Mədəniyyət paytaxtı Şuşa

Mədəniyyət paytaxtı Şuşa

Mədəniyyət sözünü etimoloji təhlil etsək, qarşımıza iki fikir çıxar: Latın dilində inşa etməyi, qurmağı, bəzəməyi, gözəlləşdirməyi ehtiva edən “Kultura/Cultura” və şəhər mənasına gələn “Mədinə/ المدينة”. İki fərqli coğrafiyadan bu iki məfhum məna etibarilə bir-birinə olduqca yaxın olsa da, məğz baxımından kəskin ayrılır.  Bizim üçün mədəniyyət birbaşa “Mədinə”yə aidlikdir. Nəticədə Mədinə şəhərləşmənin gözəlləşən, sənətə bürünən, insaniləşən, əxlaqiləşən, kamala çatan son halıdır. Şəhər və mədəniyyət a=a kimidir, aralarında fərq yoxdur.

Yığıcılıqdan əkinçiliyə və maldarlığa keçid mərhələsində insanlar çay və göl ətrafı, həmçinin açıq ərazidə nisbətən hündür yerlərdə özlərinə məskən salır, əkin yerlərini yaşayış məntəqəsindən kənarlaşdırır, orada nizam-intizam, kiçik idarəetmə sistemi yaradır, ibadətxanalar tikir, bir sözlə, yaşayış məkanını gözəlləşdirir və beləcə şəhərləşmə formalaşırdı. Qədim yaşayış məskənlərindən biri olan Azərbaycanın hər bir qütbünə doğru istiqamətlənilsə, hökmən qədim insan izi görmək mümkündür. Tarixi mərhələlərdən keçib günümüzə gələn şəhərlərdən “şəhər” sifətini qoruyub saxlayanlar var, məsələn xanlıqlar dövründə Şəki, Çar Rusiyası tərəfindən işğalınadək Gəncə və müstəqilliyin bərpasınadək Bakını (İçərişəhər) xüsusi vurğulamaq lazımdır. Ancaq bu şəhərlər tədricən salınan, sonralar kompleks halına gətirilən şəhərlərdir. Azərbaycan tarixində təkcə bir şəhər “şəhər” anlayışı üzərində inşa edilib ki, o da Şuşadır.

Şuşa xan şəhəridir. 1747-ci ildə Nadir şahın vəfatından sonra Pənahəli xan Cavanşir Qarabağ xanlığını yaradır. Əvvəlcə xanlığın mərkəzini Ağdama köçürür, lakin ora əlverişli olmadığı üçün 1750-ci ildə strateji mövqeyə və səfalı təbiətə malik Şuşakənd yaxınlığında qala divarı tikdirərək yeni şəhərin - Şuşanın əsasını qoyur. İlk mərhələsi 1752-ci ildə tamamlanan şəhər məhz xanın adı ilə Pənahabad adlandırılır, daha sonra adı şiş qayalar üstündəki şəhər görüntünüsə uyğun Şişə kimi hallanır və tədricən Şuşaya çevrilir. Xan şəhəri olmasının mənası xan rejimi ilə idarə olunması yox, xan/bəy zövqü ilə tərtib olunmasıdır, göz oxşamasıdır.

Şuşa aydın şəhəridir. Şəhər ən parlaq dövrünü 1763-cü ildən başlayaraq xanın oğlu İbrahimxəlil xanın dövründə yaşayır, çünki xan sarayları ilə yanaşı, insanlar üçün şəhərin harmoniyasına uyğun evlər tikilir, məhəllələr salınır, quruculuq işləri tamamlanır, elm və sənət adamları şəhərə dəvət edilir, onlar üçün hər cür imkan yaradılır, bir sözlə, şəhər halını alaraq mütəfəkkir yetişdirən məkana çevrilir. On yeddi məhəlləlik və XVIII əsrin II yarısından sonra qurulan Şuşa adlı-sanlı nəsillər - Cavanşirlər, Vəzirovlar, Ağayevlər, Köçərlilər, Hacıbəyovlar, Bədəlbəylilər, Qaryağdılar, Nərimanbəyovlar, Mehmandarovlar sülalələrinin şəhəridir.

Şuşa insan şəhəridir. Şuşada yaradılan  mədəni imkan bilavasitə insana təsir edir, beləliklə, Şuşada doğulan bir şuşalı şair və ya yazıçı, memar və ya rəssam, musiqiçi və ya muğam ifaçısı/xanəndə, aydın və ya arif istedadı ilə dünyaya gözlərini açır. Təsadüfi deyil ki, mədəniyyət mərkəzində XIX əsrin əvvəllərində mətbəə, muğam məktəbi, dövrün qabaqcıl tədris ocaqlarından Realnı məktəb, iki ədəbi məclis: Mir Möhsün Nəvvabın yaratdığı “Məclisi-fəramuşan”/“Məclisi-xamuşan” və Xurşidbanu Natəvanın “Məclisi-üns”, “Məclisi-xanəndə” adlı musiqi məclisləri var idi. Ümumilikdə 100-dən çox şair, 20-dən çox yazıçı, rəssam və memar, 30-dan çox musiqişünas, 10-larla alim, aydın və mütəfəkkirin şəhəri olub, Şuşa. Kimdir onlar? Onlar milli təfəkkürün formalaşmasında, Cümhuriyyətin quruculuğunda yaxından iştirak edən Ceyhun bəy Hacıbəyli, Nəriman bəy Nərimanbəyli, Əhməd bəy Ağaoğlu və onun qızı - Türkiyə Cümhuriyyətində ilk hüquqşünas vəkil Sürəyya xanımdır;  ədəbiyyatımıza zəngin nəsr mirası bəxş edən Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov və yazıçılığı ilə yanaşı, Cümhuriyyətin Türkiyədəki ilk səfiri Yusif Vəzir Çəmənzəminlidir; poeziyamızda özünəməxsus yerləri olan Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Nəcəfqulu bəy Şeydadır; Azərbaycan pedaqogikasının təməllərini atan Firudin bəy Köçərli, Fərhad Ağazadədir, Haşim bəy Vəzirovdur;  Şuşanın ecazkar təbiətindən fikrə qapılıb düşüncələri musiqi kimi səsləndirən onlarla musiqili əsərin müəllifləri Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, Rəşid Behbudovun atası - dövrün məşhur xanəndəsi Məcid Behbudovdur, himnimizin müəllifi Üzeyir bəy Hacıbəyovdur; yaddaşımızın yatdığı xalçaların son cəngavəri rəssam Lətif Kərimovdur; Şuşa ilə kifayətlənməyib Odessadan Aşqabadadək məscidləri incitək bəzəyən memar Səfixan Qarabağidir...

 Şuşa İslam şəhəridir. Hər şəhər bir fitrət üstünə inşa edilir. Şuşa şəhəri məhz İslam fitrətinə, İslam düşüncəsinə uyğun salınıb. Şəhəri mədəniyyətlə eyniləşdirən ən vacib xüsuslardan biri şəhərin özünəməxsus fikrinin olmasıdır. Bu baxımdan Şuşanın fikri, düşüncə dünyası müsəlman kimliyinə dairdir. Şəhərin əsasını qoyan da türk-müsəlmandır, orada yaşayan da, orada yazan, oxuyan, rəsm edən də, oranın memarlığını formalaşdıran şəxs də, memarı da türk-müsəlmandır. On yeddi məhəlləlik Şuşanın hər bir məhəlləsində məscid və mərkəzi bulaq, üç türbə və iki mədrəsə tikilmişdi. Şuşalı demək: “türk-müsəlman” demək idi...

Şuşa Qarabağda xanlıq dövründə ermənilərin yaşamadığı, Çar Rusiyası dövründə isə ilkin mərhələdə sadəcə rus hərbçilərin yaşadığı, daha sonra çar tərəfindən çox az sayda erməninin köçürüldüyü, amma nə qədər kilsə və kafedral tikib erməniləşdirməyə/xristianlaşdırmağa çalışsalar da, bacara bilmədikləri şəhərdir. 1847-ci ildə Ter-Akopyan tərəfindən rus pravoslav memarlığı dəst-xəttində Qazançı kilsə/kafedralı tikilməyə başlayır və 1888-ci ildə istifadəyə verilir. Uzun müddətə ərsəyə gəlməsinin səbəbi Şuşada bu kilsəni tikmək üçün nə rus, nə də erməninin olmaması idi. Kilsənin zəngini Şuşada heç bir usta düzəltməyib, Rusiyanın Tula şəhərində hazırlanıb, həmçinin işləmək üçün Qazançı kəndinə Culfadan ermənilər köçürülüb. Fəqət xristianlara nə qədər imtiyaz verilsə belə, Şuşanın mənəvi havasına yapışmayıblar.

Şuşa... Tarixindən yazılmalı olanda dayanmadan uzun-uzadı akademik cümlələr qura biləcəyin, yüzlərlə kitabı eşələyib topladığın bilgilərlə istədiyin qədər məqalə yaza biləcəyin, gözəlliyini şeirlə tərənnüm edəndə isə aləmdən uzaqlaşıb, sükuta qərq olub ürpəşmə içində misraları bir-birinin ardınca incitək düzdürən şəhər...

Şuşa... Memarlığından yazanda, çılpaq gözlərlə görməsən belə, foto və rəsmləri ilə ecazkarlığından insanı heyrətə salan, təsvirin föqəladə sənətə əksini, çalarların seçimi və rənglərin harmoniyasını, simmetriyanın izlənməsini, obyektin canlılığının nəzərə alınmasını müşahidə edən gözlərlə dərhal beyinə impulslar verərək sətirlərə yazdıran şəhər...

Şuşa... Şiş qayaların üstündə, soyuq təbiətin ağuşunda Günəş olub ətrafını isidən, buludların çıxardığı yanıqlı səslə udduğun bütün nəfəsi muğamatla yenidən təbiətə qaytaran, daş küçələrin arasında gəzişərkən göydən yerə qonan çiskinin müşayiəti ilə bihuş olan insanın biixtiyar dodaqlarından süzülən sözləri poetik məharətlə düzüb insanı şairə çevirən şəhər...

Şuşa... Mədəniyyətin son beşiyi, şəhərlərin fövqündə həqiqətən “şəhər” olan şəhər!..

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz