Müstəqillikdən Sonra Azərbaycanda Dini Tərəqqi
Xalqımızın, tarixin hər bir dövründə özünəməxsus həyat və yaşayış tərzi onu öz mükəmməlliyi ilə digər xalqlardan həmişə fərqləndirmişdir. Başqa dünya dövlətlərinin çoxşaxəli mənfi təsirlərinə məruz qalmamaqla yanaşı ölkəmiz öz vahidliyini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa və bu irsi gənc nəslə olduğu kimi çatdırmağa müvəffəq olmuşdur. Milli mənəviyyatımızın inkişafına eyni zamanda dinin də öz təsirini göstərdiyini qeyd etməmək haqsızlıq olardı.
Bəşəriyyət yarandığı dövrdən etibarən tarixə dinlər, təriqətlər bəxş edilmiş, insanlıq tarixi çox zaman əslində sosial-ictimai əsaslara dayansa da dinlər texnoloji baxışlar mübarizəsindən ibarət olmuşdur. Bir sözlə din, uzun əsrlər boyu bəşəriyyətin ictimai həyatının ayrılmaz hissəsi olmuşdur. Həqiqətən bu gün də din, Qərbdən tutmuş Şərqədək bütün meridianlarda ən təsirli amillərdən biridir.
Çox sevindirici haldır ki, xalqımızın keşməkeşli tarixində bir çox müxtəlif dinlər mövcud olsa da xalqımız bu batil inancların ürpərdici missiyalarına uymayaraq qəbilələrə bölünməyə və bu qəbilələr arasında baş verən dini zəminli çaxnaşmalara məruz qalmamışdır.
Müstəqillikdən əvvəl Azərbaycanda dini inkişaf, demək olar ki, yox səviyyədə idi. Müstəqillikdən sonra isə ölkəmizdə bütün sahələrdə olduğu kimi dini mühitdə də böyük canlanma və islahatlar baş verdi. Daha öncə xalqın şüurunda İslamın milli bir simvol və ya sadəcə adət-ənənə kimi formalaşdığını görürük. Halbuki İslamı digər din və əqidələrdən qabarıq şəkildə fərqləndirən onun ağıl və məntiq, elm dini olduğunu sübut edən təkcə adət-ənənələrdən fərqli olaraq həm tarixi baxımdan, həm də günümüzlə ayaqlaşan özünəməxsus mənəvi dəyərlərin olmasıdır.
Bu dəyərlər müstəqillikdən sonra sanki əvvəllər öz mahiyyətini itirmiş kimi xalq tərəfindən böyük rəğbətlə mənimsənilmişdir. Bunu dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyət, o cümlədən din və vicdan azadlığı haqqında qanunun qəbul edilməsi, xalqımıza İslamı olduğu kimi öyrənməklə yanaşı onu yaşamağa da imkan tapması sübut edir. Biz bunu müstəqillik əldə etdikdən sonra qazandığımız bir uğur kimi qəbul etməliyik. Belə ki:
XX əsrin sonunda Sovetlər ittifaqının yıxılması ilə dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da siyasi və ictimai şərait əsaslı bir şəkildə dəyişdi, dini sahəyə təmayüllər artmağa başladı. 1918-20-ci illərdə cəmi 23 ay müddətində fəaliyyət göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin davamçısı olan Azərbaycan Respublikası öz tarixi mədəniyyətinə, adət və ənənələrinə yenidən sahib oldu və dinin intibah dövrü başladı.
20 avqust 1992- ci ildə Dini Etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanunu qəbul edildi. 31 maddədən ibarət olan bu qanunda ölkə daxilində hər hansı bir dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibət ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququ verilir. Müstəqil Azərbaycan Respublikasının yenidən yaranması ilə Azərbaycanda dini sahədə xeyli irəliləyişlər baş verdi. Müxtəlif qəzet və jurnallar milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, dini adət-ənənələrimizin itirilməməsinə işıq tutdular. Əlinizdə tutduğunuz jurnal da məhz bu cür vasitələrdən biridir.
Nəticə etibarilə müstəqillikdən sonra dini cərəyanlar inkişaf etdikcə yeni-yeni cəmiyyətlər də inkişaf etdi. Son olaraq Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşəbbüsü ilə Bakıda keçirilən İslam Konfransı Təşkilatı Gənclər Formu (İKTGF) əhalinin, ilk növbədə cəmiyyətin gələcəyi hesab edilən gənclərin yad dini təsirlərdən qorunması, İslamın ona daxil olmuş yad dini elementlərdən təmizlənməsi, ölkəmizə qarşı aparıla biləcək ideoloji təxribatların qarşısının alınması, eyni zamanda Azərbaycanda İslam-ictimai fikrinin formalaşdırılmasını məqsədə uyğun hesab edərək Azərbaycanda islam dininin inkişafına dəstək vermişdir.
ŞƏRHLƏR