MOBİL VARLIQLAR
Qapımın önündə yasəmən ağacları var. Beş yaşında olan yasəmənlər, güllər, salxım-salxım söyüd və qarağaclar yol boyu düzülüb insanlara cənnəti xatırladır.
Həzrət İbrahimin dörd yanını atəş bürümüş olsa da, özü gül bağçasında idi. Qapının önündəki cənnət guşəsi də Həzrət İbrahimin bağçası kimidir. Bağçanın hər tərəfini evlər, binalar, asfalt yol və dayanmadan şütüyən minlərlə maşının gurultu və dumanı sarıb. Bəzən bağça olar, İbrahim olmaz, bəzən də İbrahim olar, bağça olmaz. Mən İbrahimsiz bağçanı hər gün seyr edirəm. İbrahimi anlatmaq rahatdır, əlbəttə, amma İbrahim olmaq çətin.
Ağaclar məsumdur – insanlar kimi qəsdən zərər verməz. Ağaca çıxaraq yıxılan, yaralanan, ölən insanlar olur. Onları ağac atmadı ki! Ya ayağı sürüşdü, ya əli tutmadı, ya gözü qaraldı, ya da “bu budaq məni qaldırar” deyərək səhvə yol verdi. Şiddətli fırtına qopanda bəzən ağaclar aşır, budaqları qırılıb maşınların, insanların üstünə düşür. Fırtına ilə qırılan budaq, aşan ağac mərmi kimi uzağa getməz. Olduğu yerə düşər. Ağac və ya budaq bilərək insanlara, altındakı maşınlara ziyan verməz. İnsanlar maşınları onun altında saxladığı üçün üstünə düşər. Hansı insan altında dincəlmək, yaxud maşın saxlamaq üçün ağacdan icazə alır?..
Bir yay günü yasəmən ağaclarından birinin ən üstdəki budağının qırıldığını gördüm. Yasəmən ağacı küçədə dalaşıb əli-üzü qanamış, paltarı çırılmış halda evə qayıdan uşaq kimi idi. Uşaqdan tək fərqi səssizcə dayanması, ağlayıb sızlamaması idi.
Ağaclar və çiçəklər onları qıranlara, kəsənlərə, yandıranlara, susuz qoyanlara heç səslərini çıxartmaz, onları pisləməz, şikayətçi olmaz. Sanki onu öldürmək üçün əlini qaldıran qardaşına: “Sən məni öldürmək üçün əl qaldırsan da, and olsun ki, mən səni öldürmək üçün əl qaldıran deyiləm!” (əl-Maidə, 28) – deyən Habil kimi. Bəla və müsibət qarşısında ağac və çiçəklər kimi səssiz olmaq, şikayət etməmək lazımdır.
Ağaclar və çiçəklər onları sulayanlara, torpağını belləyənlərə, gübrə verənlərə, qulluq edənlərə qarşı minnət də duymaz. Neməti Allahdan bilər. Vasitəçini – səbəbi yox, səbəblərin səbəbkarı olan Allahı görər. Onlar “nə varlığa sevinirəm, nə darlığa ərinirəm” deyən gözütox dərvişlər kimidir. “Küfr və sapqınlıq xaric hər halımıza həmd olsun” sözünə uyğun həyatları var.
Budağı qırılan, yolunan yasəmənə baxıram. Yəqin ki, yoldan keçənlərdən biri edib. Göydən enənlərin yerdən çıxanlara qarşı belə bir vəhşilik törədəcəyinə inanmıram. Dünyada insandan daha vəhşi başqa bir məxluq varmı?!
Gecə-gündüz havanı təmizləyən, qarışqalara, böcəklərə qucaq açan, yoldan keçən insanların gözünü oxşayan bu ağacdan nə istədin, ey zalım və cahil insan?! Aləmlərin rəbbi olan Allah insanın zalım və cahil (əl-Əhzab, 72) olduğunu deyir. Mələklərin də insan haqqındakı fikirləri mənfidir: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!...” (əl-Bəqərə, 30)
Könül insanları deyir ki, bir yarpağı, otu belə gərəksiz yerə qopartma, qarışqanı belə incitmə! Ey zalım və cahil insan, bu boyda ağacdan nə istədin? Yoldan keçərkən sənin anana, bacına pis söz dedi? Yoxsa çörəyini əlindən almaq istədi? Əgər bir təqsiri varsa, bizə də bildir, budaqlarını qırmaq nədir, elə kökündən kəsərik! Yox əgər təqsiri yoxdursa, bu nə insafsızlıqdır?!
Yoldaşlardan biri qonşunun kamerasıyla bu işi törədən şəxsi tapmaq istədi. Tapılsa nə xeyri var? Bəzi insanlar var ki, cəhənnəm onların əlindədir, dilindədir, gözündədir. Belələri yeriyən cəhənnəm kimidir. “Mobil cəhənnəm” desək, yeridir. Bunun tərsi də doğrudur. İnsanlar da var ki, onların əlində, sözündə, gözündə, hər bir işində cənnət hiss olunur. Onlara da “mobil cənnət” deyə bilərik. Mələklər və şeytanlar mobildir. Axirətdə nə varsa, onun az da olsa bir bənzəri bu dünyamızda var. Bundan şübhəm yoxdur.
Yolun kənarında çörək istəmədən, su istəmədən hər zaman qiyam halında dayanan ağaclarımı qırdılar, sanki qolum-qanadım qırıldı. “İnsan sevdiyindən imtahan olunarmış”.
Kursun içindəki mələk tələbələrimə və evdə uşaqlarıma baxdım. “Durduğu yerdə, heç bir səbəb yox ikən ağaca bunu edənlər sizə nələr edər, aman diqqətli olun, Allah qorusun!” demək istədim. İnsana təlim keçmək, insana tərbiyə vermək aslanı alov halqasından tullandırmaqdan daha çətindir. Peyğəmbərlərin işi necə də çətin imiş. Həyatın hər sahəsində - yemək, içmək, yatmaq, danışmaq, ticarət... bütün sahələrdə insanı tərbiyə etməyə çalışıblar.
Mən müəlliməm; bir dərsin bir mövzusunu bir rübdə bir dəfə izah edənə və başa düşdüklərini görənə qədər canım çıxır. İnsanla məşğul olanların işi həqiqətən də çox ağırdır. Odun, dəmir, alüminium, mis, plastik çox rahat formaya salınır, bəs insan?
ŞƏRHLƏR