BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي سَعِيدٍ الخُدْريِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يقُولُ: مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا ‌فَلْيُغَيِّرْهُ ‌بِيَدِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ، وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ

          Əbu Səid əl-Xudri (r.a) Rəsulullahdan (s.ə.s) belə eşitdiyini demişdir: “Kim bir pislik görərsə, onu əli ilə dəyişdirsin. Əgər əli ilə düzəltməyə gücü çatmazsa, dili ilə dəyişdirsin. Dili ilə dəyişdirməyə də gücü çatmazsa, qəlbi ilə düzəltməyə çalışsın. Bu, imanın ən zəif dərəcəsidir”. (Müslim, İman, 78)

            Yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək hər bir müsəlmanın vəzifəsidir. Qeyd etdiyimiz bu hədis ortaya çıxan pislikləri düzəldərkən müəyyən bir ardıcıllığa riayət olunmasını açıqlayır. İslam alimləri ümumi mənada pislikləri əl ilə düzəltməyin idarəçilərin, dil ilə düzəltməyin alimlərin, qəlb ilə düzəltməyin isə alim və idarəçi olmayan sıravi insanların vəzifəsi olduğunu bildirmişdirlər. Beləliklə, bu izahdan, mövqeyindən asılı olmayaraq hər bir müsəlmanın üzərinə düşən müəyyən vəzifələrin olduğu məlum olur.

            Müsəlmanlar yaxşılığı əmr edib pisliklərdən çəkindirmək üçün hər şeydən öncə İslamın tələb etdiyi vəzifələri yerinə yetirə biləcəkləri bir mühiti formalaşdırmalıdırlar. Çünki mühit və şərait olmadan müsəlmanın öz vəzifəsini yerinə yetirməsi çox çətindir. Yaxşılığı əmr edib pisliklərdən çəkindirmək vəzifəsini icra edənlər təbliğ etdiklərini ilk növbədə özləri yaşamalıdırlar. Bu mövqedə olan insanlar dediklərini ilk olaraq öz nəfslərinə yönləndirməli, sonra da bunu başqalarına çatdırmalıdırlar.

            Təbliğ vəzifəsini yerinə yetirən kimsə İslamın təbliğ metodlarını çox yaxşı bilməlidir. Nəzakət, xoş rəftar, yumşaq xasiyyət, mərhəmət kimi əsaslar bu kimsədə olması lazım olan xüsusiyyətlərdir. İmam Şafei (r.a) belə demişdir: “Din qardaşına təklikdə nəsihət edən kimsə ona həqiqətən nəsihət etmiş olar. İnsanların arasında edilən nəsihət isə din qardaşını alçaldar”.

            Bir pisliyi əl ilə dəyişdirmək ona birbaşa müdaxilə etmək deməkdir. Məsələn, haram olduğunu bildiyi halda içki içən kimsənin içki içdiyi qabı sındırmaq və ya atmaq, oğurlanmış bir malı sahibinə geri qaytarmaq kimi işlər buna nümunədir. Ancaq bunları edərkən daha da böyük bir pisliyə səbəb olmamaq lazımdır. Əgər bir pisliyi dəyişdirmək özünün və ya başqasının öldürülməsi kimi daha böyük bir fitnəyə səbəb olarsa, əl ilə deyil, dil ilə dəyişdirilməlidir. Belə halda sadəcə nəsihət etmək lazımdır. Əgər nəsihət etməyin də daha böyük fitnəyə səbəb olacağı ehtimalı varsa, qəlbi ilə o işi xoş görməməli və o şeydən nifrət etməli, düzəlməsi üçün dua etməlidir.  

            Nəticə olaraq, Allah Rəsulu (s.ə.s) bu hədisi ilə təbliğdə tədricilik metodunu çox gözəl bir üslubda diqqətimizə çatdırmışdır. Təbliğdə hədəfə çatmaq üçün izlənən bu yol ən doğru yoldur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz