliyinin doğuşunu və onun meydana gətirdiyi gücü bütün dünyada istənilən səviyyədə göstərə bilmə qüdrətini labüd qılmalıdır.
Tariximizin, bəlkə də, ən çətin sınaqlarından biri olan, ancaq böyük fədakarlıq və qəhrəmanlıqlar göstərilərək ikinci Qarabağ müharibəsində qazanılan zəfərin sonrasında bütün dünyanın gözünün çevrildiyi bir coğrafiya olduq. Türk-İslam dünyasının çox vacib bir coğrafiyasını təşkil etməmiz səbəbilə müharibə öncəsi və sonrası heç də asan olmadı. Bu gün məhz bu inam və zəfərin təlqin etdiyi motivasiyanın sirayətidir ki, iç-içə keçmiş türk-islam dəyərləri öz sözünü daha mütəşəkkil formada deyə biləcək.
Türk Dövlətləri Təşkilatının 20 oktyabr 2022-ci il tarixində Şuşa şəhərində keçirilən yığıncağında müsəlman dini liderlərinin şurasının yaradılması və əsasnaməsinin təsdiq edilməsi tarixi bir hadisə idi. Toplantı sonunda üzv ölkələrin ortaq bəyanatındakı məqamlar bu təşəbbüsün nə qədər əhəmiyyətli məsələləri gündəmə gətirərək dünyada və Türk-İslam coğrafiyasında sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edəcəyini göstərməkdədir.
Bu tarixi addım ilə;
Ortaq din, tarix, dil, mədəniyyət və adət-ənənələri bölüşən türk dövlətləri və xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsi üçün qətiyyətli bir iradənin təsdiq edildiyi,
Dünyada sülhün və rifahın gücləndirilməsi üçün türk-islam mənəviyyatının və mədəniyyətinin zəngin potensialından istifadə edilməsi və onun dəyərlərinin yayılması istiqamətində ciddi səylərin göstəriləcəyi,
Təşkilata üzv ölkələrdə sosial, dini və mənəvi mühitin və din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əməkdaşlığın və əlaqələndirmənin möhkəmləndirilməsi üçün çalışılacağı,
Ən mühüm məqamlardan biri olaraq, Türk-İslam əxlaqının təhrif edilməsinin, xurafatların, digər dini və etnik qruplara qarşı mərhəmət və ədalətli davranan türk xalqları və müsəlman topluluqlar haqqında yanlış məlumatların yayılmasının qarşısının alınmağa çalışılacağı,
Ən aktual məsələlərdən biri olaraq da eyni zamanda dini təhsilin və milli özünüdərkin təkmilləşdirilməsi üçün birgə elmi və dini mərkəzlər yaratmaq, yetişməkdə olan yeni nəslə əsl mənəvi dəyərləri öyrətmək və onu gələcək nəsillərə çatdırmaq, tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadiləsinə, həmçinin dini təhsil müəssisələri arasında dini və elmi tədqiqatların inkişafına kömək edəcəklərinə dair məqamın olması son dərəcə diqqətçəkicidir. Bu gün ən çox üzərində durulması vacib olan bu xüsuslar həyata keçirilməsi üçün bütün səylərin birləşdirilməsinə ehtiyac duyulan məsələlər olaraq dəyərləndirilə bilər.
Dini ədəbiyyatın və tədqiqatların türk dillərinə tərcümə edilməsi və onların qanunvericiliyə və milli-ənənələrə uyğun təbliğində əməkdaşlıq edilməsi, müvafiq metodologiya və vasitələrin mübadiləsi və onların inkişafına yönəlmiş birgə təlim və seminarların keçirilməsi, İslam dininin elmi əsaslarının öyrənilməsi və türk dünyasının mədəni irsi ilə bağlı birgə konfranslar, simpoziumlar və digər tədbirlərin keçirilməsi, Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, xarici və zərərli təbliğatın, radikal cərəyanların, dini və irqi dözümsüzlük və siyasi məqsədlər üçün dindən sui-istifadə daxil olmaqla, hər hansı ideoloji təxribatın qarşısının alınması üçün birgə səylərin göstəriləcəyi kimi xüsuslar ortaq bəyanatın diqqət çəkən ən önəmli məqamlarını təşkil edir.
Müsəlman dini liderlerin zirvə boyunca keçirilən görüşlərdə səsləndirdikləri bütün fikirlərin yeganə məqsədə xidmət ediyini deyə bilərik: “Sağlam təməllərə söykənən Türk-İslam dəyərlərini qoruyub saxlayaraq gələcəyə əmin addımlarla irəliləmək”.
Tədbirin təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinin fikirləri də bu gerçəyi özlüyündə bütün təfsilatı ilə ehtiva etməkdədir:
“Bu gün dünyada insan həmrəyliyinə xidmət edən bəşəri ideyalara hər zamankından daha çox ehtiyac var. İslam dininə bağlı mənəvi birliyimizə və türk qardaşlığımıza əsaslanan həmrəyliyimiz təbii və sarsılmazdır. Bizim birliyimiz Uca Allahın buyurduğu ideallara, xalqlarımızın ümumi mədəni-mənəvi dəyərlərinə, dövlətlərimizin ortaq tarixi mənafelərinə xidmət edir. Biz dini liderlərin bir araya gələrək xalqlarımızın dini-mənəvi əlaqələrinin daha da dərinləşdirilməsi və möhkəmlənməsi naminə səylərimizi birləşdirməsində fayda vardır. Birliyimiz İslam dünyasına, türk birliyinə qarşı fitnə törədənlərin önündə güclü sipər, mənəvi qalxandır. Birliyimiz cəmiyyətlərimiz üçün möhkəm mənəvi təməl, gənc nəsil üçün gözəl örnəkdir. Məhz dövlət rəhbərlərimizin dəyərli səyləri biz dini liderlərin mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşməsinə təkan verdi. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Türk Dövlətləri Təşkilatının qədim Naxçıvan torpağında ilk Sammitinin təşəbbüskarı kimi tarixi əhəmiyyətli addımı ortaq tariximizdə hər zaman minnətdarlıqla xatırlanacaqdır. Türk Dövlətləri Birliyinin gerçəyə çevrilməsində böyük rolu olan Türk dünyasının ağsaqqalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını xüsusi qeyd etmək vacibdir. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin, Qazaxıstanın Prezidenti Kasım Jomart Tokayevin, Qırğızıstanın Prezidenti Sadır Japarovun, həmçinin Türkmənistanın Arkadağı Qurbanqulu Berdiməhəmmədovun və Prezident Sərdar Berdiməhəmmədovun Türk Dövlətləri Təşkilatı kimi qüdrətli birliyin reallığa çevrilməsində müstəsna rolları xüsusi dəyər kəsb edir”.
Belə bir tablo qarşısında deyə bilərik ki, Türk-İslam dəyərləri ilə yoğrulmuş bu müqəddəs torpaqların mənsubları olaraq bu vəhdətin gerçəkləşəcəyinə olan inancımız tamdır və böyük müjdənin gələcəyi o gün yaxındır.
ŞƏRHLƏR