Sirli Dünya
Bu dünyanın əvvəli yox, sonu yox,
Dərdi böyük dərmanı az dünyadır.
Sirri bilən sirdaşından xəbər yox,
Ağır yüklü min əzablı dünyadır.
İnsan deyil, ağarmayıbdır başı,
Xəbər verməyibdir torpağı, daşı
Soraq verən yoxdur neçədir yaşı
Əvvəli yox, axırı yox dünyadır.
Çox dolubdur, boşalıbdır göyləri,
Aparıb özüylə neçə elləri.
Nə üçün bölünüb dünya dilləri,
Özü sirli açanı yox dünyadır.
Çoxlarını gətiribdir qoynuna,
Tez də atıb o dünyanın boynuna.
Bir yazıdır, Allah yazıb alnına,
Həm ağladan,
Həm güldürən dünyadır.
ŞƏRHLƏR