Insan

Biz Adəm oğullarını üstün və şərəfli etdik, quruda və dənizdə onları daşıdıq, onlara pak  ruzilər verdik və onları yaratdıqlarımızın bir çoxundan fəzilətli etdik. (İsra surəsi, 17/70)

Allah Təala bu ayədə insanlara onları digər bütün canlıların və hətta mələklərin üzərinə çıxaran bir düşünmə qabiliyyəti bəxş etdiyini bildirərək onların fərqləndirici xüsusiyyətinə diqqət çəkmişdir. İnsan, mənliyinin şüurunda olan bir varlıqdır. Özünü dərk edə bilmə qabiliyyətinə sahib olan yeganə canlı varlıqdır. Buna görə də insan özünü incələyərək bir nəticə çıxara bilər və bu nəticəyə görə özünü dəyişdirə bilər.

Filosoflardan biri belə deyir: "Düşüncəm dünyanın dörd tərəfini gəzdi dolaşdı, insan üçün öz "mən"indən daha qiymətli bir şey görmədi. Madam ki, hamımız üçün ən mühüm şey öz mənliyimizdir, o zaman başqalarının da mənliyinə özümüzünkü qədər hörmət etməliyik".

İnsan məfhumu digər bütün məfhumların mərkəz nöqtəsidir. Buna görə də insanın insan haqqındakı görüşü və ya insanın özünə baxışı onun digər bütün qənaət və görüşlərini əsaslandırmaqda və onlara dərindən təsir etməkdədir. Digər bütün problemlərin həlli insanın öz- özünü həll etməsinə bağlıdır. Çünki insan öz-özünə verdiyi dəyərə görə digər məsələləri həll etməkdə və onlara qiymət verməkdədir. Insan nə olduğunu bilmədə diqqətli olmalı, yaxşı tərəfini də pis tərəfini də, eyni həssaslıqla ortaya çıxarmalıdır. Yəni, sadəcə yaxşı tərəfini ortaya çıxarmaqla kifayətlənib özünü aldatmamalıdır. Əksinə, hər keçən gün daha yaxşı xüsusiyyətlər qazanmalıdır. Bir hind atalar sözündə deyildiyi kimi “başqalarından üstün olmamız əhəmiyyətli deyildir, əsas olan dünənki halımızdan üstün olmağımızdır".

İnsan həyatının ən böyük problemi "insan" problemidir. Müasir insan üçün əsas problem insanın özüdür. İnsanın şüurlu, məntiqli, seçmə qabiliyyətinə sahib, dürüst və əxlaqi davranışlara malik olması lazımdır. Çünki insan tələskəndir, çox tamahkardır, çox da xəsisdir, hər şeydən əvvəl Rəbbinə qarşı çox nankordur və özü də buna şahiddir. Ancaq o özünü dəyişdirməzsə Allah onu dəyişdirməz: "...Həqiqətən, hər hansı bir cəmiyyət özündəki (səciyyəvi xüsusiyyətləri) dəyişdirmədikcə Allah onlardakı (bu xüsusiyyətləri) dəyişdirməz..." (Rəd surəsi 13/11). Belə olduğu təqdirdə insan bütün bu pis xislətlərdən necə qurtulmalıdır? Allah Təala bütün bunlardan xilas olmaq üçün insanın təqvalı olmasını istəmişdir: "...Allah qatında sizin ən şərəfliniz ən təqvalınızdır..." (Hucurat 49/13). Nədir təqva? Əxlaqi davranışlardakı tarazlığa Qur`an təqva adını vermişdir. Başqa cür tərif etsək "təqva, Allahın qoymuş olduğu sərhədləri aşmamaqdır."

Bugünün insanı, insanı formalaşdırma baxımından hər çağın insanından daha çox "gücü çatan"dır. Ancaq özündən əvvəlki hər dövrün insanından, insana necə bir "şəkil" verəcəyi haqqında daha az şey "bilən"dir. Bugünün insanı istədiyi şəkildə bir həyat sürə bilər, amma "necə" yaşadığını bilməz, çünki "nə üçün" yaşadığını bilmir. Allahı xatırlama, həyatın mənası və qayəsi deməkdirsə, eyni zamanda Allahın insan şüurundan silinməsi də insan həyatındakı məna və amalın yox edilməsi deməkdir.

Allahı unutmaq istər fərdi, istərsə də ictimai mənada insan şəxsiyyətini yox edər. Çünki, yalnız Allahı xatırlamaq insan şəxsiyyətini gücləndirə bilər. Arayış içindəki insan, Allaha təslimiyyətdən üz çevirdiyi zaman daxili aləmindəki boşluq onu başqalarının iradələrinə tabe olmağa aparar. Allaha təslimiyyət  digər insanların iradəsinə qarşı müstəqillik deməkdir. İslamın yetişdirmək istədiyi də məhz belə kamil insandır. Dürüst və yaxşı davranış sahibi olan insanı yetişdirmək İslamın əsas hədəflərindəndir.

İnsan özü olmadan özünü dərk edə bilməz. Özünü dərk etmədən də özünü tanıya bilməz. Özünə hakim olmadan və özünü tanımadan insani xüsusiyyətləri əldə edə bilməz. İslam insanın özünə dönməsini, özünü tanımasını və pisliklərə qarşı mübarizəsini daxili aləmində də aparmasını istəməkdədir.  Bir insan ancaq özünü ifadə etdiyi və içindəki gücləri hərəkətə keçirdiyi təqdirdə özü olacaqdır. Əgər insan bunu edə bilməsə və "olmaq"dan çox "sahib olma"ğa can atsa o zaman özü olmaqdan çıxar. Həyat onun üçün mənasız hala gələr və bir kədər qaynağı olar. İnsan kamil olmadıqca heç bir şey kamil olmaz. İnsan kamil olarsa etdiyi hər iş də mükəmməl olar. Şəxsiyyətli insan mənliyini tanıyan, sadəcə şəxsi mənfəətləri ardınca qaçmayan, xəsislikdən uzaq, digər insanlara yuxarıdan baxmayan və yaşadığı cəmiyyətə şüurlu bir şəkildə uyğunlaşan insandır. Sözlərimə məşhur islam mütəfəkkiri Məhəmməd İqbalın bu misraları ilə son verirəm. Mənliyini elə ucalt ki, Allah qədərinin təyinində onu önə qoysun.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz