Ölümdə vüsala çatanlar
Bu dünya fanidir. Yalnız dünya deyil, Allahdan başqa hər şey fanidir. Fani olmayan yalnız Allahdır. Deməli, bu dünyada kimsə əbədi qalmayacaq. İstəsək də, istəməsək də, hər kəs yolçudur. Dönüş Allahadır.
Ölümdən və hesabdan qurtuluş yoxdur. Nə qədər yaşayırıq yaşayaq, bir gün mütləq öləcəyik. Kimi və nəyi seviriksə sevək, bir gün ayrılacağıq. Nə qədər malımız olursa olsun, bir gün itirəcəyik...
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!.” (əl-Ənkəbut, 57)
“De: Xəbəriniz olsun ki, o qaçıb durduğunuz ölüm, şübhəsiz ki, gəlib sizi yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi bir-bir xəbər verəcəkdir”. (əl-Cümə, 8)
Ayələrdə açıqca göstərilir ki, hər kəs öləcək və dönüş yalnız Allaha olacaqdır. Əcəl saatını dəyişdirmək mümkün deyildir. Ölümün çarəsi və dərmanı yoxdur. İlahi qanun belədir.
Bu dünyadan çox millətlər gəlib keçmişdir. Hər gələn mütləq getmişdir. Bəli, yaxşılar da getmiş, pislər də getmişdir. Ancaq getdikləri yer, əlbəttə, fərqlidir. Qurani-Kərimin bildirdiyinə görə: yaxşılar, heç şübhəsiz, cənnətdə; pislər isə cəhənnəmdədir.
Malına, mülkünə, vəzifəsinə, ordularına güvənib Allahı unudan necə sultanlar, dünyaya hökm edən hökmdarlar getdi. Allah deyənləri yandırmaq istəyən Nəmrudlar getdi. Allahın nurunu söndürmək, Allahın Rəsulunu öldürmək istəyən Əbu Cəhllər, Əbu Ləhəblər getdi. Xəstələrə dərman yazan həkimlər getdi. Gücsüzə zülm edən zalımlar getdi. “Mən sizin ən uca Rəbbinizəm” deyən fironlar getdi. Təkəbbüründən, “şalvarımın ütüsü pozular” deyə Allaha səcdə etməyən lovğalar getdi...
Bəli, mövqeyi və vəzifəsi, mal-mülkü, güc-qüvvəti nə olursa olsun, hər gələn getdi. Həqiqət budur! Vaxtı çatanları bir-bir yola salırıq. Sıra bizə də gələcək və bu, uzaq deyildir. Həzrət Mövlana ölüm ərəfəsində nə gözəl demişdir:
“Sevgilimdən içi zəhər (əcəl) dolu bir qədəh gəldi. Ondan gələn hər şeyi sevinclə, zövqlə qarşılayacağıq. Bu gün güzgünün üzərini örtən toz silinəcək və xəyal həqiqətə dönəcək. Ruh olaraq göylərin üzərinə çıxacaq, cisim olaraq yerin altına girəcəyik”.
Elə isə gəlin Allahın bizə əmanət olaraq verdiyi bu canı Onun yolunda sərf edək. Bunun ən gözəl yollarından biri şəhid olmağı istəmək və bu yolda çalışmaqdır. Şəhidlik müsəlmanın ölümüylə ibadət etməsidir. Bu ibadət insanı elə böyük bir məqama yüksəldər ki, bu məqamın bənzəri yoxdur. Ayeyi-kərimədə Uca Allah belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (əl-Bəqərə, 54)
Nə xoşbəxtdir o mömin ki, şəhid olmağı ürəkdən istəyir və bu yolda səy göstərir. Döyüş meydanında şəhid olmağı o qədər istəyir ki, yataqda uzanaraq ölməyi özünə ar bilir. Məhz elə bu yerdə Xalid bin Vəlidi xatırlamamaq mümkün deyil. İran və İraqın fəthində böyük xidmətləri olan, müsəlmanlar tərəfindən “Seyfullah” (Allahın qılıncı) olaraq anılan Xalid bin Vəlid.
Xalid bin Vəlid 642-ci ildə ölümcül xəstələnmişdi. Silahdaşları da yanındaydı. Vəfat edəcəyi ərəfədə qılıncını istədi. Qınından tutaraq onu şəfqətlə oxşadı. Sonra belə buyurdu:
“Necə qılınclar əlimdə parçalandı. Bu qılınc isə mənim ölümümü görəcək olan son qılıncımdır. Məni ən çox hüznləndirən şey, bütün həyatı hərb meydanlarında keçən Xalidin yataq şəraitində canını tapşırmasıdır. Ah Xalid! Şəhid ola bilməyən Xalid! Şəhidlik mərtəbəsi xaric əldə edə bilmədiyim heç bir məqam qalmadı. Bədənimdə qılınc yarası, ox yarası, mizraq yarası olmayan bir qarış belə yer yoxdur. Bütün ömrü boyu İslamı yaymaq üçün savaş meydanlarında at sürən kimsənin sonu rahat yataqdamı olacaq? Halbuki mən hər zaman hərb meydanında, atımın üzərində, düşmənə Allah üçün qılınc zərbəsi endirərkən şəhid olmağı gözlədim. Ah Xalid! Şəhid ola bilməyən Xalid!”
Hz. Xalid bir müddət susdu daha sonra: “Vəsiyyətimi bildirirəm, məni ayağa qaldırın!” - dedikdə, onu ayağa qaldırdılar. “Buraxın məni! İndiyə qədər əlimdə tutduğum qılıncım, qoy indi o məni tutsun, - deyərək qılıncına söykəndi. - Ölümü hərb meydanındaymış kimi ayaqüstə qarşılayacağam. Öldüyüm zaman atımı savaşda qorxmadan düşmənin üzərinə gedə bilən bir igidə verin! Agah olun, atım və qılıncımdan başqa bir şeyə sahib olmadan öləcəyəm. Qəbrimi bu qılıncla qazın! Qəhrəmanlar qılınc səsindən zövq alar”, - dedi və yatağına yıxıldı, kəlmeyi-şəhadət gətirərək vəfat etdi.
Uca Allah bizi ölümü Həzrət Mövlana kimi vüslət (Allaha qovuşmaq) anı olaraq görən, Xalid bin Vəlid kimi şəhid olmağı can-könüldən istəyən qullarından etsin!
ŞƏRHLƏR