BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ

“Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları (təhlükəsi) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik”. (əz-Zuxruf, 43/33)

Bu ayeyi-kərimədə dünya nemətlərinin Allah-Təalanın yanında tamamilə dəyərsiz olduğu vurğulanmışdır. Allah-Təala fani imtahan dünyasında insanları qabiliyyət, mal-mülk, düşüncə və etiqad baxımından hamısı bir-birinə bənzəyən və eyni xüsusiyyətləri daşıyan olaraq yox, bir-birindən fərqli xüsusiyyətlərə malik şəkildə xəlq etmişdir. Çünki imtahan dünyasındakı nemətlərin Onun nəzdində heç bir dəyəri yoxdur. Necə ki, digər bir ayədə: “Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın!” (əl-Fatir, 35/5) - buyurularaq buna diqqət çəkilir. Həzrət Peyğəmbər (s.ə.s) möminin dünya neməti ilə imtahanı haqqında belə buyurmuşdur: “Məndən sonra dünya nemətləri və zinətlərinin qapısının üzünüzə açılıb onlara meyil etməyinizdən qorxuram”. (Buxari, Zəkat, 47) Bir çox hikmətə əsasən Uca Allah insanlardan kiminə zənginlik, kiminə kasıblıq, kiminə sağlamlıq, kiminə də xəstəlik vermişdir. Sevdiyi bəndələri üçün hazırladığı əbədi nemətlər isə bu dünyada yox, axirət yurdunda, yəni cənnətdədir.

Ayədə qeyd olunur ki, iman gətirməyənlər Allahın rəhmətinə nail olmağı mal-mülk sahibi olmağa bağlamaqla xəta edirlər. Əgər Allahın imtahan dünyasındakı bu nizamı olmasaydı, bütün insanlar sərvət sahibi olmaq baxımından bərabər olardılar. Belə olduğu təqdirdə, sırf kafirlərə dünya nemətləri verilsə, bütün insanlar küfrə, sırf möminlərə dünya nemətləri verilsə, onların hamısı imana yönələrdi. Halbuki Uca Allah insan iradəsinə müdaxilə etmədən onların öz iradələri ilə seçimlərini etmələrini istəyir. Ayədə vurğulanan digər bir xüsus da odur ki, cahil müşriklər peyğəmbərlik məqamının kasıb olması səbəbilə Həzrət Muhammədə (s.ə.s) verilməyib zəngin birinə verilməsinin daha uyğun olacağını zənn edirdilər. Beləcə, Uca Allah mal-mülkün Onun nəzdində heç bir önəmə sahib olmadığını, bütün bunların fani olduğunu və peyğəmbərliyi də dilədiyi kimsəyə bəxş etdiyini bəyan etmişdir.

Digər tərəfdən, ayədə Uca Allahın bu dünya üçün yaratdığı nizam olan Sünnətullaha (Allahın qoyduğu qayda-qanunlara) da işarə edilir. Belə ki, istər mömin olsun, istər kafir, kim dünya neməti üçün çalışıb çabalayarsa, Allah ona həmin nemətləri bəxş edər. Ancaq kim tənbəllik edərsə, o da bunlardan məhrum qalar. Yəni varlı və ya kasıb olmaq insanın inancı və ibadəti ilə mütənasib deyil, tamamilə o insanın əməlinə, bir də ki, Uca Allahın bunu diləməsinə bağlıdır. Buna görə də mömin kimsə bir tərəfdən dünya həyatını davam etdirə bilmək üçün çalışmalı, bir tərəfdən də dünya həyatının faniliyini nəzərə alaraq axirət üçün hazırlıq görməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz