Torpaq Xəyanət Etməz...
Torpaq əsildir, əslimizdir. Filosoflar varlığın əslinin hava və ya su və yaxud da atəş olduğunu söyləmişdirlər. Varlıqda bu dörd ünsürün hamısı mövcuddur. Torpağın bu ünsürlər arasında yeri haradadır?
Torpaq altdadır. Təvazökardır. Bu da torpağın daşıcı olduğunu göstərir. Torpağın üstündə su, suyun üstündə od,odun üstündə hava vardır. Hava hamısına yapışmış görünsə də torpaqsız varlığın mənası yoxdur.
Adəmin əsli torpaqdır. Bu gün elm adamları torpağın quruluşu ilə adamın quruluşunun eyni olduğunu sübut etmişdirlər. Bu səbəblə torpaqla insan arasında sarsılmaz bir bağ vardır.
Ayaq, əl və gözün torpaqdan ayrı düşməsi əzab həyatının başlaması deməkdir. Bir mənada səadətin qeyb olması torpaqla insanın bağının qoparılmasıdır. Şəhər mədəniyyətin abidələşmiş forması kimi görünsə də torpaqdan uzaqlaşmış bir şəhər fəlakətdir. Bir uşaq üçün torpaqla oynamaq, qarışqa ilə danışmaqdan daha ləzzətli nə ola bilər!?
Əkinçilik, mənim atamdır; atamındır.
Torpaq anadır. Ana yaradır, gizlədir və verir. Ana təmizdir, təmizləyicidir. Biz ondan meydana gəldik və onun bağrına dönəcəyik.
Torpaq Allahın ruzi vasitəsidir. Bütün ruzilər bizə torpağın əli ilə təqdim edilir. Ən məğrur bir varlıq hər zaman ən təvazökar bir şəkildə ayaqlarımızın altındadır. Torpaq həzm edər və səbr edər.
Torpağı sevmək özümüzü sevməkdir. Kimin torpağı hansı torpaqla qarışmışdırsa, o torpağı arayar. İnsan torpaqdır, torpaqlar kimidir. Hər torpağın dəyəri və fərqi eyni deyildir. Torpaq torpaqla müqyisə edilirmi? Qara torpaqla şoran torpaq kainatın nizamında bir bütövdür. Kim deyib ağ irq qara irqdən üstündür. Bu gün ağ dərili adam qara torpağı ağ torpağa daşımaqda, ya da qara torpağa daşınmaqdadır. Bunun adı bəzən Qarabağ olur, bəzən Fələstin. Torpaqdan ayrılıq anadan ayrılıqdır.
Mədəniyyət torpağın üstündə şəhərləşir. İnsan ruhunun əksi olan şəhərlər torpağın rəngindədir. Şəhər yaşayan insanla hətta ölmüş insanlarla torpaq arasında bir damardır. Şəhərdən qoparılmış insan, damarları kəsilmiş baş kimidir.
Torpaq Qarabağdır.
Laçın damar...
Şuşa damar...
Ağdam damar...
Xankəndi damar...
Kəlbəcər damar...
Zəngilan damar...
Qubadlı damar...
Füzuli damar...
Ağdərə damar...
Torpaq canlıdır, candır, Azərbaycandır, azərbaycanlıdır.
Kəbə, Hacərül-əsvəd torpaqdır. O qara daş ki, Allahın yer üzündəki birliyinin simvoludur. Qüdsdəki Peyğəmbərimizin Meraca çıxarkən ayağını basdığı "Qaya" da torpaqdır.
Məkkədəki qara daş, Qüdsdəki qaya ekiz qardaşdır. Onlar bizimdir, bizim qardaşlarımızdır. Çünki biz Məkkəliyik, Qüdslüyük.
Torpaqdan yalnız bir məqsəd üçün ayrılmağa dəyər. O da, Allahın iradəsini başqa torpaqlara daşıma məqsədi. Bu məqsədlə yola çıxan yolçu getdiyi yerə nə torpağı götürür, nə də doğulduğu yerə torpağı daşıyır. Müqəddəsin yolçusu torpağa da daşınmaz. O bilir ki, dünya tək rəng olacaq qədər əbəs olmamalı.
Torpaq axirətin qapısıdır. Torpağın qucağı... Dünya ilə axirət həyat arasında körpü... yüksəldilmiş məzar... Başında baş daşı... Boynunu bükmüş qalanlar həyatın şirin tərəfindən tutmuş torpağın bitirdiyi otların üstündə əsillərini düşünürlər. Torpağa dönüşlərini... Bütün dostların yalnız buraxdıqları, ancaq tək dost torpağın olduğu bir anı bitirmək... Rəsmli və saxta çiçəkli qəbr daşlarının arasında mərmərin soyuqluğuna inad torpağa yapışan əl, torpaqla barışan göz, torpağa alışan könül yolçuluk haraya deyə soruşar: Yolçuluq haraya...
Torpağı sevəriksə torpaq əsla xəyanət etməz. Ona nə əkəriksə, onu da biçərik.
"Padşah ömrünün axırında gəncləri hüzuruna çağıraraq demiş ki,
“Gənclər, mən yaşa doldum, artıq ölkəni sizə əmanət etmək istəyirəm. Yalnız hamınızın padşah olması mümkün deyil. Aranızdan biri padşah olacaq. Ancaq bir imtahandan sonra... İndi hamınıza içində kiçik toxumlar olan bir ovuc torpaq verirəm hər kəs bir il içində verdiyim toxumları yetişdirsin. Qarşıdan gələn il eyni mövsümdə görüşmək ümidilə. Indi gedin.
Bir il keçdikdən sonra gənclər qucaqlarında içində güllər olan gül qablarıyla gəlmişlər. Padşah hamısına bir-bir baxmış. Bütün gənclər padşah olmağın həyəcanı içərisində idilər. Padşah gül qabında heç bitki olmayan gəncin önündə durmuş və soruşmuş.
"Ey cavan! Sənin gül qabında nə üçün heç bir şey yox." Gənc özündən əmin tox bir səslə belə demiş.
"Padşahım! Mənim gül qabımda çox mühüm bir şey var: Torpaq."
Padşah bu cavaba çox sevinmiş və bu gənci özündən sonra padşah təyin etmiş.
Əslində padşahın bütün gənclərə verdiyi bir ovuc torpağın içində heç bir toxum yoxmuş.
Dediyimiz kimi nə əkəriksə, onu da biçərik.
Torpaq əsla xəyanət etməz.
ŞƏRHLƏR